Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə çözmək istəsə də, qarşı tərəf hələ də ona verilən şansı yetərincə dəyərləndirə bilmir. Rəsmi İrəvan hələ də konstruktiv mövqe sərgiləyərək, işğal altındakı ərazilərdən silahlı qüvvələrini çıxarmağa tələsmir. Təbii ki, Azərbaycan bu vəziyyətlə uzun müddət barışmaq niyyətində deyil və münaqişənin hərb müstəvisində çözümünü də heç vaxt istisna etmir. Əslində, bu durumda Ermənistan rəhbərliyinin Azərbaycanla danışıqlara getməsinin və razılıq əldə etməsinin mühüm əhəmiyyət kəsb etdiyini dərk edən ermənilər də var.
İndiki vəziyyətlə bağlı "Aykakan Jamanak" qəzeti yazır ki, Azərbaycanla danışıqlar prosesini sonsuza qədər uzatmaq mümkünsüzdür və Ermənistan rəhbərliyinin danışıqlar stolu arxasında razılıq əldə etməsi ölkə üçün daha məqbuldur. Qəzet əks halda genişmiqyaslı müharibənin başlayacağını və bunun Ermənistan üçün o qədər də yaxşı nəticələnməyəcəyini də xüsusi olaraq vurğulayır. Əslində,
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın RİA "Novosti" agentliyinə müsahibəsində Ermənistana bu xüsusda növbəti sərt mesaj da ünvanlayıb. Qeyd edək ki, Ermənistanda hazırda aktiv müzakirə mövzularından biri məhz azərbaycanlı nazirin müsahibəsində səsləndirdiyi fikirlərdir. Nazir xüsusi olaraq diqqətə çatdırır ki, iqtisadi, demoqrafik və hərbi potensialına görə Ermənistan Azərbaycanla bəhsə girə bilməz: "Azərbaycan istər iqtisadi, istər demoqrafik, istərsə də hərbi cəhətdən hər il güclənir. Baxmayaraq ki, hazırda bütün dünyada böhran yaşanır və bu böhran bizdən də yan keçməyib, lakin o bizə ciddi zərər vurmadı. Ən azından məni, bir müdafiə naziri kimi, ordunun maliyyələşdirilməsi maraqlandırır ki, o da keçən il artıb. Bu il 17-20 faiz rəqəmi səsləndirilib. Odur ki, Prezident, Ali Baş Komandan başda olmaqla, Azərbaycan rəhbərliyi ordunun güclənməsinə, onun ən yeni silahlarla təchiz edilməsinə böyük diqqət yetirir". Aydındır ki, ordunun güclənməsi fonunda Qarabağ məsələsinin hərb yolu ilə həlli ehtimalı da artır. Məsələnin bu tərəfinə toxunan Zakir Həsənov bildirir: "Bizim ölkə məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin bu o demək deyil ki, danışıqlar sonsuz olmalıdır, onlar onsuz da həddən artıq uzanıb. Danışıqlar xatirinə danışıqlar heç kimə lazım deyil. Bir ətrafa baxın. Beynəlxalq qanunlar artıq işləmir, hamı gücə istinad edir. Təbii ki, biz buna reaksiya verməliyik". Daha bir maraqlı məqam isə Ermənistanda "İsgəndər" raket komplekslərinin yerləşdirilməsi ilə bağlıdır. Azərbaycan müdafiə nazirinin açıqlamalarından belə bəlli olur ki, malik olduğumuz silahlar fonunda bu raketlər Azərbaycan üçün hansısa ciddi təhdid yaratmır. Yəni Ermənistan həmin raketlərdən istifadə edəcəyi təqdirdə onlar asanlıqla neytrallaşdırıla bilər: "Müdafiə naziri olaraq bildirirəm ki, sərəncamımızda həmin raketləri vura biləcək sistemlər var. Bizdə olan raketlər sayca düşmən raketlərindən 50 dəfə çoxdur. Dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşsələr, Ermənistanın infrastrukturuna və hərbi obyektlərinə endiriləcək cavab zərbəsinin necə olacağını təsəvvür edin! Dünyada qoşunların tətbiq edilməsi taktikasının bir neçə növü var. Bəli, "İsgəndər" yaxşı raketdir. Lakin bir sıra sual ortaya çıxır, bu o raketlərin hansı növüdür, texniki vəziyyəti necədir, həmin raketləri kim idarə edir və nəhayət ən əsası - onu tətbiq etmək iqtidarında olacaqlarmı? Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq. Biz artıq vəziyyəti modelləşdirmişik və döyüş atışları da keçirmişik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi havadan endirilən raket hücumundan qoruya bilərik".
Beləliklə, nazirin açıqlamalarından bəlli olur ki, bu gün Ermənistanın malik olduğu ən güclü silah sayılan "İsgəndər" raketləri belə Azərbaycan üçün hansısa ciddi təhdid yaratmır. Çünki Azərbaycan bu raketləri məhv edə biləcək müdafiə texnologiyasına malikdir. Düzdür, o da xüsusi maraq doğurur ki, Azərbaycan "İsgəndər"ləri hansı silahlarla vura bilər? Məsələ ilə bağlı Rusiyanın "lenta.ru" saytı həqiqətən də Azərbaycanın silah arsenalında "İsgəndər"i məhv edəcək raket sisteminin olduğunu yazıb: "Misal üçün, bu raketlərin qarşısını kəsə biləcək sistemlərdən biri "Favorit" S-300PMU-2 var. Bu sistem Rusiya istehsalıdır və Azərbaycan ordusunun arsenalında var". Bununla yanaşı, sayt Azərbaycanın İsraildən aldığı orta mənzilli "Barak 8" raket sisteminin də "İscəndər"in qarşısını ala biləcəyini qeyd edir.
Məlumat üçün bildirək ki, "Favorit" S-300PMU-2 raketləri 27 kilometr hündürlüyə qədər, 200 kilometr uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir. O, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər. Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Qurğu 300 kilometr radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 kilometr məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur.
"Favorit" S-300PMU-2 zenit raket sistemi radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit raket kompleksindən ibarətdir. İdarəetmə mərkəzi hədəflərin zenit raket kompleksləri arasında avtomatik bölüşdürülməsinə xidmət edir. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "Favorit" S-300PMU-2 kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.
İndi həmin raketlər Azərbaycanın havadan istənilən hücumdan etibarıl müdafiəsini təşkil edir. Eyni zamanda bura İsraildən alınan raketlər, o cümlədən barəsində yuxarıda bəhs edilən "Barak 8" raket sistemi də daxildir. Bu kompleksləri İsrailin "Rafael" və İAİ hərbi-sənaye şirkətləri birgə istehsal edir. "Barak-8"in iki versiyası - dəniz və quru versiyası mövcuddur. Buraxılış qurğusu 8 raket, nəqliyyat-buraxılış konteyneri, eləcə də radiolokasiya stansiyaları ilə təchiz olunub. Bu, dünyada ən mükəmməl hava və raket hücumundan müdafiə komplekslərindən hesab olunur."Barak-8"-in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. "Barak-8" komplekslərinin "İsgəndər" raketlərini neytrallaşdırmaq imkanında olduğunu həmin komplekslərin göstəricilərini nəzərə alan hərbi analitiklər əminliklə qeyd edir. Bütün bunlar hərb müstəvisində Azərbaycanın düşmən üzərində kifayət qədər üstünlüyə malik olmasının real təsdiqidir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycan "Buk-MB", orta mənzilli S-125 "Peçora TM-2", "Osa-AKM", "Spider", qısa mənzilli "Kruq", "Strela" və digər zenit raket sistemlərinə də malikdir. Yəni hava hücumundan müdafiə sistemi kifayət qədər effektiv şəkildə qurulub. Bu şəraitdə Ermənistanın Azərbaycana hansısa formada zərər vura bilməsi mümkünsüz sayılır.
Konkret olaraq cəbhədə vəziyyətə gəlincə, burada da Azərbaycan düşməndən kifayət qədər üstündür. Elə ötən ilin apreli və ondan sonra baş verənlər bunun real təsdiqi oldu. Digər tərəfdən, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ordumuz zəbt edilmiş ərazilərdə istənilən hədəfi tam şəkildə məhv edə bilər: "Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik".
Hərbi məsələlər üzrə ekspertlər bu açıqlamanı düşmən tərəf üçün konkret xəbərdarlıq olaraq qiymətləndirir. Bunun ardınca növbəti xəbərdarlığı Zakir Həsənov RİA "Novosti" agentliyinə müsahibəsində etdi. İndi ermənilər bu xəbərdarlıqlardan artıq real nəticələr çıxarmalıdırlar. Əks halda düşməni kifayət qədər acınacaqlı aqibətin gözlədiyini ermənilər özləri də yaxşı bilir. Hər halda, Qarabağ münaqişəsi ətrafında hadisələrin son gedişi müəyyən yeniliklərin olacağını deməyə əsas verir. Erməni ekspert Ramella Mnasakanyan isə bildirir ki, məsələnin hərb müstəvisində çözümü Rusiyanın maraqlarına ziddir və Moskva Bakı ilə anlaşmaya gedərək problemi danışıqlar yolu ilə çözməyə çalışır: "Kreml Qarabağ üçün yeni ssenari hazırlayır və bu ssenaridə Bakını qazanmaq üçün ərazilərin Azərbaycana qaytarılması öz əksini tapır". Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətləri itirmək istəmir: "Ermənistanın maraqları Moskva üçün o qədər də əhəmiyyətli görünmür. Buna görə də Azərbaycana silahlar satır, öz nümayəndələrini mütəmadi Bakıya göndərərək, münasibətlərdə açıq yaranmamasına çalışır. Bu proseslərin davamı olaraq Qarabağ məsələsində Rusiya Bakını dəstəkləyəcək. Ermənistan qurban verilir, Qarabağ Azərbaycana qaytarılır. Ermənistan hakimiyyəti milyardları oğurlayır, ölkəni ruslara verir, ermənilərlə mübarizə aparır, Rusiyanın Azərbaycana silah satması haqda heç nə danışmırlar". O da vurğulanır ki, Rusiyanın Ermənistana təzyiqi istənilən nəticəni verməsə, Kreml döyüş meydanında Ermənistanı yalqız buraxacaq. Bu vəziyyətdə Azərbaycanın istədiyi nəticəyə nail olması isə elə də vaxt aparmayacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur