Bu ilin sonunadək Azərbaycan təbii qazını Avropaya daşıyacaq "Transadriatik" (TAP) qaz boru kəməri üzrə boruların 50 faizinin qaynaq edilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı TAP konsorsiumunun yaydığı məlumata əsasən, indiyədək kəmərin ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boruların 22 faizi qaynaqlanıb.
İndi işlər qrafik üzrə getsə, Avropa tam yeni bir mənbədən - Xəzər hövzəsindən Azərbaycanın sayəsində təbii qaz ala biləcək. Qeyd edək ki, bu məsələ Avropanın özünün də xüsusi maraq dairəsindədir və sözügedən istiqamətdə Azərbaycanla birgə zəruri işlər görülür. Amma görünən odur ki, məsələ ilə bağlı narahat olan qüvvələr TAP kimi mühüm bir kəmərə qarşı yenə fəal işbirliyi aparır. Əvvəlki kimi problem yenə İtaliyada özünü qabarıq göstərir.
Məlumat verildiyi kimi, bir neçə gün əvvəl İtaliyanın Melandunyo bölgəsində TAP kəmərinə görə təhlükəsizlik qüvvələri ilə "No TAP" komitəsinin fəalları arasında güclü toqquşmalar olub. Bildirilir ki, yüzlərlə fəal və yerli sakin San-Fokada, TAP kəmərinin marşrutu üzərində qalan sonuncu 43 zeytun ağacının köçürülməsini əngəlləməyə çalışıb. Bu zaman güclü toqquşmalar baş verib. Bir daha xatırladaq ki, "No TAP" komitəsinə rəhbərlik edən, İtaliya parlamentindəki yerlərin 22 faizinə sahib "Beş ulduz" hərəkatının lideri, aktyor və blogger Beppe Qrillo Rusiya ilə bağlıdır. "No TAP" komitəsi kəmərin inşası fonunda təxribatçı əməllərindən əl çəkmir. Onlar ərazidə qalan zeytun ağaclarının köçürülməsinə mane olmaq üçün polislə belə toqquşmaya gedir. Amma nəzərə alınmır ki, İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib, bu isə o deməkdir ki, yerli hakimiyyətlərin mövqeyi nəzərə alınmadan Azərbaycandan təbii qazı İtaliyaya daşıyacaq boru kəməri tikilməlidir. Amma müəyyən təxribatçı qüvvələr bunu hələ də əngəlləməyə çalışır. İndi belə bir vaxtda İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano da gözlənilmədən "No TAP" komitəsinin sıralarına qoşulub. O bəyan edib ki, TAP-a alternativ olaraq Balkan regionunu Apuliya bölgəsi ilə birləşdirən yeni qaz kəmərinin çəkilməsini dəstəkləməyə hazırdır. Bu, "Falcone Group" şirkəti tərəfindən irəli sürülən və heç kimin ciddi qəbul etmədiyi "Eagle LNG" layihəsidir. Həmin layihəyə əsasən İtaliya Balkan regionu üzərindən ABŞ, Qətər və digər ölkələrdə sıxılmış qazı 110 kilometrlik "Eagle" kəməri vasitəsilə nəql edə bilər.
Qubernator layihəni öz ofisində təqdim edib və onu "Avropa və Balkanlar üçün strateji layihə" adlandırıb. Lakin Emiliano nəzərə almayıb ki, onun da təmsil olunduğu hökumət 2016-cı ilin iyulunda həmin layihəni "yararsız" hesab edərək kənara atıb. Çünki iqtisadi baxımdan layihə effektiv hesab edilmir. Amma məsələnin yenidən gündəmə gətirilməsi göstərir ki, TAP əleyhdarları artıq son variantdan istifadə etməyə hazırlaşır, çünki zeytun ağacları ilə bağlı gətirilən bəhanələr artıq işə yaramır. Yaranmış vəziyyətdə hesab edilir ki, İtaliya hökumətinin qətiyyəti əslində bu yeni variantların da işə yaramamasına gətirib çıxaracaq. Çünki kəmər İtaliya hökumətinin özü üçün də olduqca vacibdir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TAP TANAP-ın davamıdır. "Şahdəniz-2"-dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Yunanıstanın Kipoi ərazisindən başlayan TAP boru kəməri Albaniya ərazisini də qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada "Snam Rete Gas" şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. TAP Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi baxımından indi çox vacib sayılır. Xüsusən də Rusiyanın enerji asılılığından xilas olmaq üçün Avropa yeni mənbələrdən enerji idxalına xüsusi maraq göstərir. Yuxarıda qeyd olunduğu kimi, belə yeni mənbə qismində isə indilikdə yalnız Azərbaycan çıxış edir. Bu mənada hesab edilir ki, Avropa İtaliyada TAP-a qarşı olanlar barədə artıq daha sərt ölçülər götürməlidir.
Tahir TAĞIYEV