Əli Orucov: "Ermənistan bu kimi informasiyalar yaymaqla diqqəti əsas məsələlərdən yayındırmaq istəyir"
Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan mətbuatı Azərbaycana qarşı qərəzli, obyektivlikdən uzaq təbliğat kampaniyası aparmaqdadır. Dağlıq Qarabağdakı separatçı qurumun yaydığı məlumata görə, ATƏT-in monitorinq qrupu Xocəvənd rayonunun şərq hissəsində silahlı qüvvələrin təmas xəttində monitorinq keçirib.
Monitorinq ATƏT-in Moldova, Bosniya və Herseqovinadan olan səhra köməkçiləri tərəfindən həyata keçirilib. Ermənilər iddia edir ki, monitorinq müvafiq cədvələ uyğun olaraq keçirilir. Guya Azərbaycan tərəfi ATƏT-in missiyasının cəbhənin ön mövqeyinə gəlib çıxmasına imkan verməyib, bundan fərqli olaraq, onlar bunun üçün hər cür şərait yaradıb.
Bir növ, bununla belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan ATƏT-in təmas xəttində monitorinq keçirməsində maraqlı deyil. O üzdən, məqsədyönlü şəkildə buna maneçilik törədir. Bununla özləri barədə sülhsevər obraz yaratmağa çalışırlar. Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, Ermənistan tərəfinin bu cür informasiyalar yaymasına ciddi yanaşmaq lazım deyil: "Birinci dəfə deyil ki, erməni tərəfi bənzər informasiyalar uydurur. Zaman-zaman Ermənistan mətbuatı Azərbaycana yönəlik çirkin təbliğat kampaniyası aparıb və bu da onun bir tərkib hissəsidir. Azərbaycan ATƏT missiyasının təmas xəttində monitorinq aparmasına hansısa formada mane olursa, o zaman niyə qurum bu barədə açıqlama vermir? Belə olsa, heç şübhəsiz ki, onlar bunu dərhal bəyan edəcək. Erməni yalanının üstü məhz burada açılır. Çünki Azərbaycana münasibətdə ikili standartlardan çıxış edən ATƏT-in Minsk Qrupu Ermənistana münasibətdə bunu etmir. Bunu ermənilər də yaxşı bilir. Belə olan halda, erməni mətbuatında səslənən fikirlər tamamilə yalana əsaslanır. Digər tərəfdən, Ermənistan bu kimi informasiyalar yaymaqla diqqəti əsas məsələlərdən yayındırmaq istəyir. Onlar işğal altında olan ərazilərin azad olunmasını müzakirə etmək əvəzinə, bu kimi məsələlərə diqqəti yönəltməklə vaxtı uzadır. Zatən, bu, ermənilərə xas olan taktikadır. Hər zaman çalışırlar ki, ictimai rəyi çaşdırsınlar və diqqəti başqa istiqamətə yönəltsinlər. Ona görə də ayıq-sayıq olmalıyıq, düşmənin istənilən təxribat xarakterli informasiyasına düşünülmüş şəkildə adekvat cavab verməliyik".
Vidadi ORDAHALLI