Vəfa Heydərli: "Bu baxımdan da onların substantiv danışıqlar şərtini qəbul edəcəyi real görünür"
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə gün əvvəl Brüsseldə keçirilən görüşündən ciddi gözlənti yox idi. Çünki görüş öncəsi Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar və Azərbaycan vətəndaşlarını hədəfə alması sübuta yetirdi ki, düşmən ölkə, nəyin bahasına olursa-olsun, danışıqlar prosesinin bərpa olunmasına mane olmaq istəyir.
Ancaq xarici işlər nazirləri səviyyəsində danışıqlar baş tutdu və həmin görüşdə prezidentlərin görüşü barədə razılıq əldə edildi.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmiz danışıqlar xətrinə danışıqlar aparmayacaq, artıq iş konkret sənədlər üzərində aparılmalıdır. Bu aspektdən Azərbaycanın mövqeyi ortadadır. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin davam etdirilməsi üçün Ermənistanın danışıqların gedişində beynəlxalq hüquq prinsiplərinə uyğun davranmasına nail olmaq yönündə üzərinə düşən missiyanı yerinə yetirməyi bacarsa, o zaman danışıqlardan hər hansı irəliləyiş gözləmək olar. Əks təqdirdə, Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə qarşı-qarşıya qalmalı olacaq. Prezident İlham Əliyev Ermənistanın danışıqlar prosesinə qayıtmasına maraqlı reaksiya verib. Ölkə başçısı deyib ki, Azərbaycan aprel döyüşlərindən sonra Ermənistanın danışıqlar prosesinə qayıtmaqla bağlı irəli sürdüyü heç bir şərti qəbul etmədi. Hazırkı mərhələdə substantiv danışıqlara başlamaq imkanları nə dərəcədə realdır?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Azərbaycan tərəfi sülh prosesinə yalnız substantiv danışıqların bərpası niyyətilə qoşula bilər: "Çünki dəfələrlə Prezident də bildirib ki, bizə formal xarakterli danışıqlar lazım deyil. Ermənilər başqa çıxış yolları olmadığı səbəbindən prosesə qayıdıb. Ancaq artıq manevr imkanları da yoxdur ki, qeyri-konstruktivlik ortaya qoysunlar. Azərbaycan tərəfinin irəli sürdüyü substantiv danışıqlar şərtindən Ermənistanın yayınmaq cəhdi bəllidir. Ermənistan tərəfinin substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var. ATƏT-in Minsk Qrupunun həmsədrləri və BMT baş katibi dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırsalar da, Ermənistan XİN rəhbəri hər dəfə bu ifadədən yayınmağa çalışır. Çünki substantiv danışıqlar həmsədrlərin qeyri-məqbul hesab etdikləri "status-kvo"nun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması daxil olmaqla, kompleks tədbirləri ehtiva edir.
Ermənistan tərəfinin gələcəkdə danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməsi münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edə bilər. Başqa şərtləri isə Azərbaycan qəbul etməyəcək. Bu baxımdan da onların substantiv danışıqlar şərtini qəbul edəcəyi real görünür. Əks təqdirdə danışıqlar prosesi yenidən dalana dirənə bilər".
Məhəmmədəli QƏRİBLİ