Yeganə Hacıyeva: "Şavarş Köçəryanın açıqlamasından onun nə dərəcədə savadsız diplomat olduğu üzə çıxır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Ermənistanın danışıqlar prosesinə qayıtmasından danışıb.
Prezident bildirib ki, ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib: "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb".
Prezidentin bu bəyanatı Ermənistanda ciddi rezonans doğurub. Həmin ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, Azərbaycan tərəfi ya gedən proseslərin mahiyyətini anlamır, ya da anlamaqda maraqlı deyil: "Mən Azərbaycan tərəfinin diqqətinə Vyana və Sankt-Peterburqda prezidentlər səviyyəsində keçirilən görüşləri çatdırmaq istərdim. Aprel hadisələrindən sonra xarici işlər nazirləri səviyyəsində isə 4 görüş olub".
Göründüyü kimi, erməni diplomat bu açıqlaması ilə Azərbaycan Prezidentinin dediklərini təkzib etmək istəyib. Onun cavab reaksiyasını necə xarakterizə etmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, aprel hadisələrindən sonra tərəflər arasında təmaslar olub: "Prezident bunu və ya görüşlərin sayını nəzərdə tutmur. Ş.Köçəryanın açıqlamasından onun nə dərəcədə savadsız diplomat olduğu üzə çıxır. İlham Əliyev görüşlərin sayı ilə bağlı ziddiyyətli bir rəqəm səsləndirməyib. Əminəm ki, həmin sayı o, Şavarşdan daha dəqiq bilir. Söhbət Ermənistanın danışıqlar prosesinə tərəf kimi qayıtmasından gedir. Çünki Ermənistan həmin hadisələrdən sonra danışıqlar prosesini tərk etdiyini bəyan etmişdi. Ermənistan hakimiyyəti üçün bu, yenilik deyil. Onların rəsmiləri tez-tez bir-birini təkzib edir. Diplomatın açıqlamasını o qəbilə aid edə bilərik. Biz prosesin mahiyyətini anladığımız üçün belə bəyanat veririk. Məsələnin dərin mahiyyətindən Ermənistanın xəbəri olmadığı üçün, belə məsuliyyətsiz bəyanatlar verirlər. Xarici işlər nazirlərinin son təması həmsədrlərin vasitəçiliyilə baş tutub və birbaşa sülh danışıqları prosesinin davamı kimi nəzərdə tutulub. Həmin görüşün yekun nəticəsi olaraq ölkə başçılarının da yaxın zamanlarda görüşəcəyinə dair razılaşmaya gəlinib. Bütün bunlar sübut edir ki, Ermənistan əvvəl verdiyi bəyanatlarının üstündə dura bilməyib. Amma danışıqların bərpa olunması heç də hər şeyin həlli anlamına gəlmir. Növbəti mərhələdə həmin ölkəyə təzyiqləri artırmaq lazımdır ki, konstruktiv mövqeyə gəlsin".
Məhəmmədəli QƏRİBLİ