Şəlalə Cəsur: "Qlobal vətəndaş etikası çoxpilləli olmalıdır"
Mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görüşdə etdiyi çıxışda bildirib ki, yüksək səviyyəli bu toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir: "Biz, həmçinin, çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək.
Bizim hamımız dünyada mədəni müxtəlifliyi tanıyırıq. Bütün mədəniyyətlərə və sivilizasiyalara gəldikdə, onlar davamlı inkişafa töhfə verməlidir. Bütün bu işlərin həll olunması asan deyil. Bizim hamımızın müxtəlif mədəni mənşəyi var. Biz hesab edirik və ən azı etiraf etməliyik ki, müxtəlif perspektivlər mövcuddur və onlar açıq qalır.
Yekun olaraq, əlbəttə, qeyd edirik ki, dialoq dərhal razılaşma, sadə anlaşma və yaxud başqa məsələlərin həlli demək deyil. Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır. Mən sizə maraqlı diskussiyalar arzulayıram. Hesab edirəm ki, bizim məramımız bununla daha da güclənəcək. Biz dialoqu davam etdirəcəyik və bir çox çağırışları aradan qaldırmağa nail olacağıq. Çox sağ olun, Bakıya gəldiyinizə görə sizə təşəkkür edirəm".
Mehriban Əliyevanın çıxışında qeyd etdiyi qlobal vətəndaşlıq etikası nə deməkdir?
Ekspert Şəlalə Cəsurun sözlərinə görə bu terminin elmi izahı var: "Müasir dövrün ziddiyyətləri, dərin böhranları qlobal etikanı, qlobal siyasəti və qlobal ekologiyanı əhatə edib. Bunlar sosial, irqi, etnik münaqişələrdə təzahür edir. Yeni qlobal etika yeni qlobal qaydaların meydana gəlməsini və həyata keçirilməsini təmin edir. Qlobal etikanın əsas dəyərləri qlobal iqtisadiyyata, siyasətə və ekologiyaya tətbiq edilir. Qlobal etikanın dəyərlərinin və prinsiplərinin formalaşmasında dünyanın bir çox fəlsəfi təlimləri və dinləri iştirak etsə də, hələ də bu dəyərlər insanların davranışında tam təcəssüm etməyib. Bu baxımdan da Mehriban Əliyeva düzgün olaraq hesab edir ki, Bakının ev sahibliyi etdiyi forum deyilən dəyərin də lazımi şəkildə inkişaf etməsinə şərait yaradacaq.
Qlobal vətəndaşlıq etikasının nümayəndələri olan alimlər dünyada müxtəlif eyniliyin mövcudluğu ideyasını irəli sürərək göstərir ki, mütləq əxlaq həmişə özünü xüsusi əxlaqi motiv və davranış kimi təzahür etdirir.
Etiraf etmək lazımdır ki, mütləqin mövcudluğunda xristian və müsəlman əxlaqı da iştirak edir. Mütləq etika və ya qlobal etika dünyanın vahid taleyini anlamaqdan irəli gəlməlidir. Qlobal etika dünyada o zaman lazımi şəkildə inkişaf edə bilər ki, bəşəriyyətdə başqa xalqların da yaşadığı və onlarla əməkdaşlığın zəruriliyi dərk edilsin. Buna görə də qlobal vətəndaş etikası çoxpilləli olmalı, o, mütləq dəyərlərdən bu və ya digər region və mədəniyyətin konkret həyatına, mədəniyyətlərin müxtəlifliyinə həqiqi loyallıq (hörmət) kəsb edərək daxil olmalı, dünyada real həyatın faktına çevrilməlidir".
Məhəmmədəli QƏRİBLİ