Əli Orucov: "Alxanlıda baş verənlərin müxtəlif dillərdə dünyada yayılmasına ehtiyac var"
Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinləri - Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşilik Azərbaycan ictimayyətinin diqqət mərkəzindədir. Körpə qatillərinin əsl simasını dünya ictimaiyyətinə göstərmək üçün genişmiqyaslı tədbirlər görülür. Bununla yanaşı, ötən həftə Azərbaycanın diaspor təşkilatları dünyanın bir sıra ölkələrində sözügedən məsələ ilə bağlı aksiyalar keçirib. Körpə qatillərinin əsl simasını dünya ictimaiyyətinə göstərmək üçün genişmiqyaslı tədbirlər görülür. Aksiyalarda edilən çıxışlar, nümayiş etdirilən posterlər vasitəsilə erməni vəhşiliyi göstərildi. Berlində və İstanbulda keçirilən aksiyalar fəallığı ilə seçilib. Həmçinin, dinc insanların qatillərinin varlığından bəhs edən bəyanatlar yayılıb. 2 yaşlı Zəhranın qatillərindən bəhs edən bəyanat ingilis və alman dilində Almaniyanın paytaxtı Berlində insanlara təqdim edilib.
2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. Yalnız o halda təcavüzkarı cəzalandırmaq üçün yeni imkanlar açıla bilər. Bütün hallarda, xaricdəki diaspor təşkilatlarının son günlər bu istiqamətdə gördükləri işləri yetərli saymaq olarmı? Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, bu yöndə göstərilən fəaliyyəti qismən qənaətbəxş hesab etmək olar: "Təəssüf ki, heç də bütün Avropa ölkələrində soydaşlarımız arzuolunan səviyyədə fəallıq göstərmədi. Xüsusən də Rusiyada bununla bağlı passivlik nəzərə çarpdı. Bu işin təşkilindən də çox şey asılıdır. Almaniya və Türkiyədə keçirilən aksiyalar uğurlu alınsa da, digər ölkələrin timsalında bunu demək çətindir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Məsələ ondadır ki, xaricdə yaşayan soydaşlarımız arzuolunan səviyyədə lobbiləşə bilməyib. Neçə illərdir bu problem var. Onların arasında olan müəyyən intriqalar və digər səbəblər buna mane olur. Digər tərəfdən, bu kimi məsələlərdə xaricdə yaşayan hər bir soydaşımız gərək fərd olaraq fəallıq göstərsin, kimisə gözləməsin. Belə olsa, keçirilən aksiyalar daha möhtəşəm olar. Eyni zamanda, Alxanlıda baş verənlərin müxtəlif dillərdə dünyada yayılmasına ehtiyac var. Belə ki, diaspor təşkilatları deməzdim ki, bu işi yüksək səviyyədə təşkil edə bilib. Ona görə də görüləsi işlər çoxdur".
Vidadi ORDAHALLI