Cari ilin aprelində Ermənistanda total saxtakarlıq şəraitində baş tutan seçkilər Qərb ölkələrində də sərt etirazla qarşılandı. Belə görünür ki, seçkilərin üstündən müəyyən müddət keçsə də, baş verən saxtakarlıqlara qarşı hansısa tədbir görülməməsi Qərbdə hələ də ciddi narazılıq yaradır.
Xatırladaq ki, Ermənistanda seçkcilərin pulla ələ alınmasından və inzibati resurslardan hakim Respublika partiyası və partiyanın siyahısında olan oliqarxlar geniş istifadə edib. Seçicilərin ələ alınması halları o qədər geniş tətbiq olunub ki, bu seçkiləri hələ də oliqarxların pul kisələrinin yarışı adlandırırlar. İndi baş verənlərə növbəti dəfə münasibət bildirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yenidən (DTİHB) Ermənistan hökumətinə seçkilərində seçici səslərinin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməyi məsləhət görür. Təşkilatın bu il aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri üzrə yekun hesabatında qeyd edilən xüsusda daha sonra bildirilir: "İctimaiyyətin seçki prosesində etimad göstərməməsini nəzərə alaraq, ümumiyyətlə, siyasi partiyalara seçicilərin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməyi, vətəndaşlara təzyiqlər göstərməyi məsləhət görürük". ATƏT DTİHB, həmçinin, fiziki qüsurlu insanların seçki prosedurlarına çıxış imkanlarının genişləndirilməsi üzrə səylərin gücləndirilməsini təklif edir, eləcə də KİV nümayəndələrinin davranışı üçün dəqiq prinsiplər müəyyənləşdirməyi, medianın monitorinq metodologiyasının yaxşılaşdırılmasını tövsiyə edir.
Xatırladaq ki, seçkilərdən ABŞ da ciddi şəkildə narazı qalmışdı. Hətta seçkilərdən az sonra məlum olmuşdu ki, parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulub. ABŞ-ın İrəvandakı səfiri Riçard Milz bildirmişdi ki, seçicilərin kütləvi ələ alınması, inzibati resurslardan istifadə halları yolverilməzdir. Riçard Milz əlavə edib ki, Ermənistanda seçki prosesinə əngəl yaradanlar və seçicilərin ələ alınmasını təşkil edənlər bundan sonra ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi proqramlarda iştirak etməyəcək. Doğrudur, ABŞ səfiri konkret adlar açıqlamayıb, lakin ABŞ-dan maliyyələşdirilən proqramlara və tədbirlərə iştirak qadağasının məhz seçki prosesinə inzibati təsir edən məmurlara və oliqarxlara yönəldiyi aydındır. Erməni mediası isə yazır ki, məhz seçkilərdən sonra ABŞ belə proqram və tədbirlərin sayını xeyli azaldıb.
Diqqət həm də ona yönəlir ki, son günlər Serj Sarkisyanın Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın maliyyə dəstəyilə cəmiyyətdə alternativ fikirləri təbliğ edən qeyri-hökumət təşkilatları üzərində nəzarəti gücləndirməsi İrəvanın Qərb amilindən qorxduğunu aydın nümayiş etdirir. Hakimiyyət belə qüvvələrin ölkədə qiyam yaradacağından ehtiyatlanır. Ümumiyyətlə, real vəziyyət göstərir ki, müxtəlif humanitar fəaliyyətlər adı altında Ermənistana Qərb dövlətlərindən daxil olan maliyyə axını Serj Sarkisyan hökumətinin ciddi əndişəsinə yol açmaqdadır. Parlament seçkilərindən sonra Qərbin aktivliyinin artması və rəngli inqilab barədə siqnallar Sarkisyan komandasını çox qorxudur. Bu fonda Qərbə bağlı qurumlar müxtəlif yollarla sıradan çıxarılır. Məsələn, elə seçkilərdən sonra Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin qrant üzrə əlaqələndiricisi Maria Papyan külli miqdarda pul mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Erməni şərhçi Naira Ayrumyan belə gedişlərin hakimiyyət üçün hansısa ciddi nəticələrə gətirib çıxarmayacağını bildirir. Onun sözlərinə görə, əslində, hakimiyyət əsas təhlükəni xalqdan gözləməlidir. Çünki xalq hakimiyyətin yarıtmaz siyasətindən yorulub. Onun sözlərinə görə, Ermənistanın siyasi elitası cəmiyyətin ehtiyaclarından və dövlətin real öhdəliklərindən çox uzaqlaşıb: "Son zamanlarda dövlət qərarlarının qəbul edilməsi Rusiyaya həvalə edilib, az miqdarda xırda yerli qərarlar isə oliqarxlar tərəfindən verilir.
Hazırda Ermənistan rəhbərliyi əsasən Rusiyayönümlü qərarlar qəbul edir və Serj Sarkisyan başqa istiqamət tanımadığı üçün Moskvanın müti qulu kimi ölkəsini Avrasiya İttifaqına doğru aparmaqdan başqa yol tanımır. Rusiyaya qarşı ABŞ-ın sanksiyaları fonunda bu, bir sıra erməni siyasətçilər tərəfindən normal sayılmır. ABŞ bu siyasətini davam etdirsə, Ukrayna ilə müharibə aparan Rusiya çökəcək. Nəticədə, Rusiya daha çox daxili problemləri həll etməyə məcbur olacaq. O zaman Ermənistan havada qalacaq və vaxtında Qərbə üz tutmadığına görə Avropa Birliyinin qapıları da üzünə bağlı olacaq". Belə vəziyyətdə o, Ermənistanda hakimiyyətin xalq tərəfindən devrilməsini tamamilə mümkün sayır.
Namiq QULİYEV