Aydın Mirzəzadə: "Təmas xəttində vəziyyət yenidən nəzarətdən çıxa bilər"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatla bağlı açıqlama verib.
Onun sözlərinə görə, bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib: "2016-cı ilin aprelində Ermənistan ordusunun davamlı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı minlərlə hektar torpağın, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş nöqtəsi olub, danışıqlar prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib".
R.Mehdiyevin açıqlamasından o da məlum olub ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana bilər: "Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər".
Görünən odur ki, beynəlxalq birlik öz məsuliyyətini dərk etməli və işğalçı tərəfə təzyiq göstərməlidir. Əks halda müharibənin hər an başlaması risqi qaçılmazdır.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, R.Mehdiyev müsahibəsində Azərbaycan dövlətinin bu məsələdə çox prinsipial mövqeyini ortaya qoyub: "Çünki status-kvonun saxlanması bu gün Azərbaycandan çox region və dünya üçün təhlükəlidir. Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi, işğalçılıq siyasətini davam etdirməsi yenidən müharibə ehtimalını gücləndirir. Təmas xəttində vəziyyət yenidən nəzarətdən çıxa bilər. Ona görə də dünya bu məsələyə reaksiya verməli və Ermənistanı dayandırmalıdır. Münaqişənin həlli ilə bağlı səylərini artırmalıdır. Bu, dünya dövlətləri üçün çətin bir məsələ deyil. Sadəcə olaraq Ermənistanı işğalçı dövlət adlandırmaq və ondan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb etmək lazımdır. Kiçik ərazisi, əhalisi olan və normal iqtisadiyyata malik olmayan bir dövlətin nazı ilə oynamaq doğru deyil. Hörmətli Ramiz müəllimin bəyanatı göstərir ki, Azərbaycan situasiyanın tənzimlənməsində və beynəlxalq hüquq normalarına əsasən münaqişənin sülh yolu ilə həll edilməsində maraqlıdır. Eyni zamanda, dünyanı bu məsələyə ciddi diqqət etməyə çağırır".
Vidadi ORDAHALLI