Aqşin Əliyev: "Görüş ərəfəsində bu mövqeyi bir də təkrarlamalıyıq"
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov da iştirak edəcək. Bəzi məlumatlara görə, görüşə hər üç həmsədr qatılacaq. İqor Popovla yanaşı, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcək.
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi gözlənir. Həmin görüşə böyük ümidlər bəslənir. Əksər politoloqlar, hətta dövlət rəsmiləri verdikləri bəyanatlarda bildiriblər ki, Mauerbax görüşü nəticəsiz olarsa, münaqişənin həlli müharibə müstəvisinə keçə bilər. Azərbaycan bununla bağlı qabaqcadan nə etməlidir ki, görüş zamanı hansısa nəticə əldə edilsin?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu məsələdə Azərbaycan indiyə kimi üzərinə düşən nə varsa edib: "Söhbət Ermənistanın qeyri-konstruktivliyindən gedirsə, onu doğru mövqeyə gətirməyin yolları çoxdur. Biz dəfələrlə belə yolları izah etmişik. Ancaq təəssüflər olsun ki, səlahiyyəti və Ermənistana təzyiq etmək gücü olan ölkələr bunu qulaqardına vurur. Sanki onlara status-kvonun belə qalması sərf edirmiş kimi davranırlar. Ermənistanın danışıqlarda etdiyi cığallıq aydındır, bəs həmsədr ölkələr niyə konkret addımlar atmır? Bunların səbəbi bəllidir. Artıq Ermənistanın manevr imkanları, Azərbaycanın isə səbri tükənib. Son günlər Azərbaycan vəziyyətin dəyişməli olduğunu konkret bəyan edir. Belə olmayacağı təqdirdə güc yolunun seçilə biləcəyini də istisna etmir. Azərbaycan üzərinə düşən nə varsa, onu edib, konkret bəyanatlarını verib. Mənə elə gəlir ki, görüş ərəfəsində bu mövqeyi bir də təkrarlamalıdır. Qoy bilsinlər ki, son şans alınmasa, Azərbaycan başqa vasitələrə əl ata bilər. Söz prosesə təsir edə bilən ölkələrin olmalıdır və onlar, nəyin bahasına olursa-olsun, Ermənistanı güzəştə məcbur etməlidir. Əks təqdirdə, biz münaqişənin alovlanmasından yayına bilməyəcəyik. Hansı rıçaqlardan istifadə olunmasına gəldikdə isə, həmsədr ölkələr bunu bizdən yaxşı bilir. Onlara nəyisə izah etməyə ehtiyac yoxdur".
Məhəmmədəli QƏRİBLİ