Ramil Hüseynov: "Çünki bu dövlətin özü terrorçu ölkədir"
Ermənistan mətbuatı indi də xarici mətbuata istinad edərək Azərbaycan əleyhinə böhtan xarakterli məlumatlar dərc etməkdədir. Guya Bolqarıstan mətbuatına istinad edən erməni saytları iddia edir ki, Azərbaycan radikal islamyönümlü terrorçu qruplaşmaları silahlandırır.
Ermənilərin iddialarına görə, Azərbaycan diplomatik yük adı altında Suriya, İraq, Əfqanıstan, Pakistan və Konqoya silah satışını həyata keçirir. Erməni saytı bu işdə Azərbaycanda tanınmış təyyarə şirkətlərindən birini ittiham edir. Tamamilə böhtan xarakterli bu yazıda iddia olunur ki, guya diplomatik status adı altında 3 ildir bu iş həyata keçirilir. İftiranın dərəcəsinə bax ki, Azərbaycan Müdafiə Nazirliyinin adını da bu işdə hallandırırlar. Erməni saytı onu da bildirib ki, guya Bolqarıstan, Serbiya, Rumıniya, Çexiya, Macarıstan, Slovakiya, Polşa, Türkiyə, Almaniya, Böyük Britaniya və hətta Yunanıstan buna göz yumub. İddiaya görə, ABŞ şirkətlərindən tədarük olunan bu silahlar əsasən "Əl-Nusra", "Əl-Qaidə" terror təşkilatlarına çatdırılır və s.
Bir nömrəli terrorçu dövlət olan Ermənistanın başqa dövləti ağla gəlməyən işdə ittiham etməsi gülüncdür. Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, terrorçuları dəstəkləyən ölkə Ermənistandır: "Çünki bu dövlətin özü terrorçu ölkədir. Dəfələrlə Ermənistanın müxtəlif beynəlxalq terrorçu təşkilatlarla qaranlıq əlaqələrinə dair məlumatlar mətbuatda dərc olunub. Hələ 70-80-ci illərdə ermənilər Yaxın Şərqdə və digər bölgələrdə bir sıra radikal terrorçu qruplaşmalarla əlaqədə olub. Ermənistan müstəqillik əldə edəndən sonra dövlət səviyyəsində bu terror təşkilatlarını dəstəkləməyə başladı. Təbii ki, gizli formada. Bunun nəticəsidir ki, bəzi terrorçular Dağlıq Qarabağda müharibədə iştirak etdilər. Belə ki, onlardan biri də məşhur erməni əsilli terrorçu Monte Melkonyan idi. 1993-cü ildə Melkonyan Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edildi. Ona görə də ermənilərin Azərbaycanı radikal terrorçu qruplaşmaları silahlandırmaqda ittiham etməsi absurddur". Vidadi ORDAHALLI