İsmayıl Ağayev: "Yaxşı olardı ki, biz Markovun açıqlaması fonunda bu istiqamətdə Rusiyadan əməli tədbirlər də görək"
Rusiya prezidentinin şəxsi nümayəndəsi, tanınmış politoloq Sergey Markov Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, iki nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib ki, mülki şəxslərin ölümü bir daha göstərir ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bu yara hələ qaysaq bağlamayıb: "Belə hadisələrin tez-tez baş verməsi bu yaranın hələ çox qan aparacağını göstərir".
Markovun fikrincə, tərəflər danışıqlar masasına tez bir zamanda oturmasalar, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq: "Aprel döyüşlərinin təkrarlanması ehtimalı çox yüksəkdir. Ona görə də tərəflər danışıqlar masasına oturmalıdır. Dünya ictimaiyyəti ilk növbədə Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Rusiya və dünya ictimaiyyəti Ermənistan rəhbərliyinə güclü təzyiq göstərməlidir".
S.Markov Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb: "İkiyaşlı körpənin öldürülməsinə, bu vəhşiliyə dünya ictimaiyyəti lazımi qiymət verməlidir. Ermənistan dövləti ekspansiyada günahlandırılmalıdır. Onlar qonşu ölkənin ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Bu işğala son qoyulmalıdır".
Bu, eyni zamanda, Rusiyanın rəsmi mövqeyi kimi dəyərləndirilə bilər. Çünki Markov Putinin şəxsi nümayəndəsi sayılır. Rusiyanın Ermənistanı belə açıq qınaması necə qiymətləndirilə bilər?
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya rəsmisinin səsləndirdiyi mövqe konkret və ermənilərin etdiyi hərəkətə adekvatdır: "Biz istərdik ki, Markovun bu mövqeyinə Rusiya prezidenti tərəfindən əməl olunsun. Göründüyü kimi, Ermənistan artıq bütün əndazəni aşıb. Hətta dinc əhalini, xüsusilə körpə uşaqları belə öldürməkdən çəkinmir. Markov doğru olaraq qeyd edir ki, aprel hadisələri təkrarlana bilər. Çünki Ermənistan işğalçılığını davam etdirməklə yanaşı, etdiyi belə əməllərilə bizə başqa çıxış yolu qoymur. 2 yaşlı Zəhranın öldürülməsi və onun fotosunun yayılması bütün dünyanı silkələdi. Biz çox ciddi reaksiyaların şahidi olduq. Hətta deyərdim ki, bu məsələdə iqtidar və müxalifət vahid mövqe sərgilədi. Amma Rusiya rəsmisinin belə mövqeyi bir qədər təəccüblü göründü. Çünki adətən Rusiya Ermənistanın himayəçisi qismində çıxış edir. Görünür, Ermənistanın son addımları sırf özfəaliyyət olub və Rusiyanı da özündən çıxarıb. Yaxşı olardı ki, biz Markovun açıqlaması fonunda bu istiqamətdə Rusiyadan əməli tədbirlər də görək. Cünki Markovun çağırışında Dağlıq Qarabağ və ona bitişik 7 rayonun dərhal işğaldan azad edilməsi məsələsi də durur. Təəssüf ki, Rusiya bu istiqamətdə heç bir ciddi və əməli addım atmır. İstənilən halda, Markovun açıqlaması bizim üçün qənaətbəxş sayıla bilər".
Məhəmmədəli QƏRİBLİ