İşğal altındakı Azərbaycan ərazilərinin nəzarətdən kənar qalması təkcə ölkəmiz yox, bütün region və əslində, dünya üçün də ciddi təhdid mənəbyinə çevrilib. Söhbət heç də Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll olunacağı təqdirdə bura kənar qüvvələrin cəlbi və beləliklə, hərbi əməliyyatların miqyasının genişlənməsindən getmir. Real vəziyyət, əslində, zəbt edilmiş ərazilərin təhlükəsizliklə yanaşı başqa parametrlər baxımından da böyük təhdidlər yaratdığını çox aydın şəkildə nümayiş etdirir.
Sirr deyil ki, bu gün Ermənistan işğalda saxladığı Azərbaycan torpaqlarında bəşəriyyət üçün çox ciddi olan başqa təhdid mənbələri də ərsəyə gətirib. Söhbət bölgəyə terrorçu dəstələrin cəlb olunması, Qarabağda terrorçuların hazırlanması, salınan narkotik plantasiyaları və digər belə təhlükəli hallardan gedir. Sözügedən məsələ bu günlərdə Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında da qaldırılıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, nəticədə insanlar yaşadığı ərazilərdən köçkün düşüb, bu da insan hüquqlarının pozulmasıdır. Onun sözlərinə görə, problemin miqyası təkcə bununla məhdudlaşmır. Xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olur: "Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu məsələyə baxışda ikili standartlar var. Ermənilər Azərbaycan ərazilərini işğal edib, tarixi abidələri məhv edib, təbii sərvətlərimizi istismar edir. Bunların hamısı beynəlxalq hüquq pozuntularıdır və Ermənistan buna görə məsuliyyət daşıyır".
Əslində, dünya dövlətlərinə də sirr deyil ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Bu da erməni tərəfinə həmin ərazilərdən öz cinayət məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaradır. Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu üzrə ermənilər uzun müddətdir ki, narkotik maddələrin daşınmasını həyata keçirir. Ərazilərə nəzarət edilməməsi və beynəlxalq qurumların da bu istiqamətdə müvafiq addımlar atmaması isə problemi daha da dərinləşdirir, ermənilərin qeyd olunan səpkidə fəaliyyətinin genişlənməsinə rəvac verir. Digər tərəfdən bu, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə edilən ərazilərin əslində dünya üçün də təhdid mənbəyi olduğunu göstərir. Çünki buradan daşınan narkotik maddələr Avropa, hətta ABŞ-a qədər gedib çıxır. Eyni zamanda Qarabağdan daşınan narkotik maddələr Rusiyada geniş həcmdə realizə olunur.
O da məlumdur ki, işğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik laboratoriyalar fəaliyyət göstərir və burada daha təhlükəli narkotik maddələr də hazırlanır. Bu mənada məsələyə beynəlxalq miqyasda reaksiya verilməsi də olduqca zəruridir. Amma təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələnin həllində aciz qalıb. Çünki ermənilər Qarabağda monitorinq aparmaq mandatı olan beynəlxalq qurumları həmin ərazilərə buraxmır. Bu mənada hesab edilir ki, Ermənistana qarşı əslində daha sərt addımlar atılması olduqca vacibdir. Əks halda işğal altında qalmış ərazilərimizdə insan alveri, narkotik maddələrin yetişdirilməsi, terrorçu qrupların hazırlanması kimi bəşəriyyət əleyhinə olan cinayətlərin davam etdirilməsi də qaçılmaz olacaq. Əslində, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun nəzarətsiz qalmasının məhz belə cinayətlərin daha da genişlənməsinə şərait yaratması bir sıra beynəlxalq təşkilatların da hesabatlarında öz əksini tapıb. Yəni nəzarətsiz qalan Qarabağda iri narkotik plantasiyalarının olması beynəlxalq miqyasda da artıq qəbul olunur. Bu işlərin başında indiki Ermənistan rəhbərliyinin, zəbt olunmuş ərazilərdə yaradılan separatçı rejimə rəhbərlik edən şəxslərin dayandığı da heç kimə sirr deyil. Nəticə də ona gətirib çıxarıb ki, bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ həm də dünyada narkotik vasitələrin, demək olar, ən böyük tranzit məkanına çevrilib. Ölkəmizin əldə etdiyi məlumatlar, toplanan informasiyalar çox aydın göstərir ki, narkotacirlərin bu gün istifadə etdiyi ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildirib. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələyə də ikili standartlarla yanaşır. Yəni yaranan təhlükəyə görə Ermənistana qarşı əməli addımlar atılmır, işğal siyasətinə son qoyulması üçün zəruri tədbirlər görülmür. Nəticə də odur ki, indinin özündə də Dağlıq Qarabağ həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biri olaraq qalır. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanması və bu ərazilərdən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün istifadə edilməsi faktı nəinki ölkəmizin, eləcə də bütün Avropanın təhlükəsizliyini ciddi təhdid edir. Belə vəziyyətdə milli və beynəlxalq nəzarətdən kənar ərazilərdə narkotiklərin becərilməsi, emalı və daşınması təkcə Azərbaycan deyil, bəşəriyyət üçün problem olduğundan, bunun qarşısının alınması üçün əməli addımlar atılmasını vaxtı çoxdan çatıb. Çünki yuxarıda qeyd olunduğu kimi, həmin nəzarətsiz ərazilərdən narkotik vasitələr nəinki tranzit, eləcə də orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin Avropaya, Rusiyaya və başqa istiqamətlərə yayılması üçün istifadə olunur. Burada bir məqamı da xüsusi olaraq qabartmaq lazım gəlir ki, vaxtaşırı Ermənistanın kütləvi informasiya vasitələri və bir sıra hüquq müdafiəçilərinin verdiyi məlumatlarda da bildirilir ki, Azərbaycan ərazilərinin işğal edilməsində xüsusi fəallıq göstərmiş və quldur dəstəsinə rəhbərlik etmiş keçmiş prezident Robert Köçəryan, indiki prezident Serj Sarkisyan, onun beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalarla ortaq olan "Saşik" ləqəbli qardaşı və digərləri narkotik maddələrin daşınmasında Dağlıq Qarabağdan tranzit kimi istifadə etməklə böyük biznes qurublar. Birbaşa onların və nümayəndələrinin rəhbərliyi və bilavasitə təşkilatçılığı ilə Əfqanıstandan daşınan heroin İran ərazisindən keçməklə birbaşa Dağlıq Qarabağa, oradan isə İrəvana çatdırılır. Daha sonra yük hava və quru yolu ilə Avropa və Yaxın Şərq ölkələrinə ötürülür.
Daha bir təhlükəli məqam isə narkotik maddələrin dövriyyəsindən əldə olunan gəlirlərin harada istifadə olunmasıdır. Araşdırmalar göstərir ki, həmin o qanunsuz dövriyyədən əldə olunan gəlirlər separatizmin, terrorizmin daha da geniş miqyasda yayılmasına xidmət göstərir. Bu səbəbdən də tək Azərbaycan deyil, qonşu dövlətlər, eləcə də beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti narahatlığını ifadə edərək bu istiqamətdə daha ciddi tədbirlər həyata keçirməlidir. Artıq məlum həqiqətdir ki, Dağlıq Qarabağ ərazisindən daşınan narkotiklərdən əldə edilən gəlirin bir hissəsi işğalçı dövlətin silahlı qüvvələrinin saxlanmasına, silah və ərzaqla təchizatına sərf edilir. Belə vəziyyət, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini də əngəlləyir. Çünki indiki Ermənistan rəhbərliyi ilk olaraq işğal altındakı ərazilərdə qurulan cinayətkar mahiyyətə malik biznesini itirmək istəmir. Digər tərəfdən narkotik satışından əldə olunan pullar son nəticədə həm də zəbt olunmuş ərazilərdə yaradılan separatçı rejimin ayaqda qalmasına sərf olunur.
Qeyd olunduğu kimi, təhdid yaradan daha bir məqam, narkotiklərlə yanaşı, ermənilərin zəbt olunmuş ərazilərdə terrorçu qüvvələr cəmləşdirməsidir. Əslində, məhz ermənilərin sayəsində işğal altındakı ərazilər terrorçular üçün çox cəlbedici məkanlardan birinə çevrilib. Məsələn, sirr deyil ki, ermənilərin sayəsində PKK terror təşkilatının təmsilçiləri vaxtaşırı Qarabağa gəlir. Dəfələrlə olub ki, PKK yaraqlıları Qəndil dağından Ağrı dağına doğru hərəkət edib və buradan da Ermənistana keçiblər. Onların sonrakı marşrutları isə məhz Qarabağ olub. PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə getdikləri haqda da müxtəlif vaxtlarda məlumatlar yayılıb. Bundan başqa, PKK-nın Suriya qanadı olan PYD-nin tərkibindən erməni əsilli terrorçular da vaxtaşırı işğal olunmuş Azərbaycan ərazilərinə gəlir. Terrorçu-separatçı "Sadval" təşkilatı üzvlərinin də vaxtaşırı Qarabağda peyda olduqları birmənalı həqiqətdir. Onların əsas himayədarları qismində isə məhz Ermənistan xüsusi xidmət orqanları çıxış edir. Ümumiyyətlə, məhz erməni xüsusi xidmət orqanları hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışmaqla onların Qarabağa gətirilməsi istiqamətində də geniş fəaliyyət göstəriblər. "Daşnaksutyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər terror təşkilatları fəallarının işğal olunmuş ərazilərdə müxtəlif vaxtlarda toplanması da bunun sübutudur. Elə indinin özündə də erməni tərəfi bu fəaliyyətini davam etdirir.
Bütün bunlar zəbt olunmuş torpaqların terrorçular üçün cəlbediciliyini daha da artırır. Ən əsas amillərdən biri odur ki, əraziyə gələn terrorçular burada həm reabilitasiya keçir, həm də hazırlıqlarını artırırlar. Bununla onlar daha böyük təhlükə mənbəyinə çevrilirlər. Amma ən böyük təhlükə terrorçuların burada fəaliyyətinə şərait yaradan Ermənistan və onun hələ də davam etdirdiyi işğal siyasətidir. Göründüyü kimi, bu siyasət təkcə Azərbaycan yox, bütün region, Qərb, MDB ölkələri üçün də böyük təhlükəyə çevrilib. Bu mənada yaranan təhdidlərin miqyası vaxtaşırı olaraq Azərbaycan tərəfindən dünya ictimaiyyətinin, müvafiq beynəlxalq təşkilatların, dövlətlərin diqqətinə çatdırılır. İndi dünya ictimaiyyəti də buna qarşı qətiyyətli tədbirlər görməlidir. Əks halda Qarabağda ermənilərin həyata keçirdiyi fəaliyyət, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, dünyanın özünə də ciddi təhlükələr yaradır. Çünki buradan narkotik, terror təhdidi kifayət qədər geniş coğrafiyaya yayılır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.