Türkiyənin "Botaş" şirkəti bir neçə gün əvvəl "Türk axını" layihəsinin Türkiyə hissəsinin maliyyələşdirilməsi ilə əlaqədar Rusiya enerji nəhəngi "Qazprom"la razılaşma əldə edib. Baki-xeber.com xəbər verir ki, Rusiya tərəfi Qara dənizdən keçən qolun 50 kilometr uzunluğundakı ilk hissəsinin də tamamlandığını bəyan edib.
Ancaq "Qazprom" ABŞ-ın Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketinin "Şimal axını-2" və "Türk axını" layihələrinin inşasını iflasa uğrada biləcəyindən narahatdır. Belə ki, "Qazprom" rəhbərliyi ABŞ-ın yeni Rusiya sanksiyaları qüvvəyə minəcəyi halda "Şimal axını-2" və "Türk axını" layihələrinin tikintisinin gecikə biləcəyindən və hətta layihələrin baş tutmayacağından ehtiyatlanır.
ABŞ-da Rusiya ilə əlaqədar yeni sanksiyalar paketi ABŞ prezidentinə boru kəmərlərinin inşasına Rusiya tərəfindən bir dəfədə 1 milyon dollardan çox və ya ildə 5 milyon dollardan çox sərmayə yatıran şəxslərə və ya şirkətlərə sanksiya tətbiq etmək hüququ verir. Sanksiyalar, həmçinin, bu cür layihələrə avadanlıq, texnologiya xidmətlərini qadağan edir.
"Alor Brocker" şirkətinin analitiklərindən Aleksey Antonov ABŞ-ın sanksiyalarının "Türk axını"nın aqibətini dəyişdirə biləcəyini, bu layihənin "Şimal axını-2"nin həyata keçirilməsindən asılı olacağını deyir. Mütəxəssisin fikrincə, sanksiyalar "Şimal axını-2" layihəsinin maliyyələşdirilməsini çətinləşdirəcək və bu vəziyyətdə "Qazprom" "Şimal axını-2"yə paralel olaraq "Türk axını" layihəsini də reallaşdırmaqda çətinlik çəkəcək.
Antonov deyir ki, layihəyə investisiya yatıracaq türk şirkətləri də sanksiyalardan narahat olacaq, bu vəziyyət isə Avropa ilə əlaqələrə də mənfi təsir edəcək: "Bu vəziyyətdə zərərlərin ölçüsü də böyük olacaq".
Layihənin Türkiyədən keçən hissəsinin tikintisinin mümkün olduğunu söyləyən Antonov, Avropaya və oradan İtaliyaya uzanacaq qolun tikintisinin isə uzun müddət alacağına və çətin olacağına diqqət çəkir.
"TeleTrade" şirkətlər qrupunun baş analitiki Mark Goyhman da layihəyə ən böyük maneənin ABŞ-dan gələ biləcəyini deyir. Onun fikrincə, sanksiyalar yalnız layihənin maliyyələşdirilməsinə deyil, Rusiyanın qaz boru xətlərini avadanlıqla təmin edən xarici şirkətlərə də mənfi təsir edəcək.