Akif Nağı: "Makron prezident olandan sonra bu aktivlik bütün dünya boyu nəzərə çarpır"
Fransanın bir qrup siyasətçisi iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə nəticələnən hadisədən hiddətlənərək ölkə prezidenti Emanuel Makrona müraciət ünvanlayıb.
Müraciətə imza atan deputatlar bildirir ki, mütləq və təcili şəkildə, Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini Ermənistana qəbul etdirmək istiqamətində ən qısa zamanda hərəkətə keçməlidir: "Fransa 1997-ci ildən etibarən Rusiya və Amerika Birləşmiş Ştatları ilə birgə Minsk Qrupunun həmsədridir. Onun tərəfdaşları strateji və ya taktiki səbəblərdən münaqişənin həllinə nail olmaq üçün imkanların səfərbər olunmasında maraqlı görünmür.
Vasitəçilərin ləngimələrinə son qoymağın zamanıdır və münaqişənin yenidən başlanması yolverilməzdir. Məhz buna görə də, Cənab Respublika Prezidenti, Minsk Qrupunun həmsədri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi, Sizin daşıdığınız vəzifələrin öhdəliyinə uyğun olaraq dərhal hərəkətə keçməyinizi xahiş edirik.
Ölkəmizin Qafqazda hərəkət etmək imkanı var. Bizim Ermənistan və Azərbaycanla balanslaşdırılmış siyasi, iqtisadi və dostluq əlaqələrimiz var və bu əlaqələr imkan verir ki, müharibə edən tərəflər bizi eşitsin. Bunun üçün bizə, sadəcə, güclü siyasi istək lazımdır.
Fransanın beynəlxalq arenaya qayıdışının işarəti ilə başlayan yeni beşilliyin əvvəlində beynəlxalq hüquqa və insan həyatına hörmət edilməsini təmin etmək məqsədilə Fransanın Qafqazda təşəbbüs göstərməsi yerinə düşməzdimi?
Cənab Prezident, Sizin reaksiya vermək və Qafqazda sülhün bərqərar olunması üçün hər cür ədalətli təşəbbüslər göstərmək istəyinizə inanaraq, ən yüksək ehtiramımızı qəbul etməyinizi rica edirik".
Göründüyü kimi, deputatlar Makronu Qafqazda təşəbbüs göstərməyə çağırır. Bu nə deməkdir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Fransanın yeni prezidenti hakimiyyətə gələndən sonra belə çağırışlar çox eşidilir: "Yeni prezident cavan və enerjilidir. Hiss edilir ki, Fransanın əvvəlki nüfuzunu özünə qaytarmaq istəyir. Bilirsiniz ki, Fransa sıradan bir ölkə deyil. Böyük imperiyaya sahib olmuş bir dövlətin varisidir. Ancaq etiraf etmək lazımdır ki, son 10 il ərzində onun nüfuzu xeyli aşağı düşüb. Bundan əvvəlki prezident də ölkəsinin dünya siyasətindəki yerini bərpa etməyə cəhd etdi, amma alınmadı. Bu yalnız Cənubi Qafqazla bağlı olan məsələ deyil. Fransanın bütün dünya üzrə maraqları mövcuddur. Cənubi Qafqazla bağlı isə fransalı siyasiləri bir neçə məqam narahat edir. Onlardan biri Rusiyanın deyilən regionda hədsiz fəallaşması, ABŞ-ın isə tamamilə zəifləməsilə bağlıdır. Təbii ki, bu, Avropaya sərf etmir. Fransa da özünü Avropanın ağası olan ölkə kimi qəbul edir. Bu baxımdan da ABŞ-sız fəaliyyətə keçmək istəyir. İkinci bir məqam isə İran və Türkiyənin Cənubi Qafqazda güclənməsidir. Təbii ki, Fransa bunu da istəmir. Bir sözlə, Fransa Cənubi Qafqazda ciddi mövqe ortaya qoymaq niyyətindədir. Fransız təşəbbüsü deyəndə bu nəzərdə tutulur. Makron prezident olandan sonra bu aktivlik bütün dünya boyu nəzərə çarpır. Bu baxımdan da belə bir çağırışın Cənubi Qafqazla bağlı edilməsində təəccüblü nəsə yoxdur".
Məhəmmədəli QƏRİBLİ