Elşən Mustafayev: "Bütün bu səbəblər Ermənistanda ciddi narahatlıq yaradıb"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda ABŞ dövlət katibi Tillersonla görüşüb. Dövlət başçısı görüşdə Qarabağ məsələsini də qaldırıb. Söhbət zamanı konfliktin həlli ilə bağlı məsələlər müzakirə edilib. İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha nəzərə çatdırıb, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.
Bu görüşdən ən ciddi narahatlığı Ermənistanın keçirdiyi aydın olub. Erməni KİV-i indidən Tillersonu qaralamağa başlayıb və heç bir dəlil-sübut olmadan iddia edirlər ki, Tillerson bundan sonra Azərbaycanın ciddi lobbiçisinə çevrilə bilər. Ermənilərin Əliyev-Tillerson təmasından bu qədər qorxmasının səbəbi nə ilə bağlıdır?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, Azərbaycan Prezidentinin ABŞ dövlət katibi ilə fikir mübadiləsi ölkəmiz üçün olduqca əhəmiyyətlidir: "Bu çox əhəmiyyət kəsb edən bir görüşdür. ABŞ dövlət katibi regiondakı siyasi, neft və enerji sahəsində gedən proseslərlə yaxından tanışdır. Regionda yenidən enerji xəritəsinin çəkilməsində ABŞ-ın önəmi yüksəkdir. Bu xəritədə ölkəmizin də xüsusi rolu var.
Həmçinin Azərbaycan Prezidenti ilə görüş ölkəmizin ABŞ üçün strateji müttəfiq rolu oynadığını bir daha təsdiqləyir.
Qlobal, regional səhnədə tez-tez dəyişilən proseslər müxtəlif prizmadan inkişaf edir. İki ölkənin bu məsələyə eyni şəkildə nəzər yetirməsi və ümumi addımların atılması baxımından bu görüş vacibdir. Nəticədə ikitərəfli münasibətlərin dinamikası artacaq, ABŞ-ın regionda atdığı addımlar konkretləşəcək. Yaxın gələcəkdə görüşün nəticəsi olaraq müəyyən müsbət hallar özünü göstərəcək.
Azərbaycan və Ermənistan arasında son günlər yaranan gərginliyin də bu görüşə dolayı təsiri olub. Çox güman ki, Tillerson hadisələrin gedişi haqda məlumatlandırılıb. Təmasın münaqişə ilə bağlı reallıqları dərhal dəyişəcəyi də inandırıcı deyil. Ancaq dünyanın nəhəng ölkəsinin Azərbaycana verdiyi önəm erməniləri ciddi narahat etməyə başlayıb. Onlar bilir ki, bu çoxfaktorlu münaqişədə ABŞ-ın rolu danılmaz və yüksəkdir.
Onu da qeyd etmək lazımdır ki, bu görüşdə ABŞ öz mövqeyini təsdiqləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bütün bu səbəblər Ermənistanda ciddi narahatlıq yaradıb. Bu səbəbdən də Tillersonu indidən hədəfə alıblar. Ancaq onlar bilməlidir ki, Tillerson məsələ ilə bağlı şəxsi deyil, təmsil etdiyi ölkənin maraqlarını ifadə edib".
Məhəmmədəli QƏRİBLİ