Aydın Mirzəzadə: "Azərbaycanın dövlətçilikdə, insan hüquqlarının qorunmasında, iqtisadiyyatın möhkəmlənməsində atdığı addımlar..."
Məlum olduğu kimi, iyulun 9-da ATƏT PA-nın Minskdə keçirilən yay sessiyasının plenar iclasında bitərəfli və qərəzli qətnamə böyük səs çoxluğu ilə rədd edilib. Bu, Azərbaycan nümayəndə heyətinin apardığı gərgin iş sayəsində mümkün olub.
Qeyd edək ki, ötən həftə ölkə mediasında ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəklədiyi xəbəri yayılmışdı. Belarus mətbuatına istinad edən mediamız yazmışdı ki, Anti-Azərbaycan qətnaməsinin lehinə 31, əleyhinə isə 17 nümayəndə səs verib, 17 nəfər bitərəf qalıb. Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində "Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin, siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı" bildirilirdi.
İsveçli deputat Kristian Holm-Barenfeldin müəllifi olduğu bu qətnamə Azərbaycan, Rusiya və İsveçrə nümayəndələri tərəfindən kəskin tənqid edilib. O cümlədən Azərbaycan nümayəndə heyətinin səyi nəticəsində ölkəmizə yönəlik qətnamə plenar iclasda ləğv edilib. Bütün bu deyilənlərin fonunda nə baş verdi ki, bir gün əvvəl qəbul olunan qətnamə sonrakı gün rədd edildi? Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu onu göstərir ki, Azərbaycanın nüfuzu dünya aləmində kifayət qədər möhkəmdir: "Azərbaycana yönəlik qətnamənin rədd edilməsi göstərdi ki, beynəlxalq aləmdə ölkənin nüfuzu böyükdür. Xaricdə bir sıra anti-Azərbaycan mərkəzləri var ki, onlar beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etməyə, ölkə barəsində beynəlxalq aləmdə mənfi fikir formalaşdırmağa çalışır. İsveçli deputatın hazırladığı qətnamə də bu qəbildən olan məsələlərdən ibarət idi. Ancaq Azərbaycan nümayəndə heyətinin digər nümayəndə heyətləri ilə apardığı iş nəticəsində plenar iclasda qətnamə rədd edildi. Fikrimcə, bu bir daha onu göstərdi ki, Azərbaycanın dövlətçilikdə, insan hüquqlarının qorunmasında, iqtisadiyyatın möhkəmlənməsində atdığı addımlar artıq çox ciddi faktor kimi qəbul edilir. Eyni zamanda, Azərbaycanla hesablaşırlar. Hesab edirəm ki, reallıq bundan ibarətdir".
Vidadi ORDAHALLI