Azərbaycan təbii qazının dünya bazarlarına çıxışında yeni mühüm marşrut sayılan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması istiqamətində işlər uğurla davam etdirilir. Gözlənir ki, bu gedişlə layihənin mühüm qollarından biri sayılan TANAP vaxtından əvvəl istifadəyə verilsin.
TANAP-ın baş direktoru Saltuk Düzyol bildirir ki, Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan bu kəmərin quru hissəsinin inşası çərçivəsində indiyədək 1684 kilometr uzunluğunda xəndək qazılıb: "Bu vaxtadək TANAP-ın tikintisi çərçivəsində 4 lot üzrə 1540 kilometr boru marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1463 kilometr uzunluğunda borunun qaynağı tamamlanıb". Ümumi uzunluğu 1810 kilometr olan TANAP-ın bu gedişlə cari ilin sonlarında istifadəyə verilməsi istisnalıq təşkil etmir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Türkiyə artıq bu qazı bütün həcmdə ala biləcəyini bəyan edir.
Onu da xatırladaq ki, TANAP Türkiyə-Yunanıstan sərhədində "Transadriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. TAP-ın da çəkilişi istiqamətində hazırda intensiv işlər gedir. Yunanıstan və Albaniya arasında artıq kəmərin çəkilişi istiqamətində zəruri işlər görülür. Əsas problem indilikdə TAP-ın son marşrutu olan İtaliya ilə bağlıdır. Xatırladaq ki, İtaliyanın cənubunda, Leççe əyalətinin Melandunyo şəhərində TAP-ın keçdiyi marşrut üzərində "No TAP" komitəsi aksiyalar keçirib. Nəticədə "No TAP" komitəsinin fəalları qaz kəmərinin tikintisi üçün 219 ədəd çoxillik zeytun ağacının müvəqqəti köçürülməsi işlərini dayandırmağa nail olublar. Fəallar iddia edir ki, kəmər ətraf mühitə və zeytun bağlarına ziyan vurur. Maraqlıdır ki, "No TAP" komitəsini təşkil edən, İtaliya parlamentində 22 faiz səslə təmsil olunan "5 Star" müxalifət hərəkatı və onun lideri, şoumen Beppe Qrillo Rusiya ilə əlaqələrinə görə tanınır. Və kəmərə qarşı çıxanlar onun təkcə ətraf mühitə ziyan vuracağı iddiaları ilə kifayətlənmir, bildirirlər ki, TAP ümumiyyətlə İtaliyaya gərək deyil və bu kəmərə xərc çəkməyə dəyməz.
Belə vəziyyət əslində İtaliyanın özündə böyük narahatlığa yol açıb və İtaliya rəsmiləri problemin aradan qaldırılması üçün, demək olar, səfərbər olublar. Çünki onlar sərfəli Azərbaycan qazından məhrum olmaq istəmir. Məsələyə yenidən münasibət bildirən İtaliyanın ətraf mühit naziri Gian Luka Qaletti bildirir ki, TAP boru kəməri karbon emissiyasının azaldılmasını dəstəkləyən mühüm infrastrukturdur: "İtaliyanın enerji strategiyası bərpaolunan enerji mənbələrinə və təbii qaza yönəlib".
Bundan əvvəl İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda da bildirib ki, TAP qaz boru kəmərinin Adriatik dənizindən keçməklə İtaliya ərazisinə daxil olan hissəsinin marşrutu dəyişdirilə bilməz. TAP-ın kommunikasiya rəhbəri Lisa Givert vurğulayır ki, sözügedən boru kəmərinin inşası üçün İtaliyada müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir: "2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir. Keçən ilin may ayından etibarən TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşasına başlanıb. Ötən ilin yayından TAP marşrutu boyunca partlamamış hərbi sursatın olub-olmadığını yoxlamaq məqsədilə arxeoloji kəşfiyyatlar, eləcə də xətt üzrə bitən zeytun ağacları üçün fitosanitar tədbirlər aparılır. Oktyabr-dekabr aylarında San Foça çimərliyində mikrotunelin tikintisi üzrə bütün geoloji tədqiqatlar yekunlaşıb. Cari ilin martında isə mikrotunelin tikiləcəyi ərazidən 231 zeytun ağacının ilk partiyasının köçürülməsinə başlanıb". Givert İtaliyada TAP ətrafında baş verənləri şərh edərkən deyib: "2015-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədi Latsio vilayət məhkəməsinin qərarında olduğu kimi qüvvədə qalmaqdadır. TAP öz fəaliyyətinin bərpa prosesi ilə məşğul olan bütün qurumlarla əməkdaşlığını davam etdirir. Aprelin 6-da Latsio vilayət məhkəməsi boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bununla bağlı məhkəmənin təkrar iclasında müsbət nəticələrin əldə olunacağına ümid edirik. TAP aprelin 11-12-də mikrotunelin tikiləcəyi ərazidə kökündən çıxarılan 31 ədəd zeytun ağacının bərpasını öz üzərinə götürüb. Aprelin 7-də Leççedə yerli və regional hakimiyyət orqanları ilə görüşündən sonra TAP zeytun ağaclarının təhlükəsiz köçürülməsi üzrə işlərə başlayıb". Bütün bunlar TAP-la bağlı İtaliyada problemlərin çözülməsi istiqamətində işlərin intensivləşdiyini göstərir. Çünki qeyd olunduğu kimi, İtaliya onun üçün çox sərfəli olan Azərbaycan qazından məhrum olmaq istəmir.
Bir daha xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TAP layihəsi TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çıxaracaq. Yəni bu kəmər təkcə İtaliya yox, bütün Avropa üçün vacibdir.
Tahir TAĞIYEV