Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin son gedişi erməni təxribatı nəticəsində müharibə ehtimalının gedərək artdığını göstərir. Bunun ümdə səbəblərindən biri ermənilərin müharibə qanunlarını belə pozaraq mülki şəxsləri də bilərəkdən hədəfə almasıdır. Belə vəziyyətdə Azərbaycanın daha təsirli əks cavab tədbirləri görəcəyini ermənilər özləri də artıq etiraf edir. O da vurğulanır ki, məhz həmin cavab tədbirləri cəbhədə həyatını itirən erməni hərbçilərinin sayının artmasına gətirib çıxaracaq. Elə bu durum da indi erməni cəmiyyətində böyük narahatlığa yol açıb.
Digər tərəfdən erməniləri qorxudan daha bir məqam Azərbaycanın düşmənin hədəflərini yüksək sərrastlıqla məhv edə bilən yeni silahlara yiyələnməsidir. Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Azərbaycan Rusiyadan yeni partiya silah alıb. Bundan öncə Rusiyadan Azərbaycana 42 eşelon silah-sursat gətrilmişdi. Bunun ardınca isə iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi davam etdirilib. Bu dəfə Rusiyadan əsas etibarı ilə yeni raketlər alınıb. Bakı limanına gətirilən növbəti partiya artilleriya və raket sistemləri üçün çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Eşelonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.
Ermənilər özləri də bəyan edir ki, Azərbaycan bu silahları nümayiş üçün almır və yaxın tezlikdə onlardan cəbhə zonasında istifadə tamamilə gözləniləndir. Xüsusən də erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək iki yaşlı Zəhranı və nənəsini qətlə yetirməsi düşmənin müharibə qorxularını artırıb. Erməni jurnalist Sarkis Artsruni, vəziyyət dəyişməyəcəyi təqdirdə, tezliklə müharibənin alovlanacağını vurğulayır. O qeyd edir ki, yeni savaş Ermənistan üçün böyük təhlükə ola bilər: "Biz müharibəyə yaxınlaşdıq və bu, Ermənistan üçün böyük təhlükə ola bilər. Hətta "aprel müharibəsi"ndən də təhlükəli olan döyüş başlaya bilər. "Aprel müharibəsi" "ildırımsürətli" idi. İndi isə müharibənin motivləri çox dərin və çoxqatlıdır. Azərbaycan Dağlıq Qarabağda mövcud status-kvonu dəyişdirmək üçün geri çəkilməyəcək. Ermənistanda isə Serj Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün bu müharibədən istifadə edir". Digər erməni ekspert Tavos Arşakyan isə mümkün müharibədə Rusiyanın Ermənistanı müdafiə etməyəcəyini düşünür: "Rusiya Azərbaycana silah satır və qarşıdakı müharibədə Azərbaycan bu silahlarla bizim əsgərləri məhv edəcək. Rusiya isə "müttəfiq" Ermənistanın yox, dostu Azərbaycanın müdafiəsində duracaq". Amma erməniləri narahat edən təkcə Rusiyadan alınan silahlar deyil. Burada bildirilir ki, Azərbaycanın diplomatik gedişləri Ermənistanı gedərək daha çətin vəziyyətə salır. Bununla bağlı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak üçün bu ölkədə olması ermənilərin də xüsusi diqqətini cəlb edib.
Xatırladaq ki, Türkiyəyə səfər çərçivəsində İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüşündə təmas xəttində baş verənlər, Ermənistanın sonuncu təxribatı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib. Məsələnin bu tərəfinə toxunan erməni siyasi şərhçi Akop Badalyan "lragir" saytında yazır ki, iyulun 4-də baş verən hadisədən sonra Azərbaycan erməni hərbi birləşmələrinin mövqelərinə zərbələr endirdi: "Bu, cavab zərbəsi adlandırıldı, lakin Bakının zərbələrə davam edəcəyi gözləniləndir. Bu baxımdan, İstanbulda Əliyevlə Ərdoğanın baş verənləri müzakirə etməsi təsadüfi deyil. Hesab etmək olar ki, bu müzakirələr təmas xəttində növbəti hadisələrin inkişaf yönünü müəyyənləşdirəcək". Erməni şərhçi Türkiyənin Azərbaycana dəstək verəcəyini də qeyd edib: "Türkiyə beynəlxalq aləmdə müxtəlif cəbhələrlə mübarizə aparır, bu baxımdan, Bakıya dəstəyin təxirə salınacağını düşünmək olardı. Lakin müzakirələr və çıxışlar Türkiyənin dəstək verəcəyini deməyə əsas verir". O da bildirilir ki, yaranmış vəziyyətdə Ermənistana real kömək edə biləcək hansısa müttəfiqi yoxdur. Akop Badalyan qeyd edir ki, Ermənistanın güvəndiyi Rusiya Azərbaycana daha müasir silahlar satır. Onun sözlərinə görə, bu vəziyyətdə Ermənistanın müharibədə daha tez məğlub olmaq ehtimalı yüksəlir və Azərbaycan da bunu yaxşı dəyərləndirir. O bildirir ki, Rusiyada Ermənistandan üz döndərənlərin sayı artır və bu xüsusda o, rusiyalı politoloq Sergey Markovun fikirlərinə ayrıca diqqət çəkir. Qeyd edək ki, Markov Qarabağ məsələsində Rusiyanın Ermənistana təzyiq göstərməsinin vacibliyini gündəmə gətirib. O qeyd edir ki, region yenidən tammiqyaslı müharibə astanasındadır: "Danışıqlar ümumiyyətlə getmir. Onlar praktiki olaraq dondurulub. Vəziyyət ondan ibarətdir ki, orada atəşkəs pozulub və bu, Azərbaycan tərəfdən qadın və eyni zamanda onun azyaşlı nəvəsinin ölümü ilə nəticələnib. Bu, Azərbaycan cəmiyyətində böyük qəzəb doğurub və hakimiyyət buna reaksiya vermək məcburiyyətində qalıb. Ona görə də onlar buna atəş açmaq şəklində qarşılıq veriblər. Və beləliklə biz hazırda elə bir vəziyyətdəyik ki, hərbi əməliyyatlar yenidən başlaya bilər".
Ekspert hesab edir ki, 2016-ci ilin aprel hadisələri təkrarlana bilər: "Çox güman ki, hər şey 2016-cı ildə, ciddi danışıqların başladığı bir vaxtda baş verən aprel müharibəsinin ssenarisi üzrə gedəcək. Bu danışıqlar, demək olar ki, uğurla nəticələnmişdi, lakin son anda Ermənistan rəhbərliyi öz radikalları qarşısında qorxu səbəbindən bu razılaşmanı imzalamağa cəsarət etmədi". Politoloqun fikrincə, Rusiya danışıqların başlaması üçün Ermənistanı buna təhrik etməlidir. Yalnız bu, münaqişə zonasında gərginliyin aradan qalxmasına kömək edə bilər. İndi Ermənistanda belə hesab edirlər ki, Rusiyada prosesə Markovla eyni rakursdan yanaşanların sayı artıb və bu hal İrəvanın tək qalması deməkdir. Belə vəziyyətdə Azərbaycanın Qarabağdakı erməni silahlı qüvvələrini asanlıqla darmadağın edəcəyi isə Ermənistanda da qətiyyən şübhə doğurmur. Bunu erməni politoloq Armen Bədəlyan da təsdiq edir: "Ermənistan üçün müharibə fəlakət olardı. Azərbaycanın kifayət qədər gücləndiyini, ona beynəlxalq dəstəyin artdığını yaddan çıxarmayaq. Bu vəziyyətdə cəbhədə fəallığın artması Ermənistan üçün qətiyyən məqbul deyil. Bu durumda Ermənistanda "Azərbaycana preventiv zərbə endirməyə" çağıran bəzi generallar isə sadəcə boşboğazlıq edirlər. Yaxşı olardı ki, həmin o birinci hücum etmək tərəfdarlarının uşaqlarını hərbi xidmətə göndərsinlər və qoy onlar hücum edən qoşunların ön sıralarında yer alsınlar. Görək o vaxt həmin "divan generalları" yenə də birinci hücum etmək barədə danışacaqlar? Fəallıq ancaq diplomatik sahədə olmalıdır. Amma Ermənistan elə siyasi və iqtisadi çəkiyə malik deyil ki, diplomatik cəhbədə fəallıq göstərə bilsin və bu sahədə Azərbaycandan çox geri qalırıq".
Baş verənləri şərh edən rusiyalı hərbi ekspert Aleksandr Qolts isə öz növbəsində bildirir ki, səbr kasası daşmaqda olan Azərbaycan yeni hərbi əməliyyatlara qərar versə, Ermənistanın itkiləri kifayət qədər çox olacaq. Onun sözlərinə görə, bu vəziyyətdə İrəvan danışıqlar prosesinə xüsusi diqqət yetirməlidir: "Amma hələlik münaqişənin dondurulmuş vəziyyətdən genişmiqyaslı mmüharibəyə çevrilmə ehtimalı günbəgün artır. Güzəşt perspektivi isə hələ də görünmür". Elə bu səbəbdən rusiyalı politoloq, Qafqaz üzrə ekspert Andrey Yepifantsev bildirir ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana lazımi təzyiq göstərməlidir. O, indilikdə belə təzyiqin yoxluğunun Qarabağda müharibə ehtimalını artırdığını bildirir. Ekspertin fikrincə, beynəlxalq siyasətin ön xəttində dayanan ölkələrdə, o cümlədən Minsk Qrupu ölkələrində siyasi iradə çatmır. Yepifantsev onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini "ölü nöqtə"dən tərpətmək üçün onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır: "İndi Dağlıq Qarabağ məsələsi Suriya, Ukrayna, qaçqınlar və digər məsələlərlə əlaqədar bir qədər diqqətdən kənarda qalıb. Bu vəziyyətdə Ermənistan tərəfi hesab edir ki, BMT-nin 4 qətnaməsini yerinə yetirməyə və qoşunları işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaya bilər. Azərbaycanın isə münaqişənin həlli üçün hərbi yoldan başqa seçimi qalmır. Həm də hər hansı həll yolu tapılmayana qədər Dağlıq Qarabağ münaqişə zonasında qoşunların qarşıdurma xəttində toqquşma davam edəcək. Münaqişənin həlli yalnız geniş kompromis yolu ilə mümkündür. Qeyd edim ki, Minsk Qrupunun 20 ildən artıq fəaliyyəti ərzində bütün mümkün qərarlar düşünülüb və təklif edilib. Hazırda yeni bir təklif düşünüb tapmaq prinsipcə mümkün deyil. Bundan əvvəl hazırlanmış qərarlar bu və ya digər dərəcədə BMT qətnamələri və Madrid prinsiplərindən kənara çıxmamalıdır".
Aydındır ki, ekspertin dediyi şəkildə münaqişənin həllində əməli addımlar atılmasa, məsələnin çözümündə silahlardan istifadə qaçılmaz olacaq. Özü də bu dəfə silahlar işə düşsə, müharibə daha genişmiqyaslı olacaq. Belə şəraitdə Azərbaycana beynəlxalq miqyasda hansısa irad tutmaq da mümkün olmayacaq. Ən azından ona görə ki, ötən ilin aprelindən sonra Azərbaycan Ermənistana və beynəlxalq vasitəçilərə məsələnin sülhlə həlli üçün müəyyən şans və zaman verdi. Amma qarşı tərəf hələ də bunu layiqincə qiymətləndirə bilmir. Əksinə, mülki vətəndaşları hədəfə alır. Elə bu vəziyyətdə Azərbaycanın Qarabağ düyününü silah gücünə kəsib atması artıq qaçılmaz reallığa çevrilir.
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.