Aydın Mirzəzadə: "Müasir dünyanın problemlərinin həlli məhz sivilizasiyaların bir-birilə harmoniya şəklində yaşaması ilə mümkündür"
Müasir dövrdə dünyada mədəniyyətlər arasında dialoqun qurulması və inkişafı olduqca vacib əhəmiyyət kəsb edir. Mədəniyyətlərarası dialoq yaşanan bu və ya digər problemin, mövcud narazılıqların kompromis yolla aradan qaldırılmasında, dialoq tərəflərinin sülhə gəlməsində mühüm rol oynayır. Məhz mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dünyada müxtəlif mədəniyyətlər, xalqlar arasında mövcud olan bir sıra ziddiyyətlərin aradan qaldırılmasına rəvac verib.
Azərbaycan tarix boyu mədəniyyətlərarası dialoqun mərkəzi rolunda çıxış edib. Burada müxtəlif mədəniyyət və dini inanclara sahib insanların hüquqları həmişə tam olaraq qorunub, onlar tam sərbəst şəkildə fəaliyyət göstərib. Ölkəmiz həmişə mədəniyyətlərarası dialoq üçün açıq olub və bu gün də açıqdır. Bakıda baş tutan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu mənada bir daha göstərdi ki, Azərbaycan sözügedən istiqamətdə, həmişə olduğu kimi, yenə də dünyaya töhfələr verməkdə davam edir.
Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixində imzaladığı fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iki ildən bir keçirilir. Bu fərmandan irəli gələrək, 7-9 aprel 2011-ci ildə Bakıda I, 29 may-1 iyun 2013-cü ildə II, 18-19 may 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO-nun birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. 4-6 may 2017-ci il tarixlərində ölkədə dördüncü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edildi və tədbir çox yüksək səviyyədə keçirildi. Bütövlükdə, sözügedən forum dünyaya hansı mesajları verdi? Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin fikrincə, tədbir dünyaya sülh mesajı verdi: "Bu həm təşkilatçılıq baxımından, həm də Azərbaycanın özünün keçirdiyi hər hansı tədbirlə əlaqədar təqdim edəcəyi müsbət təcrübə ilə bağlıdır. Bu gün mədəniyyətlərarası dialoq və sivilizasiyaların harmoniyası ən aktual məsələlərdən biridir. Dünyada bir çox ölkələr bu məsələlərin böhranını yaşayır. Azərbaycan isə, əksinə, bu sahədə çox böyük uğurlar əldə edib. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır. Hesab edirəm ki, Azərbaycan artıq özünün inkişaf etmiş dövlət quruculuğu təcrübəsi ilə digərlərinə nümunə ola biləcək bir ölkə imici yaradıb. Həmçinin Azərbaycan, sözün əsl mənasında, artıq mədəniyyətlərin qovuşduğu ölkədir. Müasir dünyanın problemlərinin həlli də məhz sivilizasiyaların bir-birilə harmoniya şəklində yaşaması ilə mümkündür. Bir çox dövlət başçılarının, vaxtilə mühüm siyasi vəzifə tutmuş insanların, ziyalıların, tanınmış şəxslərin tədbirə gəlişi isə Azərbaycanın artan nüfuzunun növbəti göstəricisi olur. IV Bakı Forumu vasitəsilə Azərbaycanın dünyaya mesajları sülhün, təhlükəsizliyin qorunması, insan faktoruna diqqətin artırılması, beynəlxalq hüququn ciddi şəkildə qorunmasına riayət edilməsi kimi məsələlər oldu. Dünyanın xilası harmoniyada, hüququn aliliyində və mədəniyyətlərə hörmətlə yanaşılmasındadır".
Vidadi ORDAHALLI