Məhəmməd Əsədullazadə: "Ermənistanın mülki vətəndaşlara qarşı cinayəti beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən ciddi qınaq obyekti olmadı"
Ermənistanın cəbhə xəttində həyata keçirdiyi son təxribat hadisəsi və mülki vətəndaşları qətlə yetirməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoymuş oldu. İyulun 4-də baş verən məlum hadisə zamanı 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin erməni mərmisinə tuş gələrək həyatını itirməsi Azərbaycan cəmiyyətində ciddi şəkildə etiraz doğurub.
Ölkə ictimaiyyəti Ermənistanın bu təxribatını qəti şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə qarşı qəti və ciddi addımlar atmağa çağırıb. Hadisə baş verən andan müxtəlif səviyyələrdə etiraz bəyanatı yayılıb və beynəlxalq təşkilatlardan hərəkətə keçmək tələb olunub.
Ancaq görünən odur ki, beynəlxalq vasitəçilərin bəyanat verib müxtəlif səviyyədə nəticəsiz görüşlər təşkil etməsi formal xarakter daşıyır və bu fəaliyyətsizlikdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisə ilə bağlı bəyanat yayaraq, Azərbaycan və Ermənistanı hərbi qarşıdurmanı təcili olaraq dayandırmağa çağırıb. Digər beynəlxalq təşkilatların də məsələyə münasibət bildirməsi əsasən ümumi sözlərdən və çağırışlardan ibarətdir. Yəni heç bir beynəlxalq qurum bu məsələdə konkret mövqe ortaya qoymur. Halbuki, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq insan hüquqları, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı beynəlxalq hüquq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin düşmən tərəfindən kəskin şəkildə pozulması cəbhəyanı bölgələrdə insanların öldürülməsi, mülki obyektlərə zərər vurulması ilə nəticələnir.
O baxımdan son məsələdə beynəlxalq təşkilatların sərgilədiyi mövqeyi məqbul saymaq olarmı? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, beynəlxalq qurumların sərgilədiyi mövqe qənaətbəxş deyil: "Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşları hədəfə alması beynəlxalq hüquq normalarına ziddir və işğalçı ölkənin danışıqlar prosesinə qatılmadığının göstəricisidir. Göründüyü kimi, işğalçı ölkənin cəbhədə verdiyi canlı və texniki cəhətdən itkilərə görə xalqının qəzəbindən yayınmaq üçün mülki vətəndaşlarımızı hədəfləməsi erməni hakimiyyətinin siyasətinin fiaskosudur. Bu vəziyyət cəbhədə mürəkkəb bir situasiya yaradacaq və düşmən ciddi itkilərə məruz qalacaq. Ermənistanın mülki vətəndaşlara qarşı cinayəti beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən təəssüf ki, ciddi qınaq obyekti olmadı. Sadəcə, şablon bəyanatlarla kifayətləndilər. Hesab edirəm ki, BMT və AŞPA bu olaylara ciddi cavab verməli, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa çağırmalıdır. Azərbaycan düşmənin bu təxribatlarının qətiyyətlə qarşısını alacaq. Ermənistanın bu siyasəti Azərbaycanın Cocuq Mərcanlıya qayıdış proqramına qarşı yönəlib. Düşmən ölkə ciddi narahatdır və bilir ki, Azərbaycanın cavab zərbəsi ölümcül olacaq. Hesab edirəm ki, MN düşmənin yaşayış məntəqələrinə yaxın bütün hərbi obyektlərini yerlə bir etməlidir. Çünki vətəndaşların təhlükəsizliyi əsas vəzifədir. Alxanlıya gedən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın bu cinayətkar siyasətinin bariz nümunəsini görürlər. Nə qədər ki, Ermənistana beynəlxalq təzyiq artmayıb, bu ölkə cəzasızlıqdan istifadə edəcək. Regionda sülh və təhlükəsizlik artıq kövrəkdir. Rusiya və Ermənistan tandemi Qarabağ münaqişəsində statusu qorumağa çalışır. Beynəlxalq təşkilatlar və dövlətlər seyrçi mövqe sərgiləyir".
Vidadi ORDAHALLI