Ramiz Tağıyev: "Siyasi perspektivi olmayan bir işdir"
Ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində "prezident seçkiləri" keçirməyə hazırlaşır. Ermənistan mətbuatının yaydığı məlumata görə, qondarma "seçkilər" iyulun ikinci yarısında, 19-29 iyul arasında keçiriləcək.
"Seçilən" şəxs 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə rəhbərlik edəcək, ondan sonra isə qondarma rejimin "yeni konstitusiyası"na görə, separatçılar yeni rəhbər və "parlament" seçəcək.
Qarabağdakı separatçıların rəhbəri Bako Saakyanın "prezidentliyə namizədliyi" irəli sürülüb. Ermənilərin Qarabağda seçki oyunu ilk dəfə deyil. Buna kimi də onlar müxtəlif vaxtlarda "parlament", "prezident seçkiləri", hətta "referendum" da keçirib. Amma bu "seçkilər" heç bir beynəlxalq qurum və ölkə tərəfindən tanınmayıb. Beynəlxalq birlik tərəfindən verilən bəyanatlarda bu cür addımların hüquqi əsası olmadığı və "DQR"i müstəqil dövlət kimi tanımadıqları bəyan edilib.
Belə saxta "seçkilərin" ermənilər üçün nə kimi əhəmiyyəti ola bilər?
Siyasətçi Ramiz Tağıyevin sözlərinə görə, bu "seçkilərin" heç bir əhəmiyyəti yoxdur və heç bir qurum, ölkə tərəfindən tanınmır: "Ermənilər "referendum", "seçkilər" keçirir. Bir qayda olaraq Avropa təsisatları bunu qəbul etmir. Yəni həmin "seçkilər"in nəticələrini tanımırlar. Azərbaycan XİN dəfələrlə bununla bağlı bəyanatlar verib, özünün prinsipial mövqeyini açıqlayıb. Bizim mövqe nəzərə alınır ki, bu, tanınmamış bir qurumdur, dövlət statusu yoxdur, ona görə də orada keçirilən həmin kampaniyaların hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən isə, nəticələrini tanıya bilməzlər. Azərbaycan bu məsələdə diplomatik müstəvidə üzərinə düşən məsuliyyətin hamısını dərk edir, lazım olan zəruri addımları atır. Ermənistanın özü cürət edib Dağlıq Qarabağın "müstəqilliyini" tanımırsa, belə "seçkilər"i dəstəkləməyi gülünc görünür. Çünki heç bir siyasi perspektivi olmayan bir işdir. Buna baxmayaraq, ermənilər öz bildiyini edir. Çünki əsas problem ondan ibarətdir ki, beynəlxalq təşkilatlar təcavüzkarın işğalına düzgün qiymət vermir. Ermənilər beynəlxalq hüquq normalarını, BMT-nin, ATƏT-in təməl sənədlərindən irəli gələn qərarları qəbul etmir. Ermənistanın bu siyasətinin, özbaşınalığının səbəbi ona qarşı hansısa cəzanın tətbiq edilməmisidir. Cəzasız qalanda isə cinayətlər təkrar olunur".
Məhəmmədəli QƏRİBLİ