Bu gün müsəlman dünyası üçün ən vacib məqamlardan biri də İslam həmrəyliyinə nail olunmasıdır. Qeyd edilən istiqamətdə bəzi müsəlman ölkələri, məsələn elə Azərbaycan mühüm addımlar atır. Ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunları, cari ilin İslam Həmrəyliyi ili elan olunması və sair qeyd edilənlərin real təsdiqidir.
Görülən işlər müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir. Amma görünən odur ki, İslam dünyasında hələ də aradan qaldırılması vacib olan ziddiyyətlər var. Məsələn, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər gedərək daha gərgin xarakter alır və hətta fikir ayrılıqlarının hərbi qarşıdurmaya belə gətirib çıxarması istisna olunmur. Artıq tərəflər bir-birini güc müstəvisində hədələyir.
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, şahzadə Məhəmməd bin Salmanın İran barədə verdiyi açıqlamalar vəziyyəti daha da gərginləşdirib. "The Guardian" qəzetinin yazdığına görə, şahzadə bəyan edib ki, onun ölkəsi ilə İran arasında dialoq üçün məkan yoxdur, çünki İran İslam dünyasına nəzarətə yiyələnmək istəyir.
Səudiyyə telekanallarına özünün nadir, lakin geniş müsahibəsini vermiş şahzadə İrana qarşı düşmənçiliyinin miqyasını açıq şəkildə ortaya qoyub. Xatırladaq ki,
31 yaşlı şahzadə 2015-ci ildə atası tərəfindən Səudiyyə taxt-tacının vəliəhdi elan edilib. O, eyni zamanda ölkənin müdafiə naziri postunu tutur və Yəmən müharibəsində İranın dəstəklədiyi qiyamçılara qarşı hərbi əməliyyatlara komandanlıq edir. "The Guardian" yazır ki, İranla yaşanan gərginliyi məzhəb zəminində şərh etməklə alovlandıran şahzadə Tehranın ambisiyalarını tənqid edib. Məhəmməd bin Salman isə deyib ki, İran şiələrin 12-ci imamı Mehdinin gəlişinə hazırlıq olaraq İslam dünyasına nəzarəti ələ almağa səy göstərir: "Mən öz etiqadını ekstremist ideologiya üzərində quran birisi ilə və ya bir rejimlə necə anlaşma əldə edə bilərəm? Bizim aramızda olan maraqlar nədir ki?".
Məqalədə deyilir ki, İran və Səudiyyə regionda rəmzi müharibələr aparır. Onlar Suriya və Yəmən müharibələrində qarşı duran tərəfləri dəstəkləyirlər. İki ölkə arasında Livan, Bəhreyn və İraqdakı qruplaşmaların təmsilçiliyi ilə qarşıdurma davam edir. İranla Səudiyyə arasında münasibətlər ötən il Səudiyyədə nüfuzlu şiə ruhanisi edam edildikdən sonra son dərəcə gərginləşmiş, Tehrandakı Səudiyyə səfirliyi qəzəbli iranlılar tərəfindən yandırılmışdı. Bunun ardınca iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb. Məhəmməd bin Salman isə yaranmış indiki durumda hərbi əməliyyatların olmasını istisna etmir: "Biz İranın əsas məqsədini bilirik. Biz döyüşün Səudiyyənin içərisinə gəlməsini gözləməyəcəyik. Biz elə edəcəyik ki, bu döyüş Səudiyyənin yox, İranın içərisində baş versin".
İranın müdafiə naziri Hüseyn Dehqan bəyan edib ki, Səudiyyə Ərəbistanı düşünülməmiş addım atacağı təqdirdə Tehran, müqəddəs məkanlar olan Məkkə və Mədinə istisna olmaqla, krallığın ərazisinə zərbələr endirəcək: "Biz onlara məsləhət görürük ki, düşünülməmiş hərəkətlər etməsinlər. Səudiyyəlilər düşünülməmiş addım atarsa, ölkə ərazisində, Məkkə və Mədinə istisna olmaqla, salamat yer qoymayacağıq. Onlar hərbi-hava qüvvələri olduğu üçün hər şey edə biləcəklərini düşünürlər". Hazırda İran və Səudiyyə Ərəbistanı arasında Yəmən münaqişəsinə görə ziddiyyətlər daha da dərinləşməkdədir. Ekspertlər bildirir ki, iki ildir davam edən Yəmən müharibəsi hazırda pat vəziyyətinə gəlib.
"The Guardian" yazır ki, milyonlarla dollar xərcləməsinə baxmayaraq, Səudiyyə qiyamçı şiə husiləri Yəmən paytaxtından vurub çıxara bilməyib. Yaranmış vəziyyətdə ABŞ Səudiyyə Ərəbistanına hərtərəfli yardıma hazır olduğunu bildirir. Yeri gəlmişkən qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək. ABŞ liderinin səfəri bu ay üçün planlaşdırılıb. Səfərlə bağlı danışan Tramp bildirib ki, mayın sonunda reallaşacaq səfər zamanı Səudiyyə Ərəbistanında müsəlman ölkələrin liderləri ilə tarixi görüş baş tutacaq. Tramp ərəb regionunun İslamın iki ən müqəddəs məkanının qoruyucusu olduğunu vurğulayaraq deyib:"Biz ekstremizm, terrorizm və zorakılıqla mübarizədə, eləcə də gənc müsəlmanların öz ölkələrində daha ədalətli yaşaması və stabil gələcəklərini təmin etmək üçün müsəlman müttəfiqlərimizlə əməkdaşlıq məqsədilə yeni təməl inşa etməyə başlayacağıq". Trampın səfər əsnasında İrana və İŞİD terror təşkilatına qarşı mübarizə məsələlərinə toxunacağı gözlənir. Bundan başqa, ABŞ Səudiyyə Ərəbistanı ilə birgə İrana güc nümayiş etdirir. Belə ki, İordaniyada 20 ölkənin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb.
7500 hərbçinin iştirak etdiyi təlimlərə Avropa Birliyi, Asiya, Afrika və Fars körfəzi ölkələri, Böyük Britaniya, Yaponiya, Keniya və Səudiyyə Ərəbistanı orduları cəlb edilib. ABŞ-ın rəhbərliyi altında keçirilən təlimlər mayın 18-nə qədər davam edəcək.
Tahir TAĞIYEV