Yaxın Şərqdə hadisələrin inkişaf axarı burada qardaş Türkiyə üçün gedərək daha ciddi təhlükələrin yarandığını göstərməkdədir. Söhbət Türkiyə sərhədlərində kürd dövlətinin yaradılmasından gedir və görünən odur ki, bu səpkidə planlar artıq işə düşüb. Özü də bu məsələdə kürdlərə əsas etibarı ilə Qərb dövlətləri tərəfindən lazımi dəstək verilir.
Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu qeyd olunan xüsusda çox maraqlı bir açıqlama ilə çıxış edərək bildirib ki, ABŞ və Avropa İttifaqı PKK, Gülən hərəkatı və İŞİD kimi müxtəlif terror cərəyanlarını açıq şəkildə dəstəkləyir. Bu fəaliyyət Türkiyə üçün açıq-aşkar təhdiddir. O qeyd edib ki, hazırda ABŞ öz hərbi və kəşfiyyat gücündən istifadə edərək Türkiyə ilə sərhəddə - Suriya ərazisində dövlət yaratmaq istəyir. Barəsində bəhs edilən dövlətin bir hissəsi isə İraqın şimal ərazilərini əhatə edir. Əslində, kürd dövlətinin əsaslarının da məhz İraqın şimalında yaradılması, sonradan onun Suriya ərazilərinə doğru böyüdülməsi nəzərdə tutulur. Amma Ankara bu planın həyata keçməsinə imkan vermək niyyətində deyil və lazım gəlsə, bölgəyə hərbi müdaxilə etməyi düşünür. Belə bir vaxtda isə Şimali İraq kürd muxtariyyəti Türkiyəyə qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edib. Muxtariyyətə aid telekanalın müstəqillik referendumu ilə əlaqədar aparılan kampaniya çərçivəsində təqdim etdiyi xəritə qalmaqal yaradıb. Xəritədə Türkiyənin cənub-şərqi vilayətləri də yer alıb.
Qeyd edək ki, muxtariyyətin İraqdan ayrılmasını nəzərdə tutan referendum sentyabrın 25-nə təyin edilib. Beləliklə, Yaxın Şərqin xəritəsinin yenidən çəkilməsinə başlanıb. Şimali İraq regional kürd müxtariyyətinin başçısı Məsud Bərzaninin müstəqillik haqqında referendumun keçirilməsi barədə qərarı Yaxın Şərqdə çoxları tərəfindən təşvişlə qarşılanıb. Qərar faktiki olaraq Türkiyəni bir neçə hissəyə bölən "Sevr müqaviləsi"nin ruhunu diriltmək cəhdi kimi qiymətləndirilir. Elə rusiyalı ekspert Stanislav Tarasov da Bərzaninin "Sevr müqaviləsi"nin ruhunu diriltdiyini bildirib: "İraqdakı hadisələr davam edən Suriya böhranı fonunda indi birinci plana çıxa bilər. Ona görə ki, müstəqil İraq Kürdüstanının yaranması "Sevrin ruhu"nu dirildir. Xatırlayaq ki, ilk dəfə müstəqil Kürdüstanın yaradılması haqqında ideya Osmanlı imperiyasının dağılmasından sonra ortaya çıxdı. O müəyyən hüquqi rəsmiləşməni "Sevr müqaviləsi" ilə 1920-ci ilin avqustunda aldı. Güman edilirdi ki, müstəqil Kürdüstanın sərhədlərini İngiltərə, Fransa və Türkiyə birgə müəyyən edəcək".
Yaranmış vəziyyətdə Türkiyə bölgəyə hərbi müdaxiləni belə istisna etmir. Rusiyanın "Svobodnaya pressa" nəşri Moskvanın belə müdaxiləyə imkan verəcəyini bildirir. Nəşr qeyd edir ki, Moskva PYD terror təşkilatının ABŞ-a yaxınlaşmasından sonra təşkilatın nəzarətində olan Suriyanın Afrin bölgəsindən uzaqlaşmağa qərar verib. Bu baxımdan, Türkiyənin Afrində həyata keçirəcəyi əməliyyata Rusiyanın da dəstək verəcəyi bildirilir. Türkiyənin həyata keçirəcəyi əməliyyatın "Fərat Qılıncı" adlandırılacağını yazan "Svobodnaya pressa" 70 gün davam edəcək əməliyyatın gedişatında bölgədəki 41 PYD hədəfinin məhv edilməsinin planlaşdırıldığını qeyd edib. Nəşr yazır ki, PYD-nin rəhbəri Saleh Müslim əməliyyata mane olmaq üçün ABŞ-dan kömək gözləyir. Strateji araşdırmalar üzrə mütəxəssis, təqaüddə olan general Naim Babüroğlu bildirib ki, PKK-nın Suriya qolu YPG hələ 2012-ci ildə Afrini işğal edərək kanton elan edib: "2016-cı ildə isə Münbiçi də işğal etdilər. Afrinin özəlliyi budur ki, bura həm Kilis, həm də Hatay sərhədimizdə yerləşir. Amanos dağlarında hücumlar həyata keçirən PKK-nın ən çox dəstək aldığı yer də Afrindir. Dolayısı ilə Afrində YPG PKK-ya ciddi dəstək verir və bu da Türkiyə üçün böyük təhdiddir. Bildiyimiz kimi, Suriyanın şimalında PKK dəhlizi planı var. "Fərat qalxanı" əməliyyatı ilə bu dəhliz bölündü, lakin bu dəhlizin hədəfində Münbiç və Afrin də var idi. Bu bölgələrdə yerləşən ünsürlərə görə Türkiyə bu iki bölgəyə hücum edə bilmədi. İndi isə ABŞ-ın YPG ilə birlikdə keçirmək istədiyi Rakka əməliyyatı Türkiyə üçün fürsətdir. Hazırda növbədə Fərat çayının qərbindəki dəhlizin şərq bölgəsini sıradan çıxarmaqdır". Bütün bunlar isə Suriyada kürdlərin mövqeyinin güclənməsinə lazımi imkanlar verir. Ankara isə bununla razılaşmaq niyyətində deyil. Çünki bölgədə kürdlərin mövqeyinin güclənməsi sonda onların İraqın şimalındakı kürdlərlə birləşməsinə imkan verəcək. Belə vəziyyət isə Türkiyənin təhlükəsizliyini birbaşa təhdid edir. Məhz bu səbəbdən Ankara, hərbi yolla olsa da, təhlükəli planların qarşısını almağa çalışır.
Tahir TAĞIYEV