Yaxın Şərqdə mövqeləri kəskin şəkildə toqquşan ABŞ və Rusiya indi də Arktikada hərbi müstəvidə qarşı-qarşıya gələ bilər. Buna əsas səbəb Rusiyanın buzlaqlarda fəallaşması, burada neft və qaz hasilatını genişləndirmək niyyətidir. Belə vəziyyət ABŞ-da ciddi narahatlıq doğurur.
ABŞ-ın Sahil Mühafizəsinin başçısı Pol Zakanft bildirir ki, indiki vəziyyətdə Arktikada vəziyyət birmənalı şəkildə Rusiyanın xeyrinədir və belə vəziyyət ABŞ üçün yaxşı heç nə vəd etmir: "Arktika üçün yarışı şahmat partiyası ilə müqayisə etsək, Rusiyada onun bütün fiqurları, ABŞ-da isə yalnız piyada və mümkündür ki, top var". O vurğulayıb ki, Moskva artıq oyunun lap əvvəlində Vaşinqtonu "şah və mat" edib. Pol Zakanft xəbərdarlıq edib ki, Rusiya Arktikada Birləşmiş Ştatları xeyli qabaqlayır və Vaşinqton regionda hərbi güclənmə baxımından yubanır. Sahil Mühafizəsinin başçısı qeyd edib ki, Rusiyada ticarət və hərbi gəmilərin dəniz yollarına girişini təmin edən buzqıranların sayı 40 olduğu halda, ABŞ-da yalnız iki buzqıran gəmi var. Zakanft onlardan yalnız birinin Arktika üçün əlçatan olduğunu deyib: "Arktika buzlarının geri çəkilməsi eyni zamanda təbii resursların zəngin ehtiyatlarına girişi açır. Rusiya və Çin kimi ölkələr bu ehtiyatlara acgözlüklə baxır. Qiymətləndirmələrə görə, dünyanın öyrənilməmiş qaz ehtiyatlarının 30, neftin isə 13 faizi bu regiondadır".
Eyni mövqeni ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Harri Rafed də bölüşür: "Moskva və Pekinin Arktikada mövqeyi Vaşinqtondan daha güclüdür. Arktikanın resursları üçün mübarizə aparmayan Amerika qlobal səviyyədə lider statusunu itirə bilər". Onun sözlərinə görə, Arktikanın resurslarının mənimsənməsi ilə bağlı Rusiya və Çinin strateji manevrləri ABŞ üçün həyəcan siqnalıdır. Hərbi-Dəniz Qüvvələrinin admiralı hesab edir ki, Arktika uğrunda mübarizənin yubadılması ölkənin idxal edilən neftdən asılılığını artırır və bütovlükdə qlobal səviyyədə Amerikanın nüfuzunu, o cümlədən Arktikada liderliyini təhlükə altına qoyur. Moskva isə bölgədə hərbi gücünü artırmaqda davam edir. Rusiya Müdafiə Nazirliyi rus ordusunun Arktikada yerləşdirilməsinin 2020-ci ilə qədər davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Arktikada fəallaşması, ABŞ-la yanaşı, Kanada və Norveçin də kəskin etirazına səbəb olub. Moskvanın aktivliyinə cavab olaraq Kanada da özünün Arktikadakı hərbi fəallığını artırıb. Ekspertlər isə hesab edir ki, tərəflərin hərbi fəallığının artırılmasının səbəbləri əslində çox sadədir və əsasən enerji amilinə söykənir. Bu region həm də ona görə beynəlxalq diqqət mərkəzinə gəlib ki, Arktika dənizində buzların əriməsi Şimal dənizi marşrutunu daha naviqasiyalı edəcək və beləliklə, Çinə və Asiyanın başqa gur bazarlarına qısa yol yaranacaq. Digər tərəfdən, Arktika Yer kürəsində toxunulmamış neft qalan yeganə region hesab olunur. "Rosneft"in icraçı direktoru və prezident Vldaimir Putinin yaxın müttəfiqi İqor Seçin bəyan edib ki, şirkət qarşıdan gələn 15 ildə Arktikaya 400 milyard dollar investisiya qoya bilər: "Biz orada ehtiyatları Səudiyyə Ərəbistanı ilə müqayisə oluna biləcək yeni neft regionu yaratmağa hazırlaşırıq". Beləliklə, Rusiya Sovet İttifaqının dağılmasından sonra praktik olaraq tərk etdiyi Arktikaya qayıdır. Bu fonda da Kreml mütəmadi olaraq Arktika ilə bağlı hərbi planlarını açıqlayır.
Qeyd edək ki, 5 sərhədyanı dövlət - ABŞ, Kanada, Danimarka, Norveç və Rusiyadan başqa daha 20 dövlət Arktikanın zənginliklərinə iddia edir. Arktika problemləri ilə məşğul olan ən böyük və nüfuzlu dövlətlərarası təşkilat isə rəsmi olaraq 1996-cı ildə yaradılmış Arktika Şurasıdır. Buraya qütbə yaxın bütün dövlətlər daxildir. Amma hadisələrin inkişaf axarı göstərir ki, Arktika ilə bağlı məsələdə böyük dövlətlər yenə qanunlara yox, öz maraqlarına söykənərək hərəkət edəcək. Məsələnin daha bir tərəfi isə hərbi ziddiyyətlərlə bağlıdır. Belə ki, NATO Norveçə raketdən müdafiə sistemləri yerləşdirməyə hazırlaşır. Belə vəziyyətdə Kreml cavab tədbiri kimi Arktikada hərbi cəhətdən güclənməyə üstünlük verir. Rusiyanın Norveçdəki səfiri Teymuraz Ramşvili bildirir ki, NATO bu addıma gedərsə, bunun sadəcə sözügedən ölkə üçün deyil, ittifaq üçün nəticələri gözlənilməz olacaq: "Rusiya bunun cavabını mütləq verəcək. Rusiya və Norveç məsələ ilə bağlı fərqli görüşlərə sahib ola bilər. Bu normaldır. Lakin yaxşı qonşular dialoq qurmalı və hər iki tərəfi təmin edən həll yolları axtarmalıdır". Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirir ki, Rusiya Arktika məsələsində Moskva ilə əməkdaşlıq edənlərin təhlükəsizliyinə cavabdeh olmağa hazırdır: "Biz kiminləsə əməkdaşlıq edəndə bunu mövqelərimizin verilməsi hesabına etmirik. Bizim öz ölkəmiz, Şimal dəniz yolumuz, Arktik şelfimiz var. Təkcə Rusiyanın yox, həm də Şimal dəniz yolunun təhlükəsizliyini Federal Təhlükəsizlik Xidməti və ordu təmin edir".
Tahir TAĞIYEV