Daşdəmir Əliyev: "Biz bilirik ki, məktubda qeyd edilən fikirlər Ermənistan ordusunda olan əksəriyyətin fikridir"
Erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubu yayılıb:
"Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin, mən də xidmət edirəm. Və sən erməni milləti (dolaşıq yazılıb - red.) və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə".
Hərbçi qeyd edib ki, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində "boynuna dolanmış heç bir borc" qalmayacaq.
"Uğurlar sənə, qardaş və bil - bizim kimiləri az deyil!" - deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.
Bu məktub Ermənistan ordusunda olan əksəriyyətin rəyi kimi qəbul edilə bilərmi?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, məktubla media vasitəsilə tanış olub: "Təbii ki, bu, Ermənistan ordusunda olan real vəziyyətin göstəricisi sayıla bilər. Çünki açıqlanan statistikadan da görünür ki, Ermənistan ordusunda fərarilik, özbaşınalıq baş alıb gedir. Erməni anaları övladlarının orduda öldürülməsi və Ermənistandan kənarda hərbi qulluq etməsinə etiraz edir. Bununla bağlı bir neçə dəfə aksiya keçiriblər. Azərbaycan Ordusunda fərarilik sıfır səviyyəsində olduğu halda, Ermənistanda bu rəqəm günü-gündən artır. Hesab edirəm ki, Ermənistan ordusunda məktub müəllifi olan gənclə həmfikir olanların sayı həddən artıq çoxdur. Sadəcə onlar bunu etiraf edə bilmir. Məktubda çox doğru olaraq qeyd olunur ki, həmin adamların seçim hüquqları tam əlindən alınıb. Ancaq bu fikirdə olan və Ermənistanda hərbi qulluqda olanları da başa düşürük ki, alternativ seçimləri yoxdur. Çünki orduda qulluq etmək vətəndaşlıq borcudur. Bundan fərarilik edib yayınanlar da olur. Ermənistan ordusuna nifrəti canında gəzdirə-gəzdirə qulluq edənlər də var. İstənilən halda, biz bilirik ki, məktubda qeyd edilən fikirlər Ermənistan ordusunda olan əksəriyyətin fikridir".
Məhəmmədəli QƏRİBLİ