"Digər həmsədrlərdən fərqli, daha konkret yanaşma ortaya qoymaqla problemin həllinə ciddi töhfə verə bilər"
Ermənistan prezidenti Serj Sarkisyan Rusiyada rusiyalı hamkarı Vladimir Putinlə görüşüb. Görüşün əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar olub.
Vladimir Putin Ermənistan prezidenti Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib ki, Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırılıb:
"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir".
Qeyd edək ki, bir müddət əvvəl Fransada səfərdə olan zaman İlham Əliyevlə görüşən Fransua Olland da oxşar bəyanatla çıxış edib. Həmsədr ölkənin başçısı kimi Olland da iki ölkə başçısı arasında aparılan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdıqlarını bildirib. Göründüyü kimi, Minsk Qrupunun iki həmsədr ölkəsinin başçısı Dağlıq Qarabağla bağlı danışıqlara xüsusi önəm verdiklərini açıqladı. Digər həmsədr ABŞ-dan bu anlarda hansı gözləntilər ola bilər?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, həmsədr ölkələr uzun illərdi eyni mövqeyi bölüşür: "Biz növbətçi bəyanatları çox eşidirik. Yaxşı olar ki, konkret hərəkətə keçilsin. Həmsədrlər daim Dağlıq Qarabağ mövzusuna böyük diqqət ayırdıqlarını bildirirlər. Ancaq gəlin real situasiyaya fikir verək. Hazırda Ermənistan müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınır. Ancaq hansısa təzyiq mexanizmini işə salıb onu kompromisə vadar etmirlər. Həmsədrlər bununla bağlı ciddi addımlar ata bilər. Təəssüf ki, uzun illərdi biz yalnız təsirsiz bəyanatları görürük. İstənilən halda, həmsədr ölkələrin başçılarının bu problemlə bağlı müzakirələrə xüsusi önəm verməsi təqdirəlayiqdir. ABŞ həmsədr olaraq fərqli nəsə söyləməyəcək. Ancaq ABŞ-dan gözləntilərimiz daha çoxdu. Çünki yeni formalaşan administrasiya Ermənistanla bağlı sərt mövqe ortaya qoya bilər. Rusiya problemin həllinə təsir imkanları daha böyük olan ölkədir. Təəssüf ki, biz bu istiqamətdə əməli nəticə görmürük. ABŞ dünyanın alternativ güc mərkəzidir. Digər həmsədrlərdən fərqli, daha konkret yanaşma ortaya qoymaqla problemin həllinə ciddi töhfə verə bilər".
Məhəmmədəli QƏRİBLİ