Elşad Musayev: "Sözügedən münasibət qərəzlidir və ikili standartlardan qaynaqlanır"
Məlum olduğu kimi, Avropa Parlamenti Avropa Birliyi ilə Türkiyə arasındakı üzvlük müzakirələrinin müvəqqəti olaraq təxirə salınmasını nəzərdə tutan sənədi təsdiqləyib. Belə ki, sənəd 638 nəfər arasında keçirilən səsvermədə 477 səs çoxluğu ilə qəbul olunub.
Qeyd edək ki, 25 oktyabr 2016-cı ildə Avropa Parlamenti Avropa Birliyi ilə Türkiyə arasında 3 oktyabr 2005-ci ildə başladılan üzvlük məlumat müzakirələrinin müvəqqəti olaraq dondurulmasını nəzərdə tutan qərar layihəsini qəbul etmişdi.
Fransanın Strasburq şəhərində yerləşən AP-nin qərarı Türkiyə üzrə AP məruzəçisi Kati Pirinin təqdim etdiyi hesabata əsaslanır. Hesabatı 477 millət vəkili dəstəkləyib. 64 nəfər onun əleyhinə səs verib. 97 deputat isə səsvermədə iştirak etməyib. Hesabat Türkiyədə insan hüquqları və demokratiya sahəsində geriləmənin yer aldığını qeyd edir.
Türkiyə baş naziri parlamentin çağırışını tənqid edib və onun heç bir əhəmiyyəti olmadığını deyib. Həmçinin, Türkiyənin Xarici İşlər Nazirliyi Avropa parlamentinin qərarını sərt tənqid edib. XİN-dən bununla bağlı verilən açıqlamada deyilir ki, əsası olmayan iddialara və iftiralara söykənən qətnamə quruma bəslənən etimadı sarsıdır. Türkiyə tərəfi bu qərarı rədd edir və onu yox kimi sayır.
Bir müddət əvvəl bəzi ekspertlər tərəfindən sözügedən məsələ ilə bağlı yaranan fikir ayrılıqları müvəqqəti hesab olunurdu. Ancaq indi görünən odur ki, proses getdikcə daha da çətin bir mərhələyə doğru irəliləyir. Türkiyədə iqtidarın ritorikasının sərtləşməsi, Avropada radikal sağ fikirlərin güclənməsi böhranı daha da dərinləşdirir. Açıq görünən odur ki, nə o tərəfdə, nə də bu tərəfdə güzəşt meyli yoxdur. Avropada günü-gündən güclənən radikal sağçı qüvvələr Türkiyə ilə münasibətlərin məhdudlaşdırılmasını təklif edir.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Türkiyəyə yönəlik bu cür qərar ikili standartlardan qaynaqlanır: "Uzun illərdir Türkiyəyə haqsızlıq edilir. Biz hesab edirik ki, bu məsələ danışıqlar yolu ilə həll edilməlidir. Türkiyəyə qarşı bu cür mövqe sərgilənməməlidir. Avropa Parlamenti sərt mövqe sərgiləmək istəyirsə, bunu Ermənistana qarşı etsin. Çünki illərdir Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Obyektivdirlərsə, bu məsələ ilə bağlı qəti mövqe bildirsinlər və Ermənistana təzyiq etsinlər. Bax reallıq bundan ibarətdir. Bütün bunlarla yanaşı, qardaş Türkiyə elə etməlidir ki, Avropa Parlamentinə bəhanə verməsin. Ancaq bütün hallarda hesab edirəm ki, Avropa Parlamentinin Türkiyəyə qarşı bu qərarı səhvdir. Sözügedən münasibət qərəzlidir və ikili standartlardan qaynaqlanır".
Vidadi ORDAHALLI