Ermənilərin dinc azərbaycanlıları qətlə yetirməsi sülh danışıqların pozulmasına yönəlmiş addımdır. Trend-in məlumatına görə, bunu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Böyük Britaniya parlamentinin üzvü Mark Menzies deyib.
M.Menzies bildirib ki, regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir: "İki yaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqların pozulmasına yönəlmiş bir addımdır".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.