"Azərbaycan görüş xatirinə belə görüşlərdən imtina etməli, cəbhədə təzyiqləri artırmaqla..."
Məlum olduğu kimi, iyulun 11-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımlar müzakirə olunub. Həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.
Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklifi hər iki ölkənin xarici işlər naziri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.
Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib.
Ümumilikdə sözügedən görüşün nəticələrini necə qiymətləndirmək olar?
Sözügedən məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu görüşü qənaətbəxş hesab etmək olmaz: "Cəbhədə Ermənistanın davam edən təxribatları fonunda belə bir görüşün keçirilməsi əhəmiyyətsizdir və heç bir nəticənin əldə olunmayacağı gözlənilirdi. Ermənistan real danışıqlardan uzaqlaşaraq, imitasiya üçün ildə bir-iki dəfə xarici işlər naziri səviyyəsində belə görüşə qatılır. Bu görüşdə Minsk Qrupunun prezidentlərin ilin axırına kimi görüşünün keçirilməsi barədə təklifi tərəflərə bildirilib. Azərbaycanın belə bir görüşə razılıq verəcəyi gözlənir. Ancaq Ermənistan prezidenti Serj Sarkisyanın bu görüşə - real danışıqlara qatılması sual doğurur. Erməni prezident bu il ərzində çalışacaq ki, danışıqlar dayansın və cəbhədə təxribatlar davam etsin. Çünki gələn il Ermənistanda, konstitusiyaya uyğun olaraq, idarəetmə sistemində dəyişikliklər gözlənir və Sarkisyan baş nazir postuna hazırlaşır. Ona görə də cəbhədə təxribatları və danışıqlardan yayınma kursunu davam etdirəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan görüş xatirinə belə görüşlərdən imtina etməli, Ermənistana cəbhədə təzyiqləri artırmaqla bir neçə rayonu boşaltmaq üçün ultimatum verməlidir. Ermənistan və onun havadarları ilə artıq ultimatumla danışmaq vaxtıdır. Mövqe döyüşləri vaxt itkisi və heç bir nəticəsi olmayan prosesdir".
Vidadi ORDAHALLI