"Bütün tərəflər layihənin reallaşmasında maraqlıdır"
Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxış edib. Dövlət başçısının sözlərinə görə, "Cənub Qaz Dəhlizi" ətrafında əla model yaradılıb: "Cənub Qaz Dəhlizi" layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya.
Üç Balkan ölkəsi də gələcəkdə "Cənub Qaz Dəhlizi"nə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar, yəni Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcək".
Mövcud reallıq ondan ibarətdir ki, regionda həyata keçirilən bütün layihələrdə Azərbaycan əsas rol oynayır. İstər enerji, istərsə də nəqliyyat layihələrində Azərbaycanın önəmi əvəzsizdir. Bütün bunlarla yanaşı, ümumilikdə, "Cənub Qaz Dəhlizi" ətrafında əməkdaşlıq modelini şərtləndirən faktorları ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin gücü ondadır ki, layihədə iştirak edən bütün tərəflər kəmərin ərsəyə gəlməsində maraqlıdır: "Məsələ ondadır ki, bu kəmər həm Türkiyənin, həm də Avropanın Rusiyadan enerji asılılığını azaldacaq. Çünki enerji resurslarına tələbatı olan ölkələrin hamısı istəyir ki, bir mənbədən asılı olmasın. Bir mənbədən asılılıq iqtisadi-siyasi sıxıntılara yol açır. O baxımdan nəzərə almaq lazımdır ki, "Cənub Qaz Dəhlizi" unikal imkanları özündə birləşdirir. Bununla yanaşı, layihə çərçivəsində Türkiyə və Avropa ölkələrinə qaz ötürmək üçün ehtiyatlar kifayət qədərdir. Yəni kimsə deyə bilməz ki, həmin ehtiyatlar yaxın bir neçə ildə tükənəcək. Məhz bu faktor layihəni Avropa ölkələri üçün daha çox cəlbedici edir. Nəzərə alsaq ki, gec-tez Türkmənistan qazının da məhz bu dəhliz vasitəsilə Avropa bazarına çıxarılması ehtimalı böyükdür, o zaman bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Digər tərəfdən, burada, Prezidentin də qeyd etdiyi kimi, bütün tərəflərin maraqları nəzərə alınıb. Ona görə də bütün tərəflər layihənin reallaşmasında maraqlıdır". Vidadi ORDAHALLI