Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistana kifayət qədər zərər vurmasını düşmən ölkənin cəmiyyətində də görüb başa düşənlər az deyil. Amma belələrinin problemin sülh yolu ilə həlli istiqamətində hansısa cəhdlər etməsinin qarşısı çox vaxt kifayət qədər sərt üsullarla alınır. Məsələn, eks-prezident Levon Ter-Petrosyanın taleyi bunun əyani təsdiqidir.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti 1997-ci ildə hakimiyyət başında olarkən münaqişənin nizamlanmasının ən optimal və yeganə mümkün variantının mərhələli həll planı olduğunu açıq bəyan edirdi. Elə həmin vaxt o, Azərbaycanla gərgin danışıqlardan sonra Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusunun verilməsini və yekun status məsələsinin sonraya saxlanmasını nəzərdə tutan mərhələli həll variantını qəbul etməyə razılaşdı. Ancaq çox keçmədən Ermənistanda Ter-Petrosyanı devirmək üçün hərəkətə keçdilər. Bu qüvvələrin başında o zaman Dağlıq Qarabağ separatçılarının keçmiş lideri və Ermənistanda baş nazir vəzifəsinə gətirilən Robert Köçəryan, eləcə də Ermənistan ordusunun yüksək rütbəli komandirləri dayanırdı. Bütün bunlardan sonra düşmən ölkədə hakimiyyət "Qarabağ klanı"nın əlinə keçdi.
Növbəti dəfə Qarabağ münaqişəsinin həllində yeni şans 1999-cu ildə yarandı. Məsələnin bu tərəfinə toxunan erməni yazar Sarkis Artsruni "1in.am" saytında dərc olunan məqaləsində bildirir ki, əslində həmin ildə 27 oktyabr qırğınından sonra Ermənistanın forpost edilməsi, vassallaşdırılması prosesi başladı: "27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi Robert Köçəryanın hakimiyyətini gücləndirdi. Bu hücum zamanı baş nazir Vazgen Sarkisyan öldü. O, Ermənistan siyasi elitasının müstəqillik tərəfdarı olan sonuncu siması idi.
Köçəryanın "27 oktyabr" işində rolu parlamenti gülləbaran edənlərin rəhbəri Nairi Unanyanın rolundan heç də fərqlənmir. Unanyan sadəcə vasitəçi idi. Təsadüfi deyil ki, 27 oktyabr qırğınından sonra Ermənistanın forpost edilməsi, vassallaşdırılması prosesi başladı. Ermənistanda siyasi sistemin adekvatlığını itirməsi 1999-cu ildən başladı. O zaman müxalifət müstəqillik əvəzinə Robert Köçəryanla Rusiya razılığını almaq uğrunda mübarizəyə başladı. Eyni formada Serj Sarkisyan Rusiyanın xeyir-duasını alıb, 1 mart 2008-ci il qırğınını törətdi. Biz sistemin yenidən qeyri-adekvatlığının şahidi olduq. Müxalifət Levon Ter-Petrosyanın rəhbərliyi altında Serj Sarkisyanla birgə Ermənistanı Avrasiya bataqlığına doğru aparan geridönməz prosesi başlatdı". Qeyd edək ki, Ermənistan parlamentinin 1999-cu ildə tutulması nəticəsində baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçyan, vitse-spiker Yuri Baxşyan, vitse-spiker Ruben Miroyan və digərləri qətlə yetirildi. Bu teraktdan sonra Ermənistanda "Qarabağ klanı"nın hakimiyyəti gücləndi. O da maraqlıdır ki, həmin hadisədən sonra məhkəmə prosesi 4 il çəkdi. İrəvanda keçirilən məhkəmənin 2 dekabr 2003-cü il tarixli hökmü ilə silahlı dəstənin üzvləri vətənə xəyanət, terrorizm və qətl törətməkdə ittiham olundular. Dəstə rəhbəri Nairi Unanyan başda olmaqla, qruplaşmanın 6 üzvü ömürlük, daha bir üzvü isə 14 il müddətinə həbsə məhkum edildi. Rəsmi versiyaya görə, Nairi Unanyanın qardaşı həbsxanada dəli olub, dəstənin iki üzvü intihar edib, biri isə hələ istintaq zamanı - 2010-cu ildə "qəfildən ölüb". Parlamentə basqın zamanı həlak olanların yaxınları istintaq və məhkəmə prosesini "qərəzlilikdə" ittiham etdilər. Onlar o vaxtkı prezident Robert Köçəryanı terror sifarişçilərinin aşkar edilməməsində günahlandırdılar. O zaman elə də uzun müddətə prezident olmayan Robert Köçəryan Vazgen Sarkisyan və Karen Demirçyanın qətlindən sonra Ermənistanda yeganə güclü siyasi fiqura çevrildi. Dörd ilə yaxın davam edən istintaq və məhkəmə prosesi Köoçəryana dövlət aparatı, oliqarxiya və orduda öz mövqelərini möhkəmlətmək üçün vaxt verdi. Elə bunun nəticəsində o, özündən sonra Sarkisyanı prezident etdi. İndi Ermənistanda hesab olunur ki, "Qarabağ klanı"nın hakimiyyətdə olduğu müddətdə nə Qarabağ münaqişəsi həlli tapacaq, nə də Ermənistan üzləşdiyi problemlərdən xilas olacaq. Məhz bu səbəbdən Ermənistanda "Qarabağ klanı"nından etiraz və narazılıqlar artır. Hesab edilir ki, bu gedişlə Ermənistanda "Qarabağ klanı"nın devrilməsi üçün aktiv fəaliyyətin başmlası gözləniləndir. Xatırladaq ki, son dövrlərdə düşmən ölkədə bu xüsusda çağırışlar xeyli artıb.
Namiq QULİYEV