Füzulidə baş verən hadisəyə təəssüfünü bildirən ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigenin bu məsələ ilə maraqlandığını, təxribatın törədildiyini, mülki əhaliyə qarşı qəsd olunduğunu deyib. "Trend"in məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova dünən keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ATƏT PA-nın Minskdə keçirililən 26-cı sessiyasında Füzulidə ermənilər tərəfindən törədilən təxribatla bağlı Azərbaycan nümayəndə heyəti məlumat verib və öz etirazını bildirib: "Füzulidəki təxribatda həlak olan iki yaşlı Zəhranın və onun nənəsinin ürək ağrıdan şəkillərini toplantı iştirakçılarına çatdırdıq. Baş verən hadisəni heç bir rənglərlə tündləşdirmədən, heç nə artırmadan olduğu kimi PA-nın diqqətinə çatdırdıq. Məlumatların doğurduğu psixoloji gərginlik 26-cı sessiyanın sonunadək nümayəndə heyətlərinin üzvləri arasında davam etdi. Bu, həqiqətən də hər kəsin hiddətinə səbəb oldu. Lakin ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir. Biz vurğuladıq ki, ATƏT PA problemin həlli üçün ATƏT-in bütün institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün də müəyyən təkliflərimizi verdik. Bu təkliflər yekun bəyannamədə də öz əksini tapdı".
B.Muradova qeyd edib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti isə Azərbaycanın qaldırdığı bu məsələnin diqqətdən kənar qalmasına çalışıb: "Nəzərinizə çatdırım ki, bu dəfə Ermənistanın nümayəndə heyətinin tərkibi tam dəyişsə də, siyasətləri dəyişməyib. Yeni tərkibdə olan nümayəndə heyəti də əvvəlki nümayəndə heyətinin siyasətini davam etdirir. Ermənistanın nümayəndə heyətinin rəhbəri çıxışında hər vəclə bu məsələnin tamamilə diqqətdən kənarda qalmasına, Azərbaycan tərəfinin də guya buna bərabər hərəkətlər etdiyinə inandırmağa çalışdı. Onlar Azərbaycan tərəfinin bu hadisədən şou düzəltdiyini, bunun üzərində populist müzakirlələr apardığını vurğulamağa çalışdılar. Bunlar əsassız fikirlərdir, hər kəs hadisənin necə baş verdiyini görür. Nümayəndə heyətlərinin üzvləri "Bu kimi hərəkətlərə son qoyulmalıdır" deyə fikirlərini səsləndirirdilər. Təbii ki, "son qoyulmalıdır" dedikdə də bu, o hadisəni törədənlərə ünvanlanır".
ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında ATƏT-in Minsk Qrupunun fəaliyyəti tənqid olunub. "Trend"in məlumatına görə, bunu isə ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.
Onun sözlərinə görə, iclasda ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlı təəssüf ifadə edilib.
A.Quliyev qeyd edib ki, bu gün danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışıqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlar aparması ilə bağlı fikirlər səsləndirilib: "İclasda, həmçinin, qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".
Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirdiyini nəzərə çatdıran A.Quliyev qeyd edib ki, son sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi açıq şəkildə gündəmə gətirildi.
A.Quliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla bağlı ilk çağırışı münaqişənin ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi: "İkinci çağırış Helsinki Yekun Aktının bu prinsip əsasında qəbul edilməsi ilə bağlıdır. Üçüncü çağırış isə budur ki, Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verməlidir. Öz müqəddəratını təyin etmə heç bir halda ölkələrin ərazi bütövlüyü hesabına edilə bilməz. Ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz".