Hərbi müstəvidə Ermənistandan kifayət qədər güclü olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmasına ümidlərini hələ tam üzməyib. Elə bu səbəbdən rəsmi Bakı məsələnin dinc müstəvidə tənzimlənməsi üçün qarşı tərəflə danışıqlar aparmağı məqbul sayır. Amma məsələnin maraqlı tərəflərindən biri də odur ki, Azərbaycanın bu humanist mövqeyini Ermənistanda hakimiyyətdə olan hərbi xunta rejimi hələ də anlamaqda çətinlik çəkir. Elə bu səbəbdən erməni tərəfi ya cəbhədə təxribatlar törədir, ya da danışıqlar prosesindən yayınmağa çalışır.
Cəbhə təxribatları isə ermənilərə gedərək daha baha başa gəlir. Çünki hər belə təxribatda düşmən həm hərbçilərini, həm də texnikasını itirir. Bu hal Ermənistanın özündə artıq Serj Sarkisyan hakimiyyətinə qarşı ciddi etirazlar yaradıb. Danışıqlardan yayınmaq məsələsində də erməni tərəfi özünü, belə demək olarsa, daha miskin və məğlub vəziyyətə salır. İlk növbədə ona görə ki, bununla dünya ictimaiyyəti Ermənistanın Qarabağ məsələsində təcavüzkar siyasətinin mahiyyətini daha aydın şəkildə görür. Digər tərəfdən, belə vəziyyətdə Azərbaycan diplomatik müstəvidə Ermənistana təzyiqləri artırmaq üçün əlavə manevr imkanları da qazanmış olur. Elə bunun nəticəsində Ermənistan tərəfi, istəməsə belə, sonda yenidən danışıqlar masasına qayıdır və ya qaytarılır. Bu hal da Azərbaycan üçün diplomatik uğur, qələbə hesab edilir. Yeri gəlmişkən qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu xüsusda maraqlı fikirlər səsləndirdi: "Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. İyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir.
Bu bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk Qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil. O ki qaldı danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq". Beləliklə, səslənən fikirlərdən aydın görünür ki, Ermənistan danışıqlar masasına qaytarılıb və düşmən istəsə belə, sülh prosesindən yayına bilmir. İndi başlıca vəzifə yeni danışıqlarda Ermənistanı konstruktiv mövqeyə vadar etməkdir. Siyasi təhlilçilər bildirir ki, danışıqlar masasına qaytarılan Ermənistana problemin həlli istiqamətində də real addımlar atması üçün ciddi təzyiqlərin göstərilməsi tamamilə mümkündür. Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov da "moscow-baku" portalına açıqlamasında Ermənistana belə təzyiqləri mümkün sayır: "Azərbaycan Ermənistana və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə substantiv danışıqların aparılması ilə bağlı təzyiq göstərir. Bakının bu təzyiqi Alxanlıda 2 yaşlı Zəhra və nənəsinin erməni hərbi birləşmələri tərəfindən qətlə yetirilməsindən sonra gücləndi".
Onun sözlərinə görə, Azərbaycan münaqişənin həll olunmamasından artıq yorulub: "Bakının təzyiqləri qarşısında həmsədrlər Ermənistan rəhbərliyindən məzmunlu danışıqlara başlamağı tələb edir. Ermənistanda hiss olunan narahatlıqlar da bu təzyiqlə bağlıdır". Markov Brüssel görüşündən sonra hadisələrin inkişafını belə proqnozlaşdırır: "Hesab edirəm ki, yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və münaqişənin həll olunmasına hesablanmış substantiv danışıqlara başlamaqla bağlı qərar qəbul ediləcək". Rusiyalı politoloq qeyd edib ki, nazirlərin görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi ehtimalı yüksəkdir: "Lakin o da istisna deyil ki, prezidentlərin görüşündə Ermənistan tərəfi qeyri-konstruktiv mövqeni davam etdirsin. Belə olacaqsa, Azərbaycan məzmunlu danışıqlar üçün təzyiqini daha da artıracaq". Burada onu da qeyd edək ki, Ermənistanın yayınmaq istədiyi substantiv danışıqlar münaqişənin mərhələli şəkildə həlli məsələsinin müzakirəsini özündə ehtiva edir.
Qarşı tərəfin danışıqlar prosesinə qatılmağa məcbur edilməsi fonunda ermənilərin sülh prosesindən yaynıması mümkünsüz sayılır və istisna olunmur ki, bu gedişlə problemin dinc müstəvidə həlli üçün hansısa yeniliklər də olsun. Bunu erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən təsdiq edib. O, Azərbaycanın Ermənistana təzyiqlər siyasətinin rəsmi Bakı üçün nəticələr verdiyini də xüsusi olaraq vurğulayır: "Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir". Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: "Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir". Sarkisyan qeyd edib ki, Ermənistan siyasətçiləri səriştəsizdir: "Bizim səriştəsizliyimiz ucbatından Azərbaycan beynəlxalq aləmdə ciddi nəticələr əldə edir. Bizim siyasətçilər isə müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırır. Görünən budur ki, Azərbaycan hərbi diplomatiyanın bəhrəsini görür, buna görə də Ermənistanın sıxışdırılması prosesini davam etdirəcək. Biz Azərbaycanın bu bacarıqlı diplomatiyasını neytrallaşdıra bilmirik. Əksinə, bizim səriştəsiz siyasətimiz Azərbaycana xeyir gətirir. Faktiki olaraq, biz Azərbaycanın qarşısında dayana bilmirik".
Beləliklə, Azərbaycanın fəal diplomatiyası ilə Ermənistan sözün əsl mənasında dalana dirənmiş vəziyyətdədir. Ermənistan danışıqlar prosesindən istəsə də yayına bilmir. Bu arada bir məqamı da xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşündə Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib. Ermənistanın mövqeyi bəlli olmasa da, Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Bundan əlavə, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif də, real təkliflər olacağı təqdirdə, rəsmi Bakı tərəfindən müsbət qarşılanacaq. Xatırladaq ki, prezidentlərin görüşünün baş tutmasına həmsədr ölkələr də indi xüsusi maraq göstərir. Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bununla bağlı bildirir: "Bizim yanaşmamız belədir: biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Buna görə xarici işlər nazirləri arasında bu yaxınlarda keçirilən görüşü alqışlayırıq. Dəfələrlə söyləmişik ki, münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsilə nizamlana bilər". Diplomatın sözlərinə görə, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək olmaz, dövlət başçılarının görüşünün təşkil edilməsi zəruridir: "Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır".
Qeyd olunduğu kimi, Azərbaycan nəticəsi olan görüşlərdə maraqlıdır və belə görüşlərdə iştiraka da hər zaman hazır olduğunu bəyan edir. İndi prosesdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. Ermənistanın əslində danışıqlara qatılıb məsələnin həllində əməli addımlar atması üçün yeni təzyiqlərlə üzləşdiyi müşahidə olunur. Elə Azərbaycan da hadisələrin məhz bu səpkidə inkişafını istəyir. O da aydındır ki, Ermənistan yenə son anda danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirsə, yaxud üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən qaçsa, Azərbaycan güc variantından istifadə etmək məcburiyyətində qalacaq. Yenə də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı Prezident İlham Əliyev düşmənə sərt xəbərdarlıq edib: "Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik".
Aydındır ki, bütün bunlardan Ermənistanın, necə deyərlər, dərs çıxarması vacibdir. İndilikdə Azərbaycan danışıqları Vyanada və Sankt-Peterburqda əldə olunan razılaşmalara, yəni işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması və məcburi köçkünlərin qaytarılmasına doğru yönəltməyə çalışır. Bu məsələdə Minsk Qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyir. İndi yaranmış vəziyyətdə Ermənistan üzərinə düşən məsuliyyəti dərk edərək Qarabağ konfliktinin çözümü istiqamətində artıq real addımlar atmalıdır. Əks halda, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Qarabağ münaqişəsini silah gücünə həll etmək məcburiyyətində qalacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.