Gürcüstanın siyasi ekspertləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc əhalinin hədəfə alınmasını insanlığa qarşı cinayət kimi qiymətləndirib. Terrorizm və Siyasi Zorakılığın Araşdırılması Mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebia APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib ki, azərbaycanlı qadın və onun azyaşlı nəvəsinin həlak olması ilə nəticələnmiş faciəvi hadisəyə çox təəssüflənir: “Biz bu hadisəni şiddətlə qınayırıq. Münaqişə həllini tapmayınca bu cür hallar davam edəcək”.
B. Naçkebia qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə danışıqlar masasında əsas vacib şərt əsasında - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Münaqişə tərəfləri Azərbaycanın ərazi bütövlüyünü əsas tutsalar, danışıqlar müsbət məcrada davam edər”.
Gürcü ekspertin fikrincə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi təxribatlardan üçüncü qüvvələr istifadə edə bilər: “Son təxribatın əsas məqsədi vəziyyətin destabilizasiyasına nail olmaqdır. Ötən ilin aprel ayında cəbhədə baş vermiş döyüşlər zamanı Azərbaycan ordusu böyük uğurlar əldə etdi. Bundan başqa, bu yaxınlarda Ermənistan ordusunun zirehli texnikası Azərbaycan ordusu tərəfindən məhv edildi. Hesab edirəm ki, son təxribat Ermənistan tərəfindən Azərbaycan ordusunun bu nailiyyətlərinə qarşı yönəltdiyi revanş addımlardır. Bu da Ermənistan rəhbərliyi tərəfindən ilk növbədə ölkə daxilinə və əhali üçün hesablanıb”.
Gürcüstanın İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli də Alxanlı faciəsini hərbi cinayət adlandırıb. “Sözsüz ki, baş vermiş hadisəyə hərbi cinayətdən başqa ad vermək olmaz. Bu, Dağlıq Qarabağ münaqişəsi tarixində Ermənistan tərəfindən qoca və körpələrin qətlə yetirilməsi ilə bağlı ilk fakt deyil. Xocalı faciəsi hamıya yaxşı məlumdur”, - deyə o, söyləyib. Siyasi ekspertin fikrincə, Ermənistan tərəfinin bu təxribatının əsas məqsədi münaqişənin alovlandırılmasıdır: “Məqsəd münaqişənin bundan sonra eskalasiyasına nail olmaqdır. Biz bilirik ki, Azərbaycan son 10 ildə iqtisadi göstəricilərini 5 dəfə artırıb. Hazırda Azərbaycan və Gürcüstanın iştirakı ilə olduqca vacib regional layihələr həyata keçirilir. Ermənistanın təxribatları, münaqişəni alovlandırma cəhdləri və hərbi cinayətləri Azərbaycanla yanaşı, Gürcüstanın da maraqlarına qarşı yönəlib”.
L. Metreveli xatırladıb ki, Azərbaycanda xarici dövlətlərin hərbi attaşeləri Alxanlı kəndinə baş çəkiblər və orada heç bir hərbi məntəqə aşkar etməyiblər: “Bu, bir daha sübut edir ki, dinc kənd atəşə məruz qalıb və hərbi cinayət törədilib. Alxanlı faciəsinin insanlığa qarşı cinayət olması yalnız mənim birmənalı mövqeyim deyil. Mənim bir çox həmkarlarım və gürcü xalqının da mövqeyi belədir. Belə ki, bu cür dəhşətli hadisələri gürcü xalqı da öz torpaqlarında yaşayıb”.
L. Metreveli təəssüflə qeyd edib ki, dünya ictimaiyyətinin bu hadisəyə münasibəti lazımı səviyyədə deyil: “Bu insanlığa qarşı elə ciddi cinayətdir ki, dünya ictimaiyyəti, ilk növbədə Avropa İttifaqı və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri xüsusi diqqət yetirməlidirlər. Dünya ictimaiyyəti Suriyada həlak olan uşaqların qətlinə necə hiddətlənirsə, azərbaycanlı azyaşlı uşağın qətlinə də eyni reaksiya verməlidir”.