Yeganə Hacıyeva: "Əslində, müraciətin ünvanlandığı nöqtə Ermənistandır"
Fransa Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birbaşa dialoqun tərəfdarıdır. Ermənistan KİV-i xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirilən görüşünü şərh edərkən bildirib:
"Bu baxımdan nazirlərin görüşünün baş tutmasına görə yalnız məmnunluğumuzu bildirə bilərik. Məsələnin hərbi yolla həlli yoxdur. Danışıqlar aparmaq, münətəzm görüşlər keçirmək lazımdır".
Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşü müsbət irəliləyişə gətirib çıxara, ölkə prezidentlərinin görüşünün əsasını qoya bilər.
Fransız diplomatın tərəfləri danışıqlara çağırmasının sırf Ermənistana aidiyyəti var. Çünki Azərbaycan Prezidenti heç vaxt sülh danışıqlarından yayınmayıb. Səfirin müraciətinin Ermənistanın mövqeyinə nə kimi təsiri olacaq?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, fransalı səfirin belə bir müraciətlə çıxış etməsi doğrudan da maraqlı görünür: "Ermənistan çıxılmaz vəziyyətdə qaldığı üçün danışıqlar prosesinə qayıdıb. Bu aydındır. Ancaq bunu müxtəlif vasitələrlə ört-basdır etmək istəyir. Ermənistan bilir ki, konstruktiv mövqeyə qayıtmaqdan başqa çarəsi qalmayıb. Ancaq bunun Azərbaycana qəti aidiyyəti yoxdur. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkədir. Onlar kimin danışıqlar prosesində qeyri-konstruktiv olduğunu gözəl bilir. Xarici işlər nazirlərinin son görüşündən sonra Ermənistanın danışıqlara qayıtması onlara belə bir bəyanatın verilməsi zərurətini yaradıb. Hesab edirəm ki, Ermənistan belə çağırışları nəzərə almaq zorundadır. Çünki hadisələrin gedişi bir daha sübut etdi ki, onların başqa yolu qalmayıb. Bu baxımdan da hesab edirəm ki, fransalı diplomatın çağırışı da təsadüfən meydana çıxmayıb. Sadəcə, fransalı diplomat ölkəsinin neytralitetini qorumaq üçün hər iki tərəfi aktivliyə səsləyib. Əslində, müraciətin ünvanlandığı nöqtə Ermənistandır".
Məhəmmədəli QƏRİBLİ