Şahin İsmayılov: "2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin qaniçən zehniyyətinin növbəti məhsulu, Xocalı faciəsi zamanı törətdiyi amansız qətliam siyasətinin davamıdır"
Zaur Əliyev: "Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarını pozmağı davam etməkdədir"
İyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Ermənistan tərəfi kəndi 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyeva həlak olub.
Qeyd edək ki, ermənilər bu günə qədər çoxlu sayda azərbaycanlı uşaq qətlə yetirib. İstər Dağlıq Qarabağ münaqişəsi zamanı, istərsə də atəşkəs dövründə belə onlar tək yaşlı insanlara deyil, körpə uşaqlara da atəş açmaqdan çəkinməyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib. 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.
Qarabağ münaqişəsi başlayan gündən ermənilər tərəfində qətlə yetirilən uşaqlarla bağlı dünya ölkələri tərəfindən hər hansı bir reaksiya verilməyib. Ancaq Suriya və ya digər ölkələrdə müharibə zamanı uşaqlara hər hansı bir zərər dəysə, dərhal bütün dünya mediası reaksiya verir. Ancaq bu günə kimi 193 körpə ermənilər tərəfindən qətlə yetirilib və buna heç bir reaksiya verilməyib.
Millət vəkili Şahin İsmayılovun sözlərinə görə, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektləri atəşə tutması erməni təxribatının növbəti mərhələsidir: "Biz Xocalıda da dinc sakinlərin, xüsusilə uşaqların həlak olması, Qarabağ müharibəsində kütləvi şəkildə uşaqların qətlə yetirilməsi, onlara qarşı zorakılığın şahidi olmuşuq. Eyni zamanda, atəşkəs dövründə ermənilərin müxtəlif oyuncaqların içərisinə partlayıcı maddələr yerləşdirərək çaylarla Azərbaycan tərəfinə axıtmasını və nəticədə uşaqların zərər görməsi, snayper gülləsindən qətlə yetirilməsini də gördük. Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan atəş açması nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin qaniçən zehniyyətinin növbəti məhsulu, Xocalı faciəsi zamanı törətdiyi amansız qətliam siyasətinin davamıdır. Bu, bəşəriyyət əleyhinə qanlı cinayətdir".
Deputat bildirdi ki, Ermənistanın dinc əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin, həmçinin, uşaq, eləcə də insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyaların ciddi şəkildə pozulmasıdır: "Bütün beynəlxalq ictimaiyyət bu cinayəti qınamalı, qəti mövqe ortaya qoymalıdır. Azərbaycanın ərazi bütövlüyü qısa müddətdə bərpa edilməli, BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar öz vəzifələrini yerinə yetirməlidir. İnanıram ki, cəbhədə baş verən bu təxribatların qarşısı indiyə qədər necə alınıbsa, bundan sonra da alınacaq, Azərbaycan Ordusu öz hərbi qüdrətini bu məsələdə ortaya qoyacaq".
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, 1950-ci il, 1 iyun tarixində BMT Baş Assambleyası hər ilin bu günün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi keçirilməsi haqqında qərar qəbul edib: "Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqların hüquqlarının müdafiəsi üzrə tarixdə bir neçə qərar və sənədin olmasına baxmayaraq, Eglantyne Djebbin 1924-cü ildə söylədiyi "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin" sözləri daha çox istifadə edilir. Ancaq Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarını pozmağı davam etməkdədir. Sizə ermənilərin azyaşlı uşaqlara qarşı vəhşiliklərindən bir neçə misal çəkmək istəyirəm. 23 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndidə erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst edilib. Daha sonra 31 mart 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın girovluqda dünyaya gələn oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub, ömürlük şikəst olan A.Hacıyev 2003-cü ilin may ayında vəfat edib. Bir başqa misal, Hümbətova Nurlanə Arif qızı Laçın rayonu Şamkənd sakinidir. 1 yaş 6 aylıq olarkən, 31 mart 1993-cü il tarixdə Kəlbəcər rayonu ərazisində anası Kərimova Səma Aydın qızı ilə birlikdə girov götürülüb. Erməni hərbçisinin avtomatın qundağı ilə vurduğu zərbədən dünya işığına ömürlük həsrət qalıb. Bir müddət sonra əsirlikdən azad edilib. Bu vaxta qədər 8 dəfə cərrahiyyə əməliyyatı keçirsə də, görməsi mümkün olmayıb.
Atəşkəs dövründə də bu cinayətlər davam edib. Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının himayəsində qalırdı. Lakin 2011-ci il martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi. 2011-ci ilin iyulunda Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Həsən Cəfərovun evinə gətiriblər. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. Ermənilərin atdığı Alazan raketinin qəlpəsi beş yaşlı zavallı Elşənin ağ ciyərini parçalayıb. Cərrahiyyə əməliyyatından 6 gün sonra Elşənin son dəqiqələri yaman nisgilli keçib. 12 yaşlı Həsənov Şahin Arif oğlu Hadrutun Binəli kəndi yaxınlığında mal-qara otararkən ermənilər tərəfindən tutulub, sol əlinin barmaqları taxılsəpən maşının şkifinin arasında qoyularaq şikəst edilib.
Sizə Xocalı soyqırımı zamanı öldürülən uşaqların siyahısını təqdim edirəm. Xocalı soyqırımının kiçik yaşlı qurbanları:
- Orucova Xatirə Əli qızının (8 yaşında) çiyni, döş qəfəsi, ağ ciyəri, qabırğası güllə yarası ilə sındırılıb. Möcüzə nəticəsində sağ qalıb.
- Abdullayeva Vüsalə İlham qızını (4 yaşında) meşədə don vurduğuna görə hər iki ayaqının barmaqları kəsilib.
- Abışova Çinarə Nazim qızı (10 yaşında) əsirlikdə qalıb, taleyi məlum deyil.
- Ağayev Vüsal Səttar oğlu (10 yaşında) Kətik meşəsində güllə yarasından ölüb, cəsədi orada qalıb və təəssüf ki, götürmək mümkün olmayıb.
- Ağayarova Sevinc İsa qızı (7 yaşında) 11 yaşlı qardaşı Nəbi və 6 yaşlı qardaşı Romanla Dəhraz meşəsində qalıb və onların taleləri haqda heç bir məlumat yoxdur.
- Cəfərov Samir Tacir oğlu (5 yaşında) ermənilər tərəfindən girov götürülüb, taleyi haqda heç nə məlum deyil.
- Çobanova Nəzakət Tapdıq qızı (8 yaşında) Qara qaya yaxınlığında amansızcasına qətlə yetirilib.
- Ələkbərov Səxavət Təvəkkül oğlu (9 yaşında) güllə yarası ilə öldürülüb.
- Əliyev Elgiz Firdovsi oğlu (8 yaşında) 10 yaşlı qardaşı Elçinlə birlikdə itkin düşüb, taleləri haqda məlumat yoxdur.
- Əliyev Elşən Əbil oğlu (5 yaşında) "Alazan" raketinin qəlpəsi ilə öldürülüb.
- Əliyeva Yeganə Məhərrəm qızı (yaşyarımlıq) düşmən gülləsi ilə öldürülüb.
- Əmirova Yeganə Təvəkkül qızı (6 yaşında) Qara qaya yaxınlığında ermənilər tərəfindən qətlə yetirilib.
- Əzimov Natiq Abbasqulu oğlu (6 yaşında) Naxçivanik yaxınlığında vəhşicəsinə öldürülüb.
- Həsənov Elgün Nazim oğlu (4 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilib.
- Həsənova Aygün Nazim qızı (yaşyarımında) Naxçıvanik yaxınlığında qətlə yetirilib.
- Hüseynova Maral Kamil qızı (6 yaşında) Naxçıvanik yolunda öldürülüb.
- Xəlilova Lalə Tahir qızı (4 yaşında) Xocalını tərk edərkən ermənilərin açdığı atəş nəticəsində yerindəcə keçinib.
- Qasımova Rəsmiyyə Ağa qızı (11 yaşında) Xocalı faciəsi zamanı itkin düşüb, taleyi məlum deyil.
- Qəmbərova Esmira Səfər qızı (7 yaşında) Xocalıda qətlə yetirilib.
- Quliyev Samir Taleh oğlunu (2 yaşında) erməni zabiti tüfəngin qundağı ilə başını vurub dağıdıb.
- Quliyeva Nuranə Qaryağdı qızı (13 yaşında) itkin düşüb, taleyi haqda heç bir məlumat yoxdur.
- Quliyeva Rəvanə Qaryağdı qızı (16 yaşında) itkin düşüb, taleyi haqda məlumat yoxdur.
- Quliyev Şükür Qaryağdı oğlu (7 yaşında) itkin düşüb.
- Quliyeva Sevinc Əkbər qızı ( 8 yaşında) qətlə yetirilib.
- Mehdiyeva Aysel Murad qızı (5 yaşında) Naxçıvanik yolunda qətlə yetirilib.
- Mehdiyeva Gülmirə Murad qızı (2 yaşında) Naxçıvanik yolunda qətlə yetirilib.
- Muradova Ayşən Zöhrab qızı (1 yaşında) Xocalı faciəsi ərəfəsində ermənilərin atdığı raket qəlpəsi ilə öldürülüb.
- Nəbiyeva Maral Kamil qızı (8 yaşında) Xocalının həndəvərində qətlə yetirilib.
- Orucova Xəyalə Telman qızı (6 yaşında) Naxçıvanik yaxınlığında qətlə yetirilib.
- Orucova Natəvan Nəbi qızı (2 yaşında) qətlə yetirilib.
- Səfiyev Sarvan Elxan oğlu (1 yaşında) Naxçıvanik meşəsində soyuqdan donub.
- Şükürova Əntiqə Vaqif qızı (1 yaşında) Xocalı yaxınlığında qətlə yetirilib.
- Vəliyev Ağasif Zakir oğlu (6 yaşında) Naxçıvanik ətrafında öldürülüb.
- Yusifova Natəvan Pənah qızı (5 yaşında) Xocalıda qətlə yetirilib.
- Zeynalova Aynurə Tofiq qızı (6 yaşında) meşədə öldürülüb".
Günel CƏLİLOVA