Rüfət Quliyev: "Ermənilərin törətdiyi son hadisə dünya ictimaiyyətinə çatdırılmalıdır ki, artıq onlar dinc əhalini hədəfə alıb" Flora Qasımova: "2 yaşlı bir körpənin vəhşicəsinə qətlə yetirilməsinin yalnız bir adı var - bəşər övladına qarşı qeyri-insani cinayət əməli" Fazil Mustafa: "Zəhranın ölümü ilə bağlı broşürlər hazırlanmalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhşiliyi haqqında təsəvvürlər daha da genişlənsin" Sədaqət Vəliyeva: "Ermənistan mülki insanları qətlə yetirməklə bir daha terrorçu mahiyyətini isbatlayır"
İyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən amansızcasına öldürülməsi ictimaiyyət tərəfindən hiddətlə qarşılanır.
Bəllidir ki, müharibə hərbçilər arasında gedir, mülki şəxslər arasında getmir. Ancaq ermənilər yaşlı, qadın, uşaq bilmədən, kimi olsa hədəfə alır. Bu dəfə onların hədəfinə Sahibə Quliyeva ilə yanaşı, balaca körpə Zəhra gəlib. Qan içində olan Zəhranın şəkilləri sosial şəbəkədə acı ilə qarşılanır.
2 yaşlı məsum körpənin ölümü hər kəsi sarsıdıb. Bu hadisəyə dünya ictimaiyyətinin biganə qalmaması fikri səsləndirilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, qadına, uşağa, ümumiyyətlə yaşayış ərazisinə atəş açılması erməni vəhşiliyinin nümunəsidir: "Ermənilər Qarabağ torpaqlarını geri qaytarmamaq üçün hər dəfə bu cür olay yaradırlar. Müharibə adi insanlarla aparılmır. Döyüş hərbçilər arasında getməlidir. Ancaq ermənilər qeyri-insanı hərəkətlərə yol verərək körpə uşaqları hədəfə alır. Ermənilərin törətdiyi son hadisə dünya ictimaiyyətinə çatdırılmalıdır ki, artıq onlar dinc əhalini hədəfə alıb.
Azərbaycan tərəfi çalışır ki, bu məsələni dinc yolla həll etsin. Onu da unutmaq lazım deyil ki, biz öz torpaqlarımızı istər sülh, istərsə də müharibə yolu ilə geri qaytarmağa hazırıq".
R.Quliyev onu da diqqətə çatdırdı ki, millət vəkili kimi onlara yaxın olan parlamentlərə və üzvlərinə ermənilərin 2 yaşlı uşağı belə hədəfə götürməsi haqqında məlumat çatdırıb: "Mən şəxsən Azərbaycan-Ukrayna qrupunun rəhbəri kimi həm parlamentin rəhbərinə, həm də üzvlərinin bir neçəsinə bu məlumatı çatdırmışam".
Milli Məclisin deputatı Flora Qasımovanın sözlərinə görə, bu, ermənilərin növbəti vəhşiliyidir: "Onlara ciddi təpki göstərilməsə, işğalçı Ermənistan bu cür vandalizm aktlarını davam etdirəcək. Ermənilər tərəfindən törədilmiş bu cinayətə dünya birliyi heç bir müzakirəsiz qiymət verməlidir, çünki fakt göz qarşısındadır və nə qədər ki, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmayıb, bu belə də davam edəcək. 2 yaşlı bir körpənin vəhşicəsinə qətlə yetirilməsinin isə yalnız bir adı var - bəşər övladına qarşı qeyri-insani cinayət əməli".
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, Zəhranın ölümü ilə bağlı broşürlər hazırlanmalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhşiliyi haqqında təsəvvürlər daha da genişlənsin: "Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına diqqət yönəltməliyik. Dünyanın buna nə reaksiya verməsinə aludə olmamalıyıq. Çünki kimsədən umacağımız yoxdur. Nəticə odur ki, torpaqlarımız işğal olunub və buna normal reaksiya ala bilmiriksə, uşağın ölümünə görə əlahiddə münasibət gözləməyimiz doğru olmaz. Biz, sadəcə, öz işimizi görməliyik. Çünki bunun nəticəsi əvvəl-axır olacaq".
F.Mustafanın sözlərinə görə, bu fakt doğru istifadə edilsə, müəyyən qərarların əsası olacaq, doğru istifadə edilməsə, bir neçə müddətdən sonra unudulacaq. Onun sözlərinə görə, tək gənclər yox, bütün vətəndaşlarımız bu sahədə aktiv olmalıdır.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan mülki insanları qətlə yetirməklə bir daha terrorçu mahiyyətini isbatlayır: "Ermənistanın kriminal rəhbərliyi hər zaman danışıqlar prosesini pozmaq üçün təxribatlara əl atıb. Daim çalışıb ki, müxtəlif vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirsin. 2016-cı ilin aprel ayında da Ermənistan eyni addımı atdı və layiqli cavabını aldı. Bu dəfə Füzuli rayonunun Alxanlı kəndində baş verən ölüm hadisəsi də Ermənistanın qanlı əməllərinin nəticəsidir. Məhz Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha isbatlayır".
Xanım millət vəkilinin sözlərinə görə, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin, uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyaların ciddi şəkildə pozulmasıdır: "Bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət, əlbəttə ki, Ermənistanın üzərinə düşür. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı ölkələrin rəsmilərinin sülh çağırışları etdiyi, mövcud status-kvonun dəyişdirilməsinin tələb olunduğu bir zamanda işğalçı Ermənistanın bu cür təxribatlar törətməsi açıq-aşkar göstərir ki, bu ölkənin qana susamış rəhbərliyi sülh istəmir. Ona görə də dünya birliyi artıq Ermənistanın qanlı əməllərinə sərhəd çəkməli, işğalçılıq əməllərindən əl çəkməsi üçün ona qarşı sanksiyalar qəbul edilməli və sülhə məcbur edilməlidir".
Günel CƏLİLOVA