Yeganə Hacıyeva: "Dağlıq Qarabağın separatçı rejiminin tərəf kimi danışıqlarda iştirakı isə ümumiyyətlə müzakirə obyekti ola bilməz"
Serj Sarkisyan "Ermənistan" telekanalının "R-Təkamül" proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da istifadə edib. Sarkisyan heç bir variantda geri çəkilməyəcəklərini bildirib: "Biz davamlı olaraq güzəştlər haqda danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik".
O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, "öz müqəddəratını təyin etmə" prinsipini əsas götürürlər.
"İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın (qondarma "DQR" rejimi - red.) iştirak etməsi məcburidir", - deyə Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli sürüb.
Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər. Sarkisyanın bu ritorikası nəyə hesablana bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Sarkisyanın səsləndirdiyi şərtləri Ermənistan daim irəli sürüb: "Bu şərtlər təbii ki, heç bir halda müzakirə mövzusu ola bilməz. Bilirsiniz ki, Azərbaycan tərəfi bununla bağlı daim münasibətini açıqlayıb. Xalqların müqəddəratının təyini ərazi bütövlüyünü pozmağa səbəb ola bilməz. Azərbaycan ən ali səviyyədə bəyan edib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək status verməyə hazırdır. Bu bizdən gələn ən böyük kompromisdir. Ancaq, göründüyü kimi, Sarkisyan heç bir kompromisə hazır olmadığını bəyan edir. Bu şərtlərin üzərində möhkəm dayanmaq o anlama gəlir ki, problemin sülh yolu ilə nizama salınması mümkün olmayacaq. Çünki Sarkisyan bu sərsəm bəyanatı prezidentlərin görüşü ərəfəsində verir. Demək ki, Rusiyanın vasitəçiliyilə keçiriləcək görüşün nəticəsiz olacağını indidən bəyan edir. Dağlıq Qarabağın Ermənistanla quru sərhədinin olması Laçının Ermənistanın nəzarəti altında qalması anlamına gələr ki, bu da mümkün olmayan şərtdir. Dağlıq Qarabağın separatçı rejiminin tərəf kimi danışıqlarda iştirakı isə ümumiyyətlə müzakirə obyekti ola bilməz. Sarkisyanın bu mövqeyi Ermənistanın danışıqlara qayıtsa da, qeyri-konstruktiv olacağına və heç bir kompromisə hazır olmadığına bir işarədir".
Məhəmmədəli QƏRİBLİ