Vəfa Heydərli: "Dünyanı lərzəyə sala biləcək cinayətlərin gələcəkdə də ermənilər tərəfindən törədilməsinin qarşısını almaq üçün daha radikal addımların atılmasına zərurət yaranıb"
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə bütün dünyada böyük rezonans doğurdu.
Qeyd edək ki, Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva qətlə yetirilib. İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübut etdi. Görünür, Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi düşmən dövlətin siyasətinə çevrilib.
Alxanlı hadisəsi Dağlıq Qarabağ probleminin həllində nə kimi yenilik yaratdı və sülh danışıqları prosesində nəyi dəyişə bildi?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, bu hadisə dünya birliyi üçün "şok terapiyası" rolunu oynadı: "Biz bu təbliğatı daim aparırdıq. Mütəmədi olaraq bildirirdik ki, Ermənistan sülh yaratmaqda maraqlı deyil. Təəssüflər olsun ki, çox vaxt bizim iddialarımıza lazımi reaksiya verilmirdi. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin biganəliyi erməni terrorçularının əl-qolunu açır və dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir. Bəlli oldu ki, erməni hərbi birləşmələri tərəfindən münaqişə ilə birbaşa bağlı olmayan ərazilərdə, təmas xəttindən uzaqda olan yaşayış məntəqələrinin və mülki əhalinin atəşə tutulması Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Erməni silahlı qüvvələrinin bu cür təxribatlar törətməsi, mülki insanları hədəfə alması Ermənistanın beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasını da üzə çıxardı. Hesab edirəm ki, müvafiq beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli üçün məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupu insanlığa qarşı yönəlmiş bu cinayətə obyektiv münasibət bildirməli, təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquq müstəvisində qətiyyətli addımlar atılmalıdır.
Bu hadisə dünya ictimaiyyətini ayıltmalıdır. Onları sülh prosesinə yeni yanaşma ortaya qoymağa vadar etməlidir. Dünyanı lərzəyə sala biləcək cinayətlərin gələcəkdə də ermənilər tərəfindən törədilməsinin qarşısını almaq üçün daha radikal addımların atılmasına zərurət yaranıb".
Məhəmmədəli QƏRİBLİ