Cənubi Qafqazda ciddi təhdid mənbəyi kimi çıxış edən Ermənistanın bu gedişlə təcrid siyasətinin daha da dərinləşməsi gözlənir. Əsas səbəbsə adıçəkilən ölkənin qonşu dövlətlərə ərazi iddialarından əl çəkməməsidir. Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal altında saxlayan Ermənistanın Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında olması heç kimə sirr deyil. Belə görünür ki, imkan və istəyi bir-birinə uyğun gəlməsə də, Ermənistan ərazi iddilarından vaz keçmək niyyətində deyil. Hazırda bu xüsusda erməni təhdidi Gürcüstan istiqamətində özünü gedərək daha qabarıq büruzə verməyə başlayır.
Məlumdur ki, Gürcüstanın ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxetiya bölgəsində bu millətin separatçılıq fəaliyyəti illərdir davam edir. Ümumiyyətlə, Cavaxetiya Ermənistanın əlində hələ də ciddi təxribat kartıdır. Xatırladaq ki, Cavaxetiya Gürcüstanın Stalin dövrünə qədər Ahısqa türklərinin kompakt yaşadığı ərazisi olub. 1937-ci il repressiyaları zamanı buradan və regionun digər yaşayış məntəqələrindən on minlərlə Ahısqa türkü Sibirə və Orta Asiyaya sürgün edildikdən sonra bu torpaqlara İran, Livan, Suriya və digər ölkələrdən kütləvi şəkildə erməni ailələri köçürülüb. Elə o vaxtdan da burada ermənilər problem yaratmağa başlayıb. İndilikdə Gürcüstan ölkəni parçalamağa xidmət edən məkrli niyyətlərin qarşısını, hələ ki, ala bilir. Amma Gürcüstandakı ermənilərin təxribatları da səngimir. Onlar əvvəlki kimi dini, insan azadlıqları, etniklərin hüquqları adı altında Gürcüstanda separatçı fəaliyyətlərini davam etdirirlər. Hətta erməni təbliğat maşınında əhəmiyyətli rol oynamış din xadimlərinin gürcü provaslav kilsələrinə iddialar irəli sürməsi belə davam edir. Bu xüsusda "kavkazplus" saytı yazır ki, Ermənistanın Gürcüstan sərhədlərini pozaraq bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib. Qeyd olunur ki, gürcü torpaqlarının zəbt edilməsi iki ölkə arasında ciddi qarşıdurmaya gətirə bilər. Məsələ ilə bağlı sözügedən sayt yazır ki, Hucabi monastırı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: "Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastırı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastırın zəbt olunmuş ərazisini qanuniləşdirə bilər". O da qeyd olunur ki, 1987-ci ildə Hucabi monastırı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil idi: "Buna sənədlər şahidlik edir. Misal üçün, Gürcü Sovet Ensiklopediyasında Hucabi monastırı Gürcüstanın ərazisi olaraq qeyd olunur. Məlumdur ki, SSRİ dövründə rəsmi nəşrlərdə qeyd olunan informasiyalar dəfələrlə yoxlanmış və dəqiq məlumatlar olub".
Sayt əlavə edir ki, SSRİ dağılandan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək monastırı və onun yerləşdiyi ərazini mənimsəyib: "Halbuki, bu monastır gürcülərə aiddir və onun arxitekturası da XIII əsr gürcü memarlıq üslubunun məhsuludur. Hələ 1988-ci ildə Qarabağın işğalı prosesinə start verən erməni millətçilər Gürcüstana qarşı da təcavüz siyasəti yürüdüb və bunun nəticəsi olaraq Hucabi monastırı işğal edilib. Görünür, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal edib".
Gürcüstan mediasının hazırladığı videosüjetdə Hucabi monastırı ətrafındakı kəndlərdə yaşayan azərbaycanlılar erməni sərhədçilərin illər ərzində sərhədi yavaş-yavaş irəli çəkdiyini deyir. Hazırda da həmin ərazidə yerləşən kəndlərdə azərbaycanlılar yaşayır. Qeyd edək ki, hələ 2005-ci ildə Gürcüstanın "Mze" telekanalının əməkdaşları Monastırda çəkiliş aparmaq istəyərkən erməni sərhədçiləri tərəfindən atəşə tutulub. Halbuki, gürcü jurnalistlər öz torpaqlarında yerləşən Monastıra baş çəkmişdi. Həmin vaxt bu hadisə iki ölkə arasında gərginliyə səbəb oldu. Lakin sonrakı dövrdə məsələ bir qədər sakitləşdi. Hazırda ermənilərin gürcü torpaqlarını zəbt etməsi faktı Gürcüstan ictimaiyyətində yenidən aktuallaşır. Görünən odur ki, gürcü tərəfi ermənilərə qəti müqavimət göstərməsə, ərazilərinin bir hissəsini itirə bilər. Bu məsələdə Gürcüstana, ehtiyac olarsa, Azərbaycan və Türkiyə də lazımi yardım göstərməyə hazırdır. Çünki ermənilərin məkrli niyyətlərinin qarşısı işbirliyi şəraitində daha effektiv şəkildə alına bilər.
Nahid SALAYEV