Qabil Hüseynli: "Hazırda Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün ciddi təbliğat kampaniyası başladıb"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə səfərdə olduğu zaman həmin ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla məhsuldar görüşlər keçirib. Keçirilən ikitərəfli görüşlər barədə verilən rəsmi məlumatda bildirilir ki, ölkə başçıları Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ətrafında müzakirələr aparıb.
Görüşün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsilə eyni dövrə təsadüf etməsi erməniləri bərk qorxuya salıb. Bunu onların KİV-lərində dərc edilən materiallardan sezmək mümkündür. Onların başlıca narahatlığı bundan ibarətdir ki, Əliyev-Ərdoğan görüşündə əldə olunan razılaşmalar Qarabağ cəbhəsində gələcək vəziyyətə ciddi təsir edəcək. Erməni tərəfinin bu narahatlığını nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə ilə bu məsələlərin vaxtaşırı müzakirəsi gələcəkdə problemin ədalətli şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə təkan verə bilər: "Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını hədəf aldığını təsdiq edən Alxanlı olayının dünya liderlərinə çatdırılmasında önəmli rol oynayıb. İlham Əliyev Türkiyədə 22-ci Dünya Neft Konqresi çərçivəsində Dağlıq Qarabağ problemi ətrafında yaranmış yeni situasiyanı Ərdoğanla geniş şəkildə müzakirə edib. Hazırda Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün ciddi təbliğat kampaniyası başladıb. Dünya ictimaiyyətinə işğala məruz qalan ölkə olaraq, erməni əsgərlərinin Füzulinin Alxanlı kəndində dinc sakinləri hədəfə almasını çatdırmaq Bakının qarşıya qoyduğu vacib addımlardan biridir. Ehtimal edirəm ki, görüşdə Dağlıq Qarabağ probleminin hərb variantlarından da söhbət gedib və Türkiyənin Azərbaycan Ordusunun gücü və qüvvətinin artması üçün edəcəyi köməklər müzakirə olunub. Prezident İlham Əliyevin Türkiyədə Alxanlı məsələsini dünya ictimaiyyətinə çatdırması çox böyük əhəmiyyətə malikdir.
Ərdoğan görüş zamanı Azərbaycan enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, xüsusilə də Qərbin ehtiyaclarını ödəməsini yüksək dəyərləndirib. Belə qənaətə gəlmək mümkündür ki, bu görüş həm siyasi, həm də iqtisadi cəhətdən dəyərləndirilə bilər. Hesab edirəm ki, prosesi yaxından izləyən ermənilərin narahatlığı da əbəs yerə yaranmayıb".
Məhəmmədəli QƏRİBLİ