Qabil Hüseynli: "Rusiya bununla prosesdən kənarda qalmadığını bildirmək istəyir"
Ermənistan prezidenti Serj Sarkisyan "Ermənistan" televiziyasının "R-Təkamül" proqramına müsahibəsində Rusiya silahının Azərbaycana satılmasını şərh edərək bildirib ki, Rusiya buna görə cavab verməlidir:
"Bu, Ermənistan-Rusiya dostluğu, Ermənistan-Rusiya hərbi əməkdaşlığı, ümumilikdə bizim əlaqələrimizdə ən ağrılı problemdir. Bu məsələ çox şeyə kölgə salır. Lakin digər tərəfdən mövcud şərait anlayışı var. Ola bilsin ki, bu vəziyyət bizim üçün yolverilməzdir, amma onlar üçün yolveriləndir. Hələlik ciddi nəsə baş verməyib. Nə vaxtsa bunun ciddi nəticələri olsa, onda ittiham etmək olar. Bunun ciddi nəticələri olmasa, onda biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün apardığı uzunmüddətli siyasət kimi dəyərləndirməliyik".
Sarkisyan eyni zamanda qeyd edib ki, heç vaxt Moskvanın rəsmi cavabını eşitməyib və hesab edir ki, Rusiya Ermənistana cavab verməlidir: "Rusiya siyasətçisi və ya analitik və ya hər hansı bir vəzifəli şəxs nəsə deyirsə, bu, Rusiya tərəfinin cavabı olması anlamına gəlmir. Rusiya tərəfindən prezident, XİN rəhbəri bunu cavablandırmalıdır. Rəsmi cavab olmalıdır".
Rusiyanın vasitəçiliyilə keçiriləcək görüşdən hansı nəticəni gözləmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, əslində, Rusiya bu məqamda görüş təşkil etməklə prosesə mane olmağa çalışır: "Rusiyanın problemin həllinə təsir etmək üçün əlində kifayət qədər rıçaqı var. Ən başlıcası isə budur ki, həmin ölkə Minsk Qrupunun həmsədridir və həmin mandatı çərçivəsində Ermənistana heç bir təzyiq etməyib. İndiki məqamda Rusiyanın belə canfəşanlıq etməsi də təsadüfi deyil. Rusiya münaqişənin həlli istiqamətində ATƏT və ABŞ-ın fəallaşdığını görür. Buna görə də həmin fəallıqdakı dinamikanı aşağı salmaq istəyir. Biz münaqişənin tarixi boyunca Rusiyadan yalnız belə hərəkətləri görmüşük. Görüşün təşkilinə şübhə ola bilməz. Çünki Azərbaycan danışıqlar prosesinə hər zaman hazır olduğunu deyir. Ermənistan isə Rusiyanın çaldığı hava ilə oynayır. Görüşdən imtina edə bilməz. Hansısa nəticənin əldə olunacağına isə qəti inanmıram. Çünki bunun üçün ortada razılaşdırılmış hansısa sənəd yoxdur. Rusiya bununla prosesdən kənarda qalmadığını bildirmək istəyir. Başqa bir yenilik gözlənilmir. Şimal qonşumuz MDB məkanında olan münaqişələrdən təzyiq vasitəsi kimi istifadə edir. Dağlıq Qarabağ münaqişəsi də onun tərkib hissəsidir. Biz bir dəfə də olsun Rusiyanın bu münaqişəyə beynəlxalq hüquq normaları prizmasından yanaşdığını görmədik. Bilir ki, həmin hüquq Azərbaycana tərəfdir. Belə ölkə vasitəçilikdə səmimi ola bilməz".
Məhəmmədəli QƏRİBLİ