Məhəmməd Əsədullazadə: "Tramp, xələfindən fərqli olaraq, Azərbaycanın daxili işlərinə qarışmır, enerji layihələrinin həyata keçirilməsinə ciddi dəstək verir"
Məlum olduğu kimi, İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edən ABŞ dövlət katibi Reks Tillerson Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirib. Prezident "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb. R.Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
Prezident XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Tillersondan xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyi kimi dəyərləndirib.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Prezident münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib. Söhbət zamanı, həmçinin, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bütün hallarda, Trampın ölkə başçısına göndərdiyi iki məktubdan sonra belə yüksək səviyyəli görüşün keçirilməsi Azərbaycanın regionda oynadığı rola verilən önəmin göstəricisidir.
Maraqlıdır, bəs siyasi ekspertlərin buna münasibəti necədir? Sözügedən məsələni dəyərləndirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-da respublikaçı namizəd Donald Tramp hakimiyyətə gəldikdən sonra iki ölkə arasında nəzərəçarpan yaxınlaşma hiss olunmaqdadır: "ABŞ Azərbaycanla regional təhlükəsizlik, enerji və beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir. Tramp, xələfindən fərqli olaraq, Azərbaycanın daxili işlərinə qarışmır, enerji layihələrinin həyata keçirilməsinə ciddi dəstək verir. Son iki ayda ABŞ prezidentinin ölkə başçısına iki dəfə məktub göndərməsi bu əlaqələrin inkişaf etməsində maraqlı olmasının göstəricisidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm ölkədir. Ona görə də ABŞ-ın Azərbaycanla əlaqələrə bundan sonra da önəm verəcəyi gözlənir. İstanbulda Prezident İlham Əliyevlə dövlət katibi Tillersonun görüşündə cari məsələlər və iki ölkə arasında münasibətlər geniş müzakirə predmeti olub. Burada enerji, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Əfqanıstana ABŞ hərbi yüklərinin daşınması kimi aktual mövzular barədə iki ölkənin maraqlarına uyğun bundan sonrakı dövrdə münasibətlərin yüksək səviyyədə saxlanması qeyd edilib. Azərbaycanın neft-qaz layihələrinin inkişafında, Avropa bazarlarına çıxışında ABŞ-ın verdiyi dəstək mühüm rol oynayır. Bəzi ölkələr Azərbaycanın Avropanın qaz bazarına girməsinə ciddi maneələr yaratmaqdadır. Ona görə də ölkəmizə qarşı bu təzyiqlərin qarşısının alınması üçün İstanbulda keçirilən görüş mühüm rol oynayır. ABŞ-ın Azərbaycana enerji təhlükəsizliyinin təminatında geniş dəstək verəcəyi, siyasi əlaqələrdə isti münasibətlərin saxlanması barədə razılıq əldə olunub. Hesab edirəm ki, iki ölkənin əlaqələrinin inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir göstərə bilər. ABŞ Minsk Qrupunun üzvü kimi, münaqişənin həllində mühüm ölkədir. Bu ölkənin Cənubi Qafqazda Rusiya ilə geosiyasi mübarizəsi hələ ki, ABŞ-ın münaqişədə bir qədər kənarda qalmasına səbəb olub".
Vidadi ORDAHALLI