Azərbaycanın ordusunun maddi-texniki təchizatının gücləndirilməsi məqsədilə xaricdən aldığı hərbi məmulatlar indi Ermənistanda daha böyük qorxu yaratmaqdadır. Çünki alınan yeni silahlarla düşmənə Azərbaycan Ordusunun daha ağır zərbə vuracağını Ermənistanda indi kifayət qədər yaxşı bilirlər. Elə bu səbəbdən burada fikirlər səslənir ki, Ermənistan hakimiyyəti bunu nəzərə almalı, həmin silahların işə düşməməsi üçün danışıqlar prosesində fəal şəkildə iştirak etməlidir.
Qeyd edək ki, erməni tərəfinin əndişəsinə əsas səbəb Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyasının Bakıya çatdırılmasıdır. Müdafiə Nazirliyi artıq bəyan edib ki, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və digər hərbi avadanlıqlar cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək. Bununla düşmənin diqqətinə çatdırılır ki, həmin silahlardan istənilən an ermənilərə sərt və dəqiq zərbələr endirilə bilər. Hərbçi ekspertlər bəyan edir ki, Azərbaycan Müdafiə Nazirliyinin yeni silahlarla bağlı yaydığı görüntülər onların "Solntsepek" TOS-1A ağır odsaçan sistemlərinə və "Smerç" reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu deməyə əsas verir. Bundan əvvəl Rusiyadan Azərbaycana "Xrizantema-S" tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi. İndi "Xrizantema-S" kimi yeni silahların da cəbhə bölgəsinə yerləşdiriləcəyinin açıq bəyan edilməsi Ermənistanda ciddi qorxuya yol açıb. Məsələ ilə bağlı "1in.am" saytı yazır ki, Bakıya gətirilən silah-sursat arasında TOS 1A raket sisteminin mərmiləri və digər hərbi avadanıqlar var: "Təkcə son silah partiyasının Bakıya gətirilməsi Azərbaycanın hədəfini müəyyən edir: müharibəyə hazırlıq. Ermənistanın son hücumu, görünür, bütün daşları yerindən oynatdı və Azərbaycan daha ağır zərbəyə hazırlaşır. Bu həmçinin o deməkdir ki, Bakının son zərbəsi başlanğıcdır". Qeyd edək ki, TOS 1A raket sistemi "aprel müharibəsi"ndə Ermənistana ağır zərbələr endirmişdi.
Bununla yanaşı, "1in.am" saytı yazır ki, Ermənistanın təhlükəsizliyinə zəmanət olduğunu deyən Rusiya Azərbaycanın zərbələri haqda susacaq: "Bu, Moskvanın razılaşdığı və heç bir şey etməyəcəyi deməkdir. Ötən il aprel döyüşlərində də Rusiya eyni susqunluğu nümayiş etdirdi". Yaranmış vəziyyətdə sayt İrəvanı dişsiz siyasət yürütməkdə ittiham edir: "Ermənistan hakimiyyəti qorxaraq "böyük qardaşı" Rusiyaya heç nə deyə bilmir. Bir sözlə, bizim hakimiyyətimiz nə hansısa siyasətə, nə də diplomatiyaya malikdir".
"Azadlıq" radiosunun erməni xidmətinin məlumatına görə isə, təmas xəttindəki vəziyyətə bələd olan ekspert, "Hetk" nəşrinin baş redaktoru Edik Bağdasaryan Rusiyadan Azərbaycana gətirilən raketlər və sursat barədə həyəcan təbili çalır. O qeyd edir ki, 2016-cı ilin aprelində Azərbaycan silahlı qüvvələri tərəfindən istifadə olunan hərbi texnikadan ən təhlükəlisi Rusiya istehsalı olan "Solntsepek" və İsrail istehsalı olan kamikadze-dronlar idi: "Azərbaycan məhz bu silahlarla bizim silahlı qüvvələrimizə əsas zərbələri endirdi. İndi Rusiya həmin silahların iri partiyasını yenidən Azərbaycana verib, İsrail də həmin şeyi edib".
Məsələyə diqqət yetirən digər erməni analitik Armen Qriqoryan isə qeyd edir ki, 2011-ci ildə Kazan danışıqları fiaskoya uğrayandan sonra Azərbaycan münaqişənin dinc yolla nizamlanmasından ümidini üzüb və irimiqyaslı silahlanmaya başlayıb: "Aprel döyüşlərindən sonra təmas xətti boyu videomüşahidə kameralarının yerləşdirilməsi aprel ssenarisinin yenidən təkrarlanmasını çətinləşdirib. Çünki qəfil hücum effekti artıq yoxdur. Buna görə də indi Azərbaycanın taktikanı necə dəyişdiyinə baxmaq lazımdır. Həmin "Solntsepek"lər aprel döyüşlərində o qədər tətbiq olunmadı. Müharibə göstərdi ki, bizim tanklar da işə yaramadı".
Baş verənləri şərh edən "Lragir" saytı da ikinci "aprel müharibəsi"nin başlaya biləcəyini, Azərbaycan Ordusunun bu dəfə daha çox ərazini işğaldan azad edə biləcəyini vurğulayır: "Bakı Rusiyadan gedərək daha çox və daha müasir silahlar alır. Rusiya və Azərbaycan silah ticarətini biznes adlandırır. Lakin yeni silah partiyasının Bakıya çatdırılmasının Alxanlı hadisələrindən sonra baş tutması təsadüfi deyil. Burada, həmçinin, "aprel müharibəsi"nə qədər Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozinin səfəri yada düşür. Roqozin 2016-cı ilin martında Bakıda olmuşdu. Ardınca aprel döyüşləri oldu və Azərbaycan müəyyən əraziləri azad etdi. Hesab etmək olar ki, Bakı yeni əraziləri azad etmək üçün Moskvanı yenidən neytrallaşdırır. Bu, Ermənistana ağır zərbələrlə müşayiət oluna bilər".
Azərbaycana Rusiyadan güclü silah sistemləri və döyüş sursatı gətirilməsi fonunda digər ekspertlər də Bakının mövqelərinin kifayət qədər gücləndiyini bəyan edir. Hesab edilir ki, həmin silahlardan istifadə Ermənistan üçün mütləq dağıdıcı nəticələrə gətirib çıxaracaq. Qeyd edilən xüsusda rusiyalı hərbi ekspert İvan Konovalov bildirir ki, "Solntsepek" ağır odsaçan sistemləri qismən yaxın məsafəli döyüşlərdə effektivdir, eyni zamanda bu silahlar daha çox açıq ərazilərdə güclü effektə malik olur:"Erməni qüvvələri əsasən yüksəkliklərdə mövqe tutub. Bu silahdan müdafiənin birinci xəttini yarmaq üçün istifadə etmək olar".
Məlumat üçün bildirək ki, "Solntsepek" TOS-1A ağır odsaçan sistemləri dəhşətli dağıdıcı gücünə və hər şeyi yandırıb külə çevirdiyinə, qorxunc atmosfer təzyiqi yaradaraq böyük ölçüdə ərazidə bütün canlıları məhv etdiyinə görə "cəhənnəm silahı" da adlanır. O, 6 kilometr məsafədəki hədəflərə -möhkəmləndirilmiş müdafiə mövqelərinə, canlı qüvvənin və texnikanın cəmləşmə rayonlarına, digər hərbi infrastruktura termobarik başlıqlı raketlərlə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub. Xüsusən dağlıq şəraitdə tətbiqi əlverişlidir. Belə ki, "Solntsepek" sistemlərinin açdığı yaylım atəşi nəticəsində dağlıq ərazilərdə güclü zərbə dalğası yaranır. Sistemin tərkibinə BM-1 döyüş maşını, 220 mm kalibrli 24 raket yönləndirici, nəqliyyat-doldurma maşını daxildir. Silahdan atılan raketin yandırıcı-partlayıcı qarışığının alışması nəticəsində müəyyən radiuslu ərazidə tempratur 3000 dərəcəyə çatır. Bir "Solntsepek" TOS-1A qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır. Beləliklə, Azərbaycan NATO ordularında analoqu olmayan bu dəhşətli silah sistemlərinə malik olmaqla Qarabağda düşmən üzərində ciddi hərbi üstünlük əldə etmiş olur. Qarabağda mümkün irimiqyaslı döyüş əməliyyatları zamanı "Solntsepek" sistemlərinin tətbiqi işğalçı erməni qüvvələri üçün əsl cəhənnəm alovu sayılır. Onu da qeyd edək ki, Azərbaycan ötən ilin aprelinə qədər Rusiyadan azı 18 belə sistem almışdı. Bu yaxınlarda açıqlandı ki, Rusiya Azərbaycana daha 6 "Solntsepek" satıb. Ötən ilin aprelində Azərbaycan bu silahdan istifadə etsə də, bu məhdud xarakter daşımışdı və Xocavənd istiqamətində düşmənin hərbi qərargahına endirilən bir neçə odsaçan zərbəsi ciddi tələfata səbəb olmuşdu.
Bundan başqa məlumdur ki, ordumuzun ixtiyarında Ermənistanın kifayət qədər qorxduğu "Smerç" sistemləri də var. Məlumat üçün bildirək ki, "Smerç" sistemləri 300 millimetrlik raketlərlə atəş açır. Ümumiyyətlə, onlar dəhşətli silah sayılır və sistem bir neçə tip raketlərlə atəş aça bilir. Onlardan biri döyüş başlığı kaset formasında olan raketlərdir. Bu raketin hər biri 7 minə yaxın ağır döyüş qəlpələri və 30 minə yaxın yüngül qəlpə daşıyan 72 döyüş elementinə malikdir. Ağır döyüş qəlpələri düşmənin zirehli olmayan texnikasını, yüngül qəlpələr isə canlı qüvvəsini məhv etmək üçündür. Bir "Smerç" sistemi 16 raket daşıya bilir, həmin raketlər ümumilikdə 522 mindən çox qəlpə daşıyır və bu da silahın nə dərəcədə dağıdıcı gücə malik olduğunu göstərir. "Smerç" sistemləri açıq ərazilərdə, səhrada və çöllükdə tətbiq olunmaq üçün daha əlverişlidir. 90 kilometr məsafədən hədəfi dəqiq vura bilir. Belə ki, "Smerç"lər hədəfi özü axtarıb tapan, habelə tank əleyhinə raketlərlə təchiz olunub. Bir "Smerç" sistemi tam döyüş komplekləşdirməsində 72 yaylım atəşi aça bilir ki, bu da orta ölçülü şəhəri darmadağın etmək üçün kifayətdir. Öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. Cəmi 3 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilir, düşmən hədəflərinə dağıdıcı yaylım atəşi açdıqdan sonra cəmi bir neçə dəqiqə ərzində dayandığı mövqeni sürətlə tərk edə bilir və nəticədə düşmən onun yerini aşkar edib cavab zərbəsi endirə bilmir. Erməni ekspertlər də məhz "Solntsepek" və "Smerç", eləcə də digər belə sistemlərin döyüşdə tətbiqinin onlar üçün ciddi fəlakətə gətirib çıxaracağını etiraf edirlər.
Proseslərin gedişi göstərir ki, Azərbaycan Ordusu mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı düşmənin müdafəsinin birinci xəttini darmadağın etmək üçün kütləvi raket-artilleriya zərbələrindən istifadəni nəzərdən keçirir. Elə erməni tərəfini də qorxuya salan budur. Çünki belə vəziyyət düşmənin cəbhədə böyük tələfatla üzləşməsini qaçılmaz edəcək. İndiyə qədər bu vəziyyətdə ermənilərin Rusiyanın onları müdafiə edəcəyinə dair ümidləri də alt-üst olub. Bu durumda ermənilər, belə demək mümkünsə, eyforik vəziyyətə düşüb sərsəm fikirlər belə səsləndirirlər. Məsələn, Ermənistanda fəaliyyət göstərən Qloballaşma və Regional Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan hesab edir ki, ölkəsini Azərbaycan Ordusundan yalnız NATO xilas edə bilər: "Ermənistan NATO ilə əməkdaşlıq etməyəcəksə, Azərbaycan müharibəni başlayacaq və istədiyinə nail olacaq. NATO böyük və nüfuzlu təşkilatdır. Bizə silahla kömək etməsə belə, siyasi bəyanatlarla kömək edə bilər. Azərbaycandan qorunmağın ən yaxşı yolu budur. Bu qərarı təcili verməliyik". Amma aydındır ki, NATO ərazisində Rusiya hərbi bazasını saxlayan bir ölkə ilə əməkdaşlıqda maraqlı deyil. Digər tərəfdən, Qarabağ münaqişəsi yenilənəcəyi halda, müharibə yenə Azərbaycanın sərhədləri daxilində gedəcək. Məhz bu vəziyyətdə Ermənistana NATO və ya Rusiyanın kömək etməsi mümkünsüz sayılır.
Belə vəziyyətdə Azərbaycan qısa zaman kəsiyində düşməni darmadağın etmək gücünə malikdir və bunu ermənilər də yaxşı bilir.
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.