Erməni tərəfinin cəbhə zonasında daha bir vəhşiliyi dünya tərəfindən kəskin pislənməkdə, qadın və körpələrin hərbi hədəfə çevrilməsi şiddətlə qınanmaqdadır. Bu qınaq içində belə tələblər də səsləndirənlər tapılır ki, Ermənistanın qeyri-insani hərəkətinə cavab olaraq sözügedən ölkəyə qarşı konkret cəzalandırıcı tədbirlər görülməlidir. Əks halda Füzulinin Alxanlı kəndində 50 yaşlı Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanın üzləşdiyi faciələr təkrar oluna bilər.
Azərbaycan da bundan əvvəl dəfələrlə tələb edib ki, işğal siyasətinin durdurulması, insan itkilərinin qarşısının alınması üçün Ermənistana qarşı sanksiyaların tətbiqi vacibdir. Elə indi də son məlum faciədən sonra Azərbaycan bu məsələni yenidən aktuallaşdırıb. Rəsmi Bakının bu məsələdə haqlı olmasını, qeyd edildiyi kimi, beynəlxalq müstəvidə də çoxsaylı dəstəkləyənlər var. Məsələn, Fransa Milli Assambleyasının xarici işlər üzrə komissiyasının üzvü, Altkirş şəhərinin meri Jan-Lük Reitzeraqeyd edir: "Bütün təcavüzkar aktlara qarşı sanksiya və cəza tədbirləri görülməlidir. Alxanlı kəndində törədilən hadisə birinci dəfə deyil, əvvəllər də Azərbaycanda mülki şəxslər erməni hərbçiləri tərəfindən hədəfə alınıb. Artıq biz bu haqda dəfələrlə eşitmişik. Bu cinayəti törədənlər cəzalanmalı və onlara qarşı sanksiya tətbiq edilməlidir. Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalı və Ermənistanın törətdiyi belə cinayətlərə görə onu təkcə pisləməklə kifayətlənməməli, ona qarşı sanksiyalar tətbiq edilməlidir".
Eyni mövqeni Fransa Senatının üzvü Natali Qule də sərgiləyir: "Ermənistan iyulun 4-də törətdiyi qanlı cinayətlə bütün sədləri keçdi. Prezident İlham Əliyevin Ermənistana qarşı sanksiya tətbiq olunması ilə bağlı təklifinin reallaşdırılması labüddür. Bu münaqişənin həlli barədə məsələni təxirə salınmadan gündəmə gətirmək lazımdır. Yalnız bir seçim var - BMT Təhlükəsizlik Şurasını çağırmaq və daha ciddi addımlar atmaq lazımdır. Düşünürəm ki, Azərbaycan çox səbr edib, artıq onun səbr kasası daşır". Fransalı senator bildirib ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi artıq beynəlxalq təşkilatlar, eləcə də BMT Təhlükəsizlik Şurası tərəfindən də bəyan edilib. Hamı bunu bilir, bunu təkrar edir. Amma düşünürəm ki, artıq daha konkret fəaliyyətə keçmək, qətiyyətli addımlar atmaq labüddür. ATƏT-in Minsk Qrupu məsələnin həlli ilə məşğul olur, amma irəliləyiş yoxdur. BMT-nin Təhlükəsizlik Şurasını çağırmaq və bu məsələni həll etmək lazımdır. Münaqişə 25 ildir davam edir. Mövcud status-kvo qəbuledilməzdir, onu dəyişmək lazımdır". Bu məsələni ATƏT Parlament Assambleyasında çıxışı zamanı bu qurumun vitse-prezidenti Azay Quliyev də gündəmə gətirib: "Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini bilərəkdən hədəfə alması, xüsusilə də bu yaxınlarda 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz haldır. Biz parlamentarilər olaraq bu "körpə qatillərini" şiddətlə qınayıb onların layiq olduqları cəzanı almalarını tələb etməliyik ki, onlar etdiklərindən ruhlanıb öz cinayətlərini gələcəkdə də davam etdirməsinlər".
Beləliklə, məsələ kifayət qədər konkret qoyulur və Ermənistana qarşı cəza tədbirlərinin işə salınması vacib sayılır. Əks halda yaranmış vəziyyət beynəlxalq qurumların, ayrı-ayrılıqda götürülmüş ölkələrin yenə ikili standartlardan çıxış etdiyini bir daha nümayiş etdirmiş olacaq. Digər tərəfdən Ermənistanın cəzasız qalması gələcəkdə düşmənin yenə mülki əhalini hədəfə alacağını qətiyyən istisna etmir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir: "Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı Əlavə Protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir". Onun sözlərinə görə, mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb: "Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər".
Qeyd edilən açıqlamalardan aydın görünür ki, Azərbaycan məsələni konkret qoyub. İndi Ermənistan da daxil olmaqla, dünya dövlətlərinin və təşkilatlarının məsələyə obyektiv yanaşıb Ermənistana təzyiqlər göstərməsi lazımdır. Azərbaycan bunun üçün müəyyən vaxt limiti də ayıraraq həmin müddət ərzində Ermənistana qarşı qətiyyətli addımlar atılmasını tələb edir. Əks halda ölkəmizin işğal altındakı əraziləri azad etmək üçün tezliklə hərbi əməliyyatlara start verəcəyini də beynəlxalq ictimaiyyət yaxşı bilir. Artıq yerli və əcnəbi ekspertlər, araşdırma mərkəzləri, beynəlxalq medianın da bu xüsusda etdiyi xəbərdarlıqların sayı artır. Bununla bağlı ABŞ-ın nüfuzlu "The Washington Post" nəşri də yazır ki, Ermənistanın Füzuli rayonunun Alxanlı kəndində mülki azərbaycanlılara hücumu cəbhə zonasında vəziyyəti daha da gərginləşdirir. "Azərbaycanın kənd sakinlərinin ölümü yeni hərbi qorxuları gətirir" adlı məqalədə daha sonra qeyd olunur: "Hərbi attaşelər və xarici jurnalistlər öldürülən azərbaycanlıların yas mərasimində iştirak etdilər. Həmin vaxt kənd sakinləri qışqırırdı ki, yalnız müharibə onları həqiqətən azad edə bilər. Sahibə Quliyeva və iki yaşlı Zəhranın ölümü onilliklər boyunca "dondurulmuş" olan Dağlıq Qarabağ münaqişəsində sonuncu tökülən qanlar idi. Beynəlxalq vasitəçilər münaqişənin həllini tapmağı bacarmır. Qorxular davam edir ki, tammiqyaslı müharibə yenidən başlayacaq. Zəhranın öldürülməsi Azərbaycanda böyük qəzəbə səbəb olub. Alxanlı kəndinin sakini, 37 yaşlı Qurban İsmayılov "Biz torpaqlarımızı azad etmək üçün Prezident İlham Əliyevdən əmr gözləyirik", deyə bildirir".
Nəşr Qarabağ münaqişəsində müharibənin yenidən alovlana biləcəyini vurğulayır.
Eyni fikirlərə digər nüfuzlu ABŞ nəşri olan "The Washington Times" qəzetində də rast gəlmək olar. Nəşr Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Murinsonun "Ermənistanın dinc azərbaycanlı əhaliyə hücumu" sərlövhəli məqaləsini dərc edib. Müəllif yazır ki, ABŞ-ın Müstəqillik Günündə amerikalılar hər yerdə atəşfəşanlıq etdikləri kimi, erməni hərbçiləri də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda günahsız mülki şəxslərə qarşı "öz partlayıcı vasitələrindən" istifadə ediblər: "Demək olar ki, hər gün erməni hərbçiləri minomyot və snayperlərdən istifadə edərək Azərbaycanı onun işğal edilmiş Dağlıq Qarabağ regionundan ayıran demarkasiya xətti - təmas xətti boyunca mülki şəxsləri mütəmadi atəşə tutur. İyulun 4-də baş vermiş insident Ermənistanın Azərbaycanda cavab reaksiyası doğurmaq məqsədilə mülki obyektlərə hücumu əhatə edən yeni hərbi doktrinasına dəlalət edir ki, sonradan onu təcavüzkar adlandırsın". Azərbaycan Ordusunun zəbt olunmuş torpaqların müəyyən hissəsini azad etməsilə nəticələnən 2016-cı ilin aprel toqquşmasından danışan Murinson yazır ki, hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri ən yeni silahlardan istifadə ediblər: "Komandanlıq və idarəçilik sistemi, silahlı qüvvələr açıq-aşkar çox yaxşı hazırlıqlı idi və onlar erməni hərbçilərindən xeyli peşəkarcasına fəaliyyət göstəriblər. Cavab zərbəsi endirməyə məcbur olan Azərbaycan erməni ordusunu darmadağın edib, strateji yüksəklikləri və ərazinin bir hissəsini azad edib. Erməni hərbçiləri Azərbaycan mövqelərinə, tanklarına və qoşunlarına hücum etməkdən açıq-aşkar çəkiniblər. Bunun əvəzinə Azərbaycanın Alxanlı kəndi 82 və 120 millimetrlik minomyotlardan və ağır qumbaraatanlardan atəşə tutulub. İki yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyeva həlak olub, daha bir sakin yaralanıb". Qeyd olunur ki, belə vəziyyətdə müharibə istənilən an başlana bilər və onun nəticələri Ermənistan üçün kifayət qədər ağır olacaq. Rus tarixçi və politoloq Oleq Kuznetsov bununla əlaqədar vurğulayır ki, yeni hərbi əməliyyatların əsas məsuliyyəti də təxribatçı hərəkətlərinə görə məhz Ermənistanın üzərinə düşəcək: "Alxanlıdakı faciə bizə bir daha sübut etdi ki, Qarabağda hansısa konflikt deyil, əsl müharibə gedir. Suriya, Əfqanıstan və İraqdakından daha az aktiv və intensiv olsa da, bu da öz qurbanları olan müharibədir. Ola bilər ki, kimsə mənim bu sözlərimi qəddarlıq və ədəbsizlik kimi qəbul etsin, amma heç bir təbliğat müharibəni dayandırmayacaq. Bunu yalnız Azərbaycan Ordusunun tam qələbəsi təmin edə bilər. İnanmıram ki, bu kədərli hadisə Qarabağ situasiyasının istiqamətini dəyişsin. Beynəlxalq vasitəçilər "konflikti nizama salmağa" çalışır, müharibəni dayandırmağa yox. Ona görə də təkcə hərbçilər deyil, həm də yerli əhali tərəfindən verilən itki getdikcə çoxalır". Beləliklə, Ermənistanın təxribatçı mövqeyi üzündən cəbhədə hadisələrin istənilən an hərbi müstəviyə keçməsi qaçılmaz görünür. Bunun qarşısıın ala biləcək yeganə amil işğal və təxribaçı siyasətinə görə Ermənistana qarşı Azərbaycanın tələb etdiyi kimi beynəlxalq sanksiyalırın tətbiq edilməsidir. Əks halda Qarabağda genişmiqyaslı müharibə qaçılmaz olacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.