Yeganə Hacıyeva: "Bu hadisə həmsədrlərin özünə Ermənistanın qoyduğu hörmətin göstəricisi sayıla bilər"
Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın bu addımını vandalizm aktı kimi qiymətləndirərək düşmən dövlətin terrorçu mahiyyətini bir daha sübut etdiyini bildirib. Azərbaycan rəsmi qurumunun bəyanatında ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistana işğal edilmiş torpaqları təcili tərk edilməsilə bağlı təzyiqlərin artırılması tələb edilir: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərdən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda, Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidir".
Azərbaycan XİN-in bu bəyanatındakı sərt notlara həmsədrlər necə reaksiya verməlidir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, əslində, XİN-in son bəyanatında yeni məzmunlu nəsə yoxdur: "Yəni bütün bu haqlı tələbləri Azərbaycan rəsmi səviyyədə hər zaman səsləndirib. Biz Ermənistanın qeyd-şərtsiz torpaqlarımızı azad etməsini hər zaman tələb etmişik. Substantiv danışıqların vacibliyini, status-kvonun dəyişdirilməsinin zəruriliyini hər zaman demişik. Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri hər zaman bunları yox, hər iki tərəfə ünvanlanan növbətçi bəyanatlar səsləndirib. Daha çox tərəfləri atəşkəsin qorunub saxlanmasına çağırıblar. XİN son hadisələri əsas götürərək həmsədrlərdən konkret mövqe tələb edir və düşünürəm ki, bu tamamilə əsaslıdır. 2 yaşlı Zəhranın öldürülməsinə bütün dünya göz yaşı axıtdı, amma həmsədrlər iki cümlədən ibarət soyuqqanlı münasibət bildirdi. Niyə həmsədrlər daim tələb etdikləri vəziyyətin Ermənistan tərəfindən pozulmasına etiraz etmir. Axı hər dəfə onlar atəşkəsin bizim tərəfdən pozulduğunu iddia edir. İndi isə ortada konkret fakt var. Dinc insanlar ölüb. Burada əlavə şərhə, atəşkəsin kim tərəfindən pozulmasını sübut etməyə ehtiyac yoxdur. Amma təəssüf ki, onlar yenə susur. Hesab edirəm ki, artıq bu hadisə həmsədrlərin özünə Ermənistanın qoyduğu hörmətin göstəricisi sayıla bilər. Çünki onlar bu vəhşiliyi həmsədrlərin bölgəyə etdiyi səfərdən sonra, iyulun 11-də onların vasitəçiliyi ilə tərəflərin baş tutacaq görüşü astanasında ediblər. Əlavə şərhə ehtiyac duymuram".
Məhəmmədəli QƏRİBLİ