Günel Fərhadqızı: "Bu məbləğdə yatırımın olacağını şərtləndirən nə iqtisadi, nə də siyasi vəziyyət var"
Ermənistan prezidenti Serj Sarkisyan ölkəsində güya əlverişli investisiya mühitinin olmasından danışıb. O bildirib ki, məhz bunun nəticəsidir ki, Ermənistan yaxın zamanlarda ölkəyə 3 milyardlıq investisiya cəlb etməyi düşünür.
Ermənistan prezidentinin bu vədi doğru çıxa bilərmi?
Ekspert Günel Fərhadqızı qəzetimizə bildirdi ki, Sarkisyanın səsləndirdiyi bu bəyanatın bundan əvvəlkilər kimi heç bir iqtisadi əsası yoxdur:
" Hətta Ermənistan hökumətinin mövqeyindən çıxış edən dövlət statistika idarəsi Ermənistanda real iqtisadi sahəyə qoyulan xarici investisiyanın ümumilikdə illərlə müqayisədə azaldığını bildirir. Dövlət qurumu bunu belə etiraf edirsə, demək, vəziyyət onların sənədlərində öz əksini tapanlardan qat-qat pisdir. Ermənistanda investisiya qoyuluşu sahəsində böhranlı vəziyyət yaranmasaydı, erməni eksperti belə ciddi təşvişə düşməzdi.
Görünür, ölkəni ağır məhrumiyyətlərə düçar edən Serj Sarkisyan xalqı indi də bu yolla aldatmaq istəyir.
Çünki Serj Sarkisyanın prezidentliyi dövründə ölkədə korrupsiya, məmur özbaşınalığı daha da artıb. Bu vəziyyət investisiya sahəsinə də təsirsiz ötüşməyib. Serj Sarkisyanın yenidən prezident seçildiyini görən xarici sərmayədarlar kütləvi şəkildə ölkəni tərk etməyi qərara aldılar.
Ermənistan rəsmlərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi, ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amildir.
Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə qoymaqda çəkinirlər. Dövlət rəsmlərinin vədlərinə inanaraq onların toruna düşən erməni mənşəli xarici iş adamları da Ermənistanda qarşılaşdıqları korrupsiya hallarından, hərc-mərclikdən cana doyaraq bu ölkəni tərk etməyi qərara alırlar. Belə vəziyyətdə Sarkisyanın 3 milyardlıq investisiyaya ümid etməsi absurd görünür. Bu məbləğdə yatırımın olacağını şərtləndirən nə iqtisadi, nə də siyasi vəziyyət var. Bunu da Sarkisyanın Ermənistana sırıdığı növbəti yalan kimi qəbul edək".
Məhəmmədəli QƏRİBLİ