Rusiya və NATO arasında münasibətlərin yenidən sürətlə pisləşməyə doğru getməsi tərəflərin hərb müstəvisində üz-üzə gəlməsi ehtimalını yenidən artırır. Burada diqqət cəlb edən isə pisləşən münasibətlərin Qafqaza da sirayət etməsidir. Bu gedişlə yaxın tezlikdə bu regionda Rusiya - NATO çəkişməsinin açıq müstəviyə keçməsi də istisna olunmur.
Hələlik isə, yuxarıda qeyd olunduğu kimi, baş verənlər Rusiya ilə NATO-nun bir-birinə qarşı intensiv əməliyyatlara hazırlaşdığını göstərir. Bu arada NATO Rusiyanın xüsusi narazılıqla izlədiyi təlimlərə start verib. Rumıniya, Bolqarıstan və Macarıstanda keçirilən təlimlərə 23 ölkədən 25 min əsgər qatılıb. 11-20 iyul tarixlərində keçiriləcək təlimlərdə ABŞ-ın 2 minə yaxın hərbi texnikasından istifadə ediləcək. Təlimləri ABŞ-ın Avropa komandanlığı idarə edəcək. Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti Konstantin Sivkov baş verənlər fonunda qeyd edir ki, NATO ölkələri Rusiyaya qarşı hərbi təcavüzə genişmiqyaslı hazırlıq görür. O qeyd edib ki, NATO ölkələri Rusiyanın qərb sərhədlərində əhəmiyyətli hərbi güc toplayır. Ekspert xatırladıb ki, təlimlər zamanı NATO qoşunlarının bölmələri rusdilli şəhər və yaşayış məntəqələrinin işğalı üzrə hərəkətləri yerinə yetirməyə başlayıblar: "Təlimlər üçün Şərqi Avropa ölkələrindən rus dilini yaxşı bilən statistləri seçirdilər". Sivkovun fikrincə, Rusiya ərazisinə NATO ölkələrinin genişmiqyaslı müdaxiləsinə hazırlığın başqa bir əlaməti ABŞ Müdafiə Nazirliyində yeddinci donanmanın maddi-texniki təminat sistemi üzrə əlavə məntəqənin nəzərdə tutulmasıdır. O, bu məntəqənin Sakit okeanın qərb hissəsində yerləşdiyini qeyd edib: "Burada Rusiya limanları, həmçinin Vladivostok yerləşir. Görünür, NATO gəmiləri orada kiminləsə vuruşmağa üçün hazırlaşır. Bu tamamilə aşkardır. Rusiyaya hərbi müdaxilə üçün ilkin şərtlər hazırlanır. Buna heç bir şübhə yoxdur".
Belə görünür ki, Kreml də NATO ilə qarşıdurmaya intensiv hazırlıq görür. Rusiya "Qərb-2017" hərbi təlimləri bunun təsdiqi sayılır. Avqust-sentyabr aylarında Belarusda keçiriləcək "Qərb-2017" təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Ukrayna Silahlı Qüvvələri Baş qərargahının rəhbəri Viktor Mujenko qeyd edir ki, təlimlərdən sonra Rusiya qoşunlarının bir hissəsini Belarus ərazisində saxlaya bilər: "Tamamilə ehtimal ediləndir ki, bu qoşunların bir hissəsi təlimlərin sonunda Belarus ərazisində qalacaq. Bu halda yüksək ehtimal mövcuddur ki, təlimlər zamanı silah, hərbi texnika və maddi-texniki vasitələrin gizli saxlandığı məntəqələr açılacaq". Baş qərargah başçısının sözlərinə görə, belə hərəkətlər Rusiyaya qərb və cənub-qərb istiqamətlərində zərbə qruplaşmalarının yaradılması üçün müddəti əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək: "Təlimlərdə iştirak edəcək Rusiya qoşunlarının sayı artıq 5 minə qədər artırılıb. Genişmiqyaslı Rusiya-Belarus təlimlərinin keçirilməsi Ukrayna, həmçinin Polşa və Baltikyanı ölkələrin sərhədlərində Rusiyanın döyüş potensialının gücləndirilməsinə xidmət edən addım kimi qiymətləndirilə bilər". Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Rusiya Belarusa əvvəlki illərdən 80 dəfə çox hərbi texnika və hərbçi göndərəcək. Belarusa göndəriləcək hərbi texnika və hərbçilər üçün 4 min vaqondan istifadə ediləcək. Ekspertlərin fikrincə, genişmiqyaslı təlimlər ya Belarusda hərbi nəzarətin təmin edilməsi, ya da Ukrayna, Baltikyanı ölkələr və Polşaya hücum üçün nəzərdə tutulur. Bundan başqa, Moskva diqqətini həm də Qafqaza çevirir. Amerikanın "Stratfor" kəşfiyyat-analitik mərkəzi də bildirir ki, Rusiya qüvvələrini Cənub və Qərb hərbi dairələrində cəmləşdirir. Bu qüvvələr Baltikyanı ölkələr, Ukrayna və Qafqaza görə cavabdehdir. Moskvanı narahat edən NATO-nun Gürcüstan vasitəsilə Qafqazda möhkəmlənmək üçün əməli addımlar atmasıdır. "Stratfor" da bildirir ki, belə vəziyyətdə Rusiyanın müdafiə prioritetləri ölkə rəhbərliyinin təhlükəsizlik üçün ən böyük təhdidləri necə qiymətləndirdiyini ortaya qoyur. Moskvanın nəzərinə görə, əsas təhdid mənbəyi, əvvəlki kimi, Rusiyanın qərb cinahına NATO qüvvələrinin cəm edilməsindən qaynaqlanır. Bu isə güclü nüvə qüvvələri və gücləndirilmiş öldürücü yerüstü və hava silahlanması tələb edir. Rusiya uzaq regionlara qüvvələrin çatdırılmasını nəzərdə tutan missiyasını da inkişaf etdirir. Bu regionlara Arktikadan tutmuş, Suriyaya qədər nəhəng ərazi daxildir. Beləliklə, baş verənlər yaxın müddət üçün Rusiya və NATO arasında münasibətlərin heç də rəvan səviyyədə olmayacağını göstərir.
Tahir TAĞIYEV