Ramiz Tağıyev: "Yaxın zamanlarda bunun müsbət işartılarını görəcəyik"
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranmış vəziyyətin dəyişməli olduğuna dair bəyanatların səslənməsi intensivləşib. Əvvəl bunu daha çox Azərbaycan tərəfi qabardırdısa, hazırda Avropanın mühüm institutları, hətta NATO belə, status-kvonun mütləq mənada dəyişməli olduğunu vurğulayır.
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz. F.Moqerini vurğulayıb ki, bu münaqişə tez bir zamanda beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməkdə davam edir.
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister də İrəvanda deyib ki, Dağlıq Qarabağdakı status-kvo həssasdır. O bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq əsasında uzunmüddətli həlli zəruridir. Avropa İttifaqı (Aİ) tərəfləri atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə həlli üçün öz öhdəliklərinə əməl etməyə çağırır, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir".
D.Makallister qeyd edib ki, Brüssel münaqişə zonasında silahlanma yarışından, qarşıdurma ritorikasından və təmas xəttində insan ölümünə səbəb olan insidentlərdən narahatdır.
Onun sözlərinə görə, Aİ tərəfləri danışıqları Minsk Qrupunun təklifləri əsasında şərtsiz bərpa etməyə çağırır.
Avropa institutlarının status-kvonun dəyişdirilməsi ilə bağlı belə konkret bəyanatlar verməsi nəyin əlaməti sayıla bilər?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin bu vəziyyətdə qalması dünyanın nüfuzlu təsisatlarının imici və onlara olan etimada da mənfi təsir edir: "Elə bir beynəlxalq təşkilat yoxdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsin. Mövcud status-kvo qəbuledilməzdir və dəyişməlidir, bunu biz anlayırıq və dəfələrlə rəsmi səviyyədə bəyan etmişik. Ancaq təəssüflər olsun ki, əvvəlki dönəmlərdə nüfuzlu dövlətlər və qurumlar bu məsələyə ehtiyatla yanaşırdılar. Artıq dünya birliyi də anlayır ki, münaqişənin bu şəkildə konservləşdirilmiş halda qalması onların özü üçün də fayda vermir. Ola bilər ki, bu, Rusiyaya sərf edir. Çünki Rusiya bu regionu özünün arxa bağçası sayır. Eyni zamanda, Ermənistandan bir plasdarm olaraq istifadə edir. Ancaq hazırda dünyada aparılan nüfuz savaşı kontekstindən yanaşanda bu, Avropanı heç cür qane edə bilməz. Çünki bəllidir ki, Rusiya yaxın ətrafında yaratdığı münaqişələr hesabına həmin dövlətləri öz nəzarətində saxlayır. Azərbaycan torpaqlarının işğalı davam edir, ATƏT-in Minsk Qrupu münaqişənin həllində heç nəyə nail ola bilmir. Bu səbəbdən də biz Avropa qurumlarından analoji bəyanatların şahidi oluruq. Bizim üçün məqbuldur. Görünür, onlar da vəziyyətin dəyişməli olduğuna dair konkret qərara gəlib. Yaxın zamanlarda bunun müsbət işartılarını görəcəyik".
Məhəmmədəli QƏRİBLİ